Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3204/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi cəlb olunmaqla “pul vəsaitinin aliment kimi hesablanması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi cəlb olunmaqla “pul vəsaitinin aliment kimi hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilmiş 40.000 (qırx min) manat pul vəsaitinin uşaqları xx.xx.2012-ci il təvəlüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanmaları üçün aliment kimi hesablanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3340/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında olan nikahın pozulmuş və övladları xx.xx.2012-ci il təvəlüdlü X1 və xx.xx.2014-cü il təvəlüdlü X2 18 yaşına çatanadək saxlanmaları üçün Cavabdeh ödənilməsi üçün aliment təyin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4685/2020 saylı qətnaməsi ilə aliment məbləği artırılmış, hər uşağa 170 manat olmaqla, cəmi 340 manat pul məbləği təyin olunmuş və həmin qətnamənin icrası xx.xx.2020-cı il tarixdə icra məmuru Şəhram Şəmmədlinin icratına verilmişdir. Məhkəmə qətnaməsinə əsasən aylıq aliment ödənişləri 2020-ci ilin noyabr ayına qədər hər ay yerinə yetirmişdir. Aliment məbləği artırıldıqdan sonra cavabdehlə danışaraq hər ay aliment ödənişlərini ödəmək əvəzinə, uşaqların 18 yaşına çatanadək saxlanmaları üçün aliment məbləğini tam ödəməyi barədə razılığa gəlmişlər. Cavabdehlə razılıqları ondan ibarət olmuşdur ki, uşaqların saxlanmaları üçün cavabdeh əmlak alınmağını və həmin əmlakın bir hissəsinin pulunu onun verməyini, yəni ev alaraq aliment məbləğini ödəməyini bildirmişdir. Qanunvericliyin tələbinə görə alimet məbləğini əmlak şəklində və digər üsullarla ödənilməsi hüququ olduğunu öyrəndikdən sonra, uşaqların həm Bakı şəhərinə evi olacağını, həm də alimet məbləğinin ödəniləcəyini hesab edərək xx.xx.2020-ci il tarixdə cavabdehin bank hesabına 40.000 manat pul köçürmüşdür. Bundan sonra bank qəbzini icra məmuruna təqdim edərək, alimentin tam ödənildiyini icra məmuruna bildirmiş və icra məmuru qəbzi işə əlavə etmişdir. Həmin vaxtdan ondan alimentlə bağlı pul tələb edilməmişdir. Cavabdehlə aralarında alimentin tam ödənilməsi ilə bağlı razılıq olsa da, əmək haqqı aldıqda övladları üçün könüllü olaraq müxtəlif vaxtlarda ödəniş edərək, cavabdehə ümumilikdə təxminən 5000-6000 manat ödəniş də etmişdir. Onu da qeyd edir ki, üç il ərzində ona aliment borcu ilə əlaqədar icra məmuru tərəfindən heç bir bildiriş və ya tələb də irəli sürülməmişdir. Bu müddət ərzində cavabdehlə aralarında alimentlə bağlı hər hansı bir narazılıq da olmamışdır. xx.xx.2023-cü il tarixdə Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru onu şöbəyə dəvət etmiş və bildirmişdir ki, 3 ilə yaxın müddətdir ki, aliment ödənilmir və cavabdeh bununla bağlı şikayət etmişdir. Tərəfindən son 3 il ərzində könüllü olaraq cavabdehin kart hesabına göndərdiyi vəsaitləri də iş materiallarına əlavə etmişdir. Bundan başqa icra məmuruna yuxarıda qeyd etdikləri barədə məlumat vermiş və cavabdehi dəvət edərək ona verilən pulu təsdiq etməsini xahiş etmişdir. Hesab edir ki, Cavabdeh verdiyi 40.000 manat vəsait aliment ödənişi kimi təsdiq edilməlidir. Cavabdehlə nikahları pozulduqdan 5 il sonra övladlarının saxlanmaları üçün ödədiy 40.000 manat vəsaitindən 3 ilə yaxın müddət istifadə etdikdən sonra hazırda ondan aliment pulu tələb edilir. Hesab edir ki, alimenti mənzil alınması üsulu ilə razılaşaraq cavabdehə ödədiyi 40.000 manat vəsaitin uşaqların saxlanılması üçün verilmiş aliment kimi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən, iddiaçı iddianın təmin olunması barədə qətnaməsi qəbul edilməsini məhkəmədən xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq iddiaçı cavabdehin həmin pula ev aldığını, lakin həmin evdə yaşamadıqlarını bildirdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddiaya etiraz edərək izahatında bildirmişdir ki, İddiaçılə 2011-ci ildə ailə həyatı qurmuşlar. İkinci uşağa hamilə olarkən onun həyatında başqa qadın olduğunu öyrənmişdir. 2015-ci ildə boşanmışlar. Təkbaşına çətinliklə uşaqları saxlayır. İki uşağın ehtiyacını qarşılamaq çox çətindir. İddiaçı alimenti ödəmək istəmir, hər dəfə icraçı vasitəsilə alimenti ödəmişdir. 2020-ci ilə qədər iddiaçının uşaqlarından xəbəri olmamışdır. 2020-ci ildə inzibati həbs olunmamaq üçün iddiaçı evi satmaq qərarına gəlmişdir. Yaşadıqları evi 150.000 manata satmış, uşaqlara ev almaq üçün ona cəmi 40.000 manat pul vermişdir. Sonrakı dövrlərdə iddiaçının həmin pulu alimentə yönəltmək ehtimalının olacağını bildiyinə görə, pulu verəndə bankda “pul ev almaq üçün verilmişdir” yazısını qəbzə yazdırmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin nümayəndəsi, icra məmuru X3 izahatında bildirmişdir ki, icra işi üzrə borclu İddiaçı ona yaxınlaşaraq, 40.000 manat puldan alimentə olan 8000 manat borcunu əvəzləşdirmək istədiyini bildirmişdir. O da bu məqsədlə iş üzrə tələbkar Cavabdeh icra şöbəsinə çağırmışdır. Tələbkar ona həmin pulun alimentə aidiyyətinin olmadığını bildirərək, ona qəbz təqdim etmişdir. Qəbzdə qeyd olunmuşdur ki, həmin pul ev almaq məqsədilə verilmişdir. O da İddiaçı bildirmişdir ki, ortada qəbz olduğuna görə, heç bir köməklik göstərə bilməz, yaxşı olar ki, bu barədə məhkəməyə müraciət etsin. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Ağdam rayon icra və probasiya şöbəsinin icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4685/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmişdir. - xx.xx.2020-ci il tarixli BM**********58 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh bank hesabına “ev almaq məqsədilə” təyinatı olan 40.000 manat pul vəsaiti köçürülmüşdür. - Cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4685/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə İddiaçı xx.xx.2023-cü il tarixindək aliment borcu 6941 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən, aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. Həmin Məcəllənin 98-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları həmin sazişdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə, sabit pul məbləğində müntəzəm ödəməklə, sabit pul məbləğində birdəfəlik ödəməklə, əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər. Aliment ödənilməsi barədə sazişdə aliment ödənilməsinin müxtəlif üsulları nəzərdə tutula bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, xarici ölkəyə daimi yaşamaq üçün gedən şəxs bu Məcəllənin 94, 97 və 98-ci maddələrinə uyğun olaraq qanunla saxlamağa borclu olduğu ailə üzvləri ilə aliment ödənilməsi barədə saziş bağlaya bilər. Aliment ödənilməsi barədə saziş olmadıqda maraqlı şəxslər məhkəməyə müraciət edərək aliment miqdarını sabit pul məbləğində müəyyən etməklə, onun birdəfəlik üsul ilə ödənilməsini və ya alimentin əvəzinə müəyyən əmlak verilməsini, yaxud alimentin sair üsulla ödənilməsini tələb edə bilərlər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən ev almaq məqsədilə cavabdehin hesabına bank vasitəsilə 40.000 manat pul vəsaiti köçürülmüşdür. xx.xx.2020-ci il tarixli BM**********58 nömrəli mədaxil qəbzinin surətindən də görünür ki, İddiaçı tərəfindən Cavabdeh bank hesabına məhz “ev almaq məqsədilə” təyinatı olan 40.000 manat pul vəsaiti köçürülmüşdür. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının həmin pulu alimentə yönəltmək ehtimalının olacağını bildiyinə görə, pulu verən zaman qəbzə pulun ev almaq məqsədilə verildiyini yazdırdığını bildirmişdir. Yəni tərəflər arasında alimentin əvəzinə, əmlakın verilməsinə dair qarşılıqlı razılaşma olmamışdır. İddiaçı özü də cavabdehin həmin pula ev aldığını inkar etmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olmadığından, təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, yetkinlik yaşına çatmayan övladından ayrı yaşayan valideyn onun saxlanılması (bu məqsədlə aliment ödənilməsi) öhdəliyi daşıdığı kimi, övladını yaşayış yeri ilə təmin etmək vəzifəsi də daşıyır. Ona görə də, tərəflərin qarşılıqlı razılığı olmadığı halda, bu iki öhdəlik qarşılaşdırıla, yaxud əvəzləşdirilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul vəsaitinin aliment kimi hesablanması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-3204/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3204/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver