Məhkəmə qərarları › İş №e-2(008)-3116/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3116/2023

14.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3116/2023 14.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı, Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 11, 9 nömrəli mənzildən istifadə hüququna xitam verilməklə, mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, 2018-ci ildə qohumu olan Cavabdeh Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 11, 9 nömrəli mənzilə qeydiyyata aldırmışdır. Onunla cavadeh arasında mülkiyyətində olan mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən hər-hansı bir yazılı razılaşma olmayıb. Bu səbəbdən də cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Son vaxtlar cavabdeh arvadından boşanaraq, başqa bir qadınla nikah bağlamaq istəyir. Bu səbəbdən iddiaçının evində tez-tez münaqişələr baş verir. Cavabdeh bir neçə dəfə ona bildirmişdir ki, əgər ikinci nikahdan uşağı olarsa, onu da yaşadığı yer üzrə qeydiyyata aldıracaq və iddiaçı ona mane ola bilməyəcək. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırlımış cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə olunmuş, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışdan görünür ki, Sabunçu Rayon, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 11, mənzil 9 mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2044 nömrəli reyestr kitabının 188342 nömrəsi ilə vərəqində qeydiyyata alınmışdır. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 11, 9 nömrəli mənzildə qeydiyyatda olaraq, yaşamasını əsas gətirərək, onun istifadə hüququna xitam verilərək mənzildən çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarına uyğun olaraq, həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Beləliklə Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh 2018-ci il tarixində mənzilə qeydiyyata alındığından, mübahisənin hüquqi əsasını xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-cü maddəsi təşkil edir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi Cavabdeh Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 11, 9 nömrəli mənzilə qeydiyyatı ilə bağlı iddiaçı ilə aralarında heç bir müqavilə bağlanmamış və bu müqavilə notarial qaydada təstiqlənməmiş nə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamışdır. Yəni cavabdehin Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 11, 9 nömrəli mənzildən istifadə hüququ yaranmamışdır. Belə olan halda məhkəmə yaranmayan hüquqa xitam verə bilməz. Bu hissədə iddia rədd edilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, mövcud olmayan hüququn xitamı mümkün deyildir. Eyni zamanda məhkəmə iddia ərizəsinin cavabdehin həmin mənzildən çıxarılması ilə bağlı hissəsinə fikir bildirərək, qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 11, 9 nömrəli mənzilə istifadə hüququ yaranmadığından, onun həmin mənzildən qalması, mənzildən istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Həmçinin mübahisəli mənzil hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən istifadə edilir. İddiaçı mülkiyyətçi olmaqla, həmin mənzildən istifadə edə bilmir, bu məsələdə maneə ilə üzləşir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Göründüyü kimi, İddiaçı mənzilə dair hüquqları (sahiblik, istifadə) işin mübahisəsiz halını təşkil edir. Belə ki, onun müvafiq mənzildə yaşamsı üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mənzildə yaşaması iddiaçının hüquqlarını pozur. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, cavabdeh mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 11, 9 nömrəli mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu cavabdehdən tutularaq, İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar