Məhkəmə qərarları › İş №e-2(008)-3229/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3229/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3229/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X1 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 48.70 manat məbləğində əsas borc, 57.99 manat məbləğində faiz borcu,cəmi 106.69 manat məbləğində pul vəsatinin, həmçinin 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ASC-yə ödəniş kartlarının hazırlanmasına və verilməsinə dair ərizə ilə müraciət etmişdir. Bu ərizə əsasında bank cavabdehə MasterCard WBlack Edition PP növlü AZN valyutasında ödəniş kartı təqdim etmişdir. Cavabdeh 547453**3336 saylı kartı müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. xx.xx.2022-ci il tarixdən etibarən yaranan texniki xəta səbəbindən hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə cavabdeh 48.70 AZN məbləğində banka məxsus pul vəsaitinı istifadə etmişdir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 48.70 AZN məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Banka məxsus qeyd olunan 48.70 AZN məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə xx.xx.2025-ci il tarixə onun banka 48.70 AZN məbləğində əsas, 57.99 AZN məbləğində faiz borc olmaqla, cəmi 106.69 AZN məbləğində borcu yaranmışdır. Kompleks Bank Xidməti Müqaviləsinin 2.30-cu bəndinə görəTexniki overdraft - ödəniş və\və ya əməliyyatlar üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borcdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli №1657443 nömrəli kompleks bank xidməti müqaviləsi üzrə 48.70 manat əsas (overdraft nəticəsində yaranan borc), 57.99 manat faiz, cəmi 106.69 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq bildirişinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli №1657443 nömrəli kompleks bank xidməti müqaviləsinin 5.16.5-ci bəndinə əsasən kart sahibi və ya Kart istifadəçisi kartdan istifadə etməklə yalnız hesabdakı qalıq pul vəsaitləri həcmində əməliyyatlar həyata keçirməli, hesab üzrə overdrafta yol verilməməlidir. Texniki overdraft yaranarsa, həmin vəsaitə texniki overdraftın yarandığı tarixin 6-cı günündən etibarən Bank tərəfindən illik 42% olmaqla faiz hesablanır. Qeyd olunan faizlərin hesablanması limitdən artıq vəsaitin istifadə olunduğu halda tətbiq olunur. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli №1657443 nömrəli kompleks bank xidməti müqaviləsinə əsasən əsasən 48.70 manat məbləğində əsas borc, 57.99 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 106.69 manat məbləğində borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 106.69 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli №1657443 nömrəli kompleks bank xidməti müqaviləsinə əsasən əsasən 48.70 manat məbləğində əsas borc, 57.99 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 106.69 manat məbləğində borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar