Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3081/2023 17.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə clasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia (dəqiqləşdirilmiş tələblə) qaldıraraq xx.xx.2022-ci il tarixli 12230 №-li podrat müqaviləsinə əsasən ödənilmiş 9000 manat məbləğində vəsaitin, 289,45 manat məbləğində gecikdirmə faizinin, hüquqi yardım üçün ödədiyi 200 manat məbləğində vəsaitin və 112,90 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə xx.xx.2022-ci il tarixində 12230 №-li podrat müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən İddiaçı sifarişçi, Cavabdeh MMC isə podratçı qismində çıxış edir. Müqavilənin 1.2-ci, 2.4.1-ci və 2.2.2-ci bəndlərinə əsasən podrtaçı (cavabdeh) müqavilənin əlavəsində müəyyən olunan işi özünün vəsaiti hesabına cəlb edilən işçi qüvvəsi, alınmış material və avadanlıqlarla 23 oktyabr 2022-ci il tarixindən 28 fevral 2023-cü il tarixinədək müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirmək və işləri qəbul üçün tam hazır vəziyyətdə sifarişçiyə (iddiaçıya) təhvil vermək öhdəliyi daşıyır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən onun ayrılmaz tərkib hissəsi sayılan “Sərbəst qiymətlərin razılaşdırılması protokolu”na əsasən podratçının yerinə yetirməli olduğu işlərin ümumi dəyəri 9000 manat təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən “sifarişçi ödənişi 36 ay müddətində ödəyəcək ”. Tərəfimndən xx.xx.2022-ci ildə 000038 N°-li kassa məxaric orderi ilə cavabdeh tərəfindən təsdiq edilən 1000 manat və xx.xx.2022-ci ildə 000040 N°-li kassa məxaric orderi ilə cavabdeh tərəfindən təsdiq edilən 8000 manat olmaqla, cəmi 9000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan əlavədə podratçının (cavabdehin) yerinə yetirməli olduğu işlərin siyahısı göstərilmişdir. Podratçı (cavabdeh) həmin siyahı üzrə 2-ci və 3-cü mərhələ qismində qeyd olunan işləri ümumiyyətlə görməmişdir, yalnız 1-ci mərhələ kimi nəzərdə tutulan işlərdən 1.2-ci bəndə aid işlər (divarlar mayak: Ağdağ və ya Giper) natamam yerinə yetirilmişdir. Yenə 1.1, 1.3 və 1.4-cü bəndlər üzrə işlər ümumiyyətlə yerinə yetirilməmişdir. Belə ki, həmin bəndlərin qarşısında işlərin görüləcəyi materialın əmtəə nişanları (markaları) razılaşdırılmışdır. Lakin podratçının 1.2-ci bənd üzrə yerinə yetirdiyi işlərdə istifadə etdiyi materiallar “Ağdağ” və ya “Giper” markası üzrə aparılmamışdır. Bu halda müqavilə tərəfi kimi sifarişçi (iddiaçı) öhdəliyin lazımınca icra edilməməsi qaydalarına deyil, öhdəliyin ümumiyyətlə icra edilməməsi qaydalarına baş vurmuşdur. Belə ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda iddiaçı həyata keçirilmiş bütün ödənişi (9000 manat) cavabdehdən tələb etmişdir. Podratçı müqavilədə razılaşdırılmış podratın nəticəsini deyil, başqa podrat nəticəsi təqdim etmişdir və buna görə də sifarişçi həmin icranı ümumiyyətlə qəbul etməmiş və aluid (müqavilədə nəzərdə tutulandan ayrı icra) qaydalarına müraciət etmişdir. İddiaçı müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmir. Öhdəliyin lazımınca icra edilmədiyi halda həmin öhdəliyi tələb etmək hüququna malik kreditor əgər lazımınca edilmiş hissə qəbul edilməyə əlverişlidirsə icra edilmiş hissədə öhdəliyin qəbulundan imtina edə bilməz, lakin əgər öhdəliyin icrası aluid (nəzərdə tutulan icranın əvəzinə başqa icra) meydana gətirirsə kreditor onu qəbul edibetməməkdə sərbəstdir. Hazırkı işin halları baxımından öhdəliyin aluidindən söhbət getdiyi üçün iddiaçı nəzərdə tutulandan ayrı icranı qəbul etməməkdə haqlıdır. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Cavabdeh MMC xx.xx.2021-ci il tarixdə ********** VÖEN-lə dövlət qeydiyyatına alımşdır, qanuni təmsilçisi X5r (Azərbaycan Respublikasının İsqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatı). Məhkəmə elektron sistemindən əldə edilmiş məlumatdan MMC-nin fəaliyyətini dayandırdığı görünür. İddiaçı (sifarişçi qismində) Cavabdeh MMC (podratçı qismində) ilə xx.xx.2022-ci il tarixli 12230 №-li podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh müqavilənin əlavəsində müəyyən olunan işi özünün vəsaiti hesabına cəlb edilən işçi qüvvəsi, alınmış material və avadanlıqlarla xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirmək və işləri qəbul üçün tam hazır vəziyyətdə iddiaçıya təhvil vermək öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilənin əlavələrinə əsasən təmir işinin üç mərhələdə görülməsi, podratçının yerinə yetirməli olduğu işlərin ümumi dəyərinin 30000 manat məbləğində olacağı əksini tapmışdır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə, yəni müqavilə bağlanan gün, 1000 manat və xx.xx.2022-ci il tarixdə 8000 manat avans ödənilmişdir (000038 və 000040 №-li kassa məxaric orderləri). İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə MMC-nin hüquqi ünvanına göndərilmiş pretenziya «bu ünvanda belə bir şirkət yoxdur» qeydi ilə geri qaytarılmışdır. Həmin pretenziya məktubudna iddiaçı ödədiyi 9000 manatı cavabdeh tərəfindən işlərin görülməməsi səbəbindən geri istəmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 qeyd etmişdir ki, iddiaçı ilə aralarında şifahi podrat müqaviləsi bağlanmış, 2023-cü ilin fevral ayının əvvəlində işə başlamış, ona qədər evdə təxminən 2000 manatlıq mala işlər görülmüş, lakin həmin işlər qüsurlu olmuş, onun gətirdiyi briqada tərfindən həmin mala işləri yenidən görülmüşdür. Onun tərəfindən başlanan təmir işləri artıq sona çatmış, o, mənzili sifarişçiyə təhvil vermişdir. Təmir işləri 50000 manata başa gəlmişdir. Həmin təmir işlərinin 30000 manat qiymətləndirilməsi real deyil. Məhkəmə iclasında həmin mənzildə təmir işlərini həyata keçirdən ustalardan biri, şahid qismində ifadə verən X4 eyni ifadə vermişdir. Məhkəməyə təqdim edilmiş videogörüntülərdən mənzilin tam təmirsiz vəziyyətində işlərin başlanılması görünür. Şahidlər həmin videogörüntülərin onlar tərəfindən işə başlanılan zaman çəkilidiyini təsdiq etmişdilər. Cavabdehin işitrakını təmin etmək məqsədilə məhkəmə tərəfindən üç hazırlıq iclası keçirilmiş, lakin cavabdeh MMC səlahiyyətli nümaynədəsinin iştiarkını təmin etməmiş, iddiaya qarşı etiraz verməmiş, iddiaçının dəlillərini təkzib edən sənədlər, sübutlar məhkəməyə təqdim etməmiş, məhkəmə də bu susma mövqeyini iddianın cavabdeh tərəfindən etirafı kimi qəbul etmişdir. Hazırda iddiaçı cavabdehdən 9000 manat məbləğində vəsaitin, 289,45 manat məbləğində gecikdirmə faizinin rüsumunun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdeh “A-Zirvə İnşaat" MMC ilə podrat müqaviləsi bağlamışdır, “A-Zirvə İnşaat" MMC iddiaçı tərəfindən ödənilən pul vəsaiti təmirin bir hissəsinə yönəldilmiş, həmin işlər qüsurlu icra edilmiş və yenidən görülmüş, təmir faktiki başlanılmamış qalmış, lakin iddiaçı tərəfindən avans şəklində 9000 manat ödənilmiş və iddiaçı haqlı olaraq həmin pulu tələb edir. Odur ki, məhkəmə hesab edir ki, 9000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı eyni zamanda Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 289,45 manat məbləğində gecikdirmə faizini istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır, 445.7ci maddəsinin tələblərinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə iddiaçının aşağıdakı hesablaması ilə razılaşır və hesab edir ki, həmin məbləğ də cavabdehdə iddiaçının xeyrinə tutulmalıdır: 1000 manat məbləğin 241 gün ərzində (xx.xx.2022-xx.xx.2023-ci il), 8000 manat məbləğin 234 gün ərzində (xx.xx.2022-xx.xx.2023-ci il) gecikməsi nəzərə alınmaqla, 1000 manat x 5% : 365 gün = 33,01 manat, 8000 manat x 365 gün : 365 manat = 256,44 manat, 256,44 manat + 33,01 manat = 289,45 manat. İddiaçı eyni zamanda hüquqi yardım üçün ödədiyi 200 manat məbləğində vəsaitin və 112,90 manat dövlət rüsumunun cavabdehdən tutulmasını istəyir. Həmin vəsaitin ödənilməsini təsdiq edən ödəniş qəbzi məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğlər də cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarına və təqdim edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli 12230 №-li podrat müqaviləsinə əsasən ödənilmiş 9000 manat məbləğində vəsait, 289,45 manat məbləğində gecikdirmə faizi, hüquqi yardım üçün ödənilmiş 200 manat məbləğində vəsait və 112,90 manat dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli 12230 №-li podrat müqaviləsinə əsasən ödənilmiş 9000 manat məbləğində vəsait, 289,45 manat məbləğində gecikdirmə faizi, hüquqi yardım üçün ödənilmiş 200 manat məbləğində vəsait və 112,90 manat dövlət rüsumu Cavabdeh MMCdən İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-3081/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3081/2023
17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver