Məhkəmə qərarları › İş №e-2(008)-329/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-329/2025

03.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-329/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Cavabdeh1nə qarşı "servitut hüququ" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Cavabdeh1nə qarşı "servitut hüququ" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh, Zağulba şossesində 0.0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət 8 nömrəli fərdi yaşayış evinə giriş-çıxışın təmin edilməsi üçün həmin bağ sahəsindən ictimai yola qədər məsafədə cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mülkiyyətində olan Zaqulba sanatoriyasının eni 5 m, uzunluğu 213 m olan piyada və avtomobil yolunun təqdim edilməsi və həmin yola iddiaçının xeyrinə servitut təyin edilməsi, təyin edilən servitutun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh, Zağulba şossesində 0.0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət 8 nömrəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Lakin iddiaçı uzun illər ölkə xaricində yaşadığı üçün bu haldan istifadə edərək qonşusu Qazıyeva Anaqız darvaza qoyaraq iddiaçının bağına gedən yolu bağlamışdır. Bununla bağlı iddiaçı tərəfindən Sabunçu Rayon Məhkəməsində iddia qaldımış darvazanın sökülərək torpaq sahəsinə yol açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Məhkəmənin qərarı ilə qətnamə qüvvədə saxlanılmışdır. Hər iki məhkəmə qərarında iddiaçıya servitutdan istifadə etmək hüququnun olduğu izah edilmişdir. Hal-hazırda iddiaçı mülkiyyətində olan bağ sahəsinin ərazisinə daxil ola bilmir, bağ sahəsinə birbaşa girişi yoxdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş ekspert rəyindən və məhkəmə qərarlarından müəyyən olunur ki, mübahisəli bağ sahəsinə giriş-çıxış yoxdur, bir tərəfi Rusiya Federasiyasının Bakıdakı Səfirliyinin istifadəsində olan torpaq sahəsi bir tərəfi cavabdehin mülkiyyətində olan Zaqulba sanatoriyası, bir tərəfi Anaqız Qazıyevanın mülkiyyətində olan torpaq sahəsi bir tərəfi isə dənizlə əhatə olunub. Qonşular icazə vermədiyinə görə məntiqlə düşünsək, iddiaçı öz bağ sahəsinə yalnız dəniz vasitəsi ilə daxil ola bilər. Əlbəttə ki bu absurd haldır, iddiaçı öz mülkiyyətində olan əmlaka maneəsiz daxil olmalıdır, bu onun konstitusion hüququdur. Ona görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının mülkiyyətində olan əmlaka ən rahat və tənasübsüz xərc tələb edilmədən daxil olmaq üçün cavabdehin mülkiyyətində olan Zaqulba Sanatoriyasından keçidin verilməsi mümkündür. Belə ki, iş materiallarına əlavə edilmiş peyk görüntülərindən müəyyən edilir ki, iddiaçının öz bağ sahəsinə girişi yoxdur, ona cavabdehin mülkiyyətində olan ərazidən 212 metr uzunluqda və eni 5 metr olan avtomobil və piyada keçidi verilməlidir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri. Sabunçu rayonu, Bilgəh, Zağulba şossesində 0.0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.ın yaşayış sahəsindən ibarət 8 nömrəli tərdi yaşayış evinə giriş-çıxışın təmin edilməsi üçün həmin bağ sahəsindən ictimai yola qədər məsafədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mülkiyyətində olan Zaqulba sanatoriyasının ərazisindən eni 5 m olan avtomobil və piyada yolunun təqdim edilməsi, həmin yola iddiaçının xeyrinə servitut təyin edilməsi, təyin edilən servitutun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddianın iddia tələbinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, servitut tələb edilən sahə dövlət mülkiyyətindədir. Gələcəkdə həmin ərazini özəlləşdirilməsi mümkün olmayacaqdır və müstəqil ekspert rəyi ilə qərar çıxarılmamalıdır. Yenidən ekspertiza təyin edilsə, bu dəfə rəy veriləcəkdir. Məhkəmə iclasında cavabdeh kimi cəlb edilmiş Cavabdeh1 nümayəndəsi X5 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, servitut istənilən sahə əvvəl xüsusi mülkiyyətdə olub, sonradan xüsusi qorunan sahə olduğuna görə dövlət tərəfindən alınmışdır. Əgər qətnamə təmin edilsə, gələcəkdə həmin əmlakı özəlləşdirə bilmiyəcəklər. İddia əsasızdır, rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Bilgəh, Zaqulba şosessində istifadəsində olan 0,0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24 kv.m yaşıyış sahəsindən ibarət 8 nömrəli fərdi yaşıyış evi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyetr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Sabunçu Rayon Məhkəməsinin 2(008)-401/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan Bilgəh qəsəbəsi, Zaqulba şossesi 8 nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə gedən yol üzərində Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində ünvanda yerləşən 6 saylı fərdi yaşayış evinin mülkiyyətçisi X6 tərəfindən inşa etdirilmiş darvaza və hasarın sökülməklə Bilgəh qəsəbəsi, Zaqulba şossesi 8 nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə yol açılması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-116/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-401/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh X3 qarşı “darvazanın və hasarın sökülməsi” tələbinə dair iddiasının təmin edilməməsi, apellyatorlarun ödədiyi dövlət rüsumunun onun özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pulun İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3645/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-116/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şossesində yerləşən Zaqulba sanatoriyası dövlət mülkiyyətindədir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs. Züculba prospekti 194-də yerləşən (Zaqulba sanatoriyası) xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin adına adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasg Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasg Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, qərardadla ekspert qarşısından qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislər tərəfindən mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi üçün zəruri olduğundan bu barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət verilmiş, verildiyi vaxtdan 1 aydan artıq müddət keçməsinə baxmayaraq mütəxəssislər tərəfindən tərtib edilməli olan müvafiq materiallar Mərkəzə təqdim olunmamışdır. Buna görə də hazırki ekspertizanın aparılmasından imtina edərək iş üzrə materiallar icrasız geri qaytarılır. - Hüquq Torpaq məsələləri və Ekspertiza Mərkəzi MMC-nin 62 №li xx.xx.2025-ci il tarixli rəyindən görünür ki,

1. iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bigəh qəsəbəsi, Zağulba şossesində 0,0072 ha torpaq sahəsində yerləşən 1 nərtəbəli, 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət 8 nömrəli fərdi yaşayış evinə yolun olması baza məlumatlarına əsasən müəyyən etmək mümkün olmadı. Bağın naturada yerləşmə vəziyyətinə əsasən bağa gediş-gəliş yolu yoxdur.

2. Google Yer proqramının ortofoto görüntülərində həmin əraziyə yol qeyd edilmişdir. Həmin yol rəyə əlavə edilmiş sxemdə qeyd edilir. İddiaçının iddia etdiyi avtomobil keçidi Google Yer proqramının ortofoto görüntülərinə əsasən boş sahədən və 5 mərtəbəli binaların arasından keçməklə Zağulba sanatoriyasının ümumi giriş-çıxış darvazasından daxil olmaqla iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəlişi təmin etmək olar (sxemdə göstərilən 1 nömrəli yol). Əlavə olaraq nisbətən qısa yol da tərəfimizdən təklif olunur. Həmin, nisbətən qısa yol isə 5 mərtəbəli binaların arasından keçməklə şimala istiqamətlənir və “Xəzri” istirahət mərkəzinə gedən yola çıxır (2 nömrəli yol). Bu halda 4-5 metr enində iddiaçı tərəfindən oraya darvaza qoyulmaq şərti ilə cavabdehin (Zağulba sanatoriyası) daş hasarının darvaza enində sökülməsinə ehtiyac vardır. Bundan əlavə, sxemdə göstərilən 3 nömrəli yol isə özündə piyada yolunu ehtiva edir və bu piyada yolu ilə də iddiaçının mülkiyyətində olan bağ sahəsinə gediş-gəlişi təmin etmək olar. Qeyd olunan 3 yoldan hər iki tərəfin mənafeyinə uyğun və daha az zərər vurulan 1-ci yoldur.

3. İddiaçının tələb etdiyi zəruri keçid cavabdehə məxsus (Zağulba sanatoriyası) torpaq sahəsinə və rəyə əlavə edilmiş sxemə münasibətdə daha əlverişli və daha az zərər vurulmaqla başa gələ bilər.

4. İddiaçının tələbinin təmin olunacağı və keçidin veriləcəyi halda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən, konkret olaraq keçidin verildiyi ərazidən istifadəni mümkünsüz etmir. Eyni zamanda hər iki yoldan piyada keçidi kimi istifadə edilməsi mümkündür. İşin materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron şəhər Ərazi İdarəsi tərəfindən 14 mart 2007-ci il tarixdə ona verilmiş MN seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində olan 0,0072 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24 kvadrat metr yaşayış sahəsindən ibarət 8 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə adına 5 saylı reyestr kitabının 53 saylı vərəqində qeydə alınmış, xüsusi mülkiyyətində olan bağ sahəsinə girişi mümkün deyil, çünki qanunsuz olaraq darvaza qoyularaq, yol hasara alınıb və onun hüquqları kobud surətdə pozulduğundan iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-401/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək, İddiaçı xüsusi mülkiyyətində olan Bilgəh qəsəbəsi, Zaqulba şossesi 8 nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə gedən yol üzərində Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində yerləşən 6 saylı fərdi yaşayış evinin mülkiyyətçisi X6 tərəfindən inşa etdirilmiş darvaza və hasarın sökülməklə Bilgəh qəsəbəsi, Zaqulba şossesi 8 nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə yol açılması qət edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-116/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-401/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X3 qarşı “darvazanın və hasarın sökülməsi” tələbinə dair iddiası təmin edilməmiş, qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3645/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, ərazinin, orda olan bağ evlərinin, Rusiya Səfirliyinin torpaq sahəsinin, onun hasarının, darvazasının, iddiaçının və cavabdehin torpaq sahələrinin, onların arasında olan başqa bir bağ sahəsinin, iddiaçının və Rusiya Səfirliyinin torpaq sahəsinə sanatoriya tərəfdən gedən torpaq yolun fotoşəkillərinə istinadən də hesab etmişdir ki, iddiaçının öz bağına gedibgəlmək üçün istifadə etdiyi yol məhz sanatoriya ərazisindən olan torpaq yol olmuş, Anaqız Qazıyevanın torpaq sahəsi tərəfdən, onun torpaq sahəsi ilə Rusiya Səfirliyinin torpaq sahəsi arasında hər hansı küçə, yol olmamışdır. Buna görə də iddiaçının bağ sahəsinə gediş-gəliş yolu mövcud olmadığına görə, belə bir vəziyyətdə iddiaçıya mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gələ bilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş servitutdan, özgənin sahibliyində olan sahədən zəruri yol və keçiddən istifadə etmək hüququnun olduğu izah edilmişdir. İşin materialları və faktiki araşdırılmış halları ilə müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsinə giriş-çıxış yoxdur, bir tərəfi Rusiya Federasiyasının Bakıdakı Səfirliyinin istifadəsində olan torpaq sahəsi bir tərəfi cavabdehin mülkiyyətində olan Zaqulba sanatoriyası, bir tərəfi Anaqız Qazıyevanın mülkiyyətində olan torpaq sahəsi bir tərəfi isə dənizlə əhatə olunmuşdur. Belə olan halda iddiaçının öz mülkiyyətində olan əmlaka maneəsiz daxil olmalı olması baxımından məhkəmə hesab edir ki, həm faktiki mövcud vəziyyət, həm də yuxarı instansiya məhkəmələrinin müəyyən etdiyi hallar və tövsiyyələri əsasında hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Belə ki, Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyada) onun faydalı təbii xassələrini hasil etməyin, habelə, ondan fayda götrməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir: "Mülkiyyət hüququ, nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmadan, mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə 3-cü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətləridir". Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, qanunvericiliyə görə mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka dair sahiblik, istifadə və sərəncam hüquqları elementlərindən, hissələrindən ibarətdir və bu hüquqların hər hansı birinin həyata keçirilməsi mütləq şəkildə digər hüquqlardan asılıdır. İddiaçı cavabdehə məxsus torpaq sahəsi üzərinə servitut qoyulmasını tələb etdiyindən məhkəmə tərəfindən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək ekspertlər qarşısında iddiaçının mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Zağulba şossesində 0,0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.m yaşayış sahəsindən ibarət 8 nömrəli fərdi yaşayış evinə həm naturada, həm baza məlumatlarına əsasən yol olması və həmin torpaq sahəsinə gediş-gəliş mümkünlüyü, əgər mümkün deyilsə cavabdehə məxsus torpaq sahəsindən hansı istiqamətdə, hansı qaydada avtomobil keçidinin verilməsi məqsədəuyğunluğu, iddiaçının tələb etdiyi zəruri keçid hansı qonşu torpaq sahəsinə münasibətdə daha yolverilən və daha az zərər vurulmaqla başa gələ bilməsi, iddiaçının tələbinin təmin olunacağı və keçidin veriləcəyi halda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən, konkret olaraq keçidin verildiyi ərazidən istifadəsini mümkünsüz edib etməməsi kimi suallar qoyulmuşdur. Lakin iddiaçı tərəfin ərizələrindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislər tərəfindən mütəxəssis rəyi və onun da əsasında ekspert rəyinin alınması məqsədi ilə ekspertiza obyektinə uzun zaman ərzində baxış keçirilməmişdir. Qeyd olunmalıdır ki, mütəxəssis rəyi verməli olan mütəxəssislər də cavabdeh orqanın nümayəndələri olsa da, məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadından məlumatlı olduqları haldı məhkəməyə məlum olmayan səbəbdən ekspert rəyinin alınması məqsədi ilə ekspertiza obyektinə baxış keçirilməsini təmin etməmiş, bunun obyektiv, subyektiv və ya digər üzürlü səbəblərdən olmasına dair heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan sonra məhkəmə iddiaçı tərəfin təqdim etdiyi Hüquq Torpaq məsələləri və Ekspertiza Mərkəzi MMC-nin 62 №li xx.xx.2025-ci il tarixli rəyini sübut növü kimi qəbul edilməsini məqbul saymış və bu qənaətini iddiaçının qanunla tanınan və qorunan mülkiyyət hüququ ilə yanaşı məhkəmə müdafiə hüququnun da təmin edilməsi ilə əsaslandırır. Belə ki, məhkəmə hesab edr ki, cavabdeh olan orqanın mütəxəssi rəyi verməsini yubatması və ümumiyyətlə həyata keçirməməsi iddiaçının mülkiyyət hüquqlarının həyata keçirməsini də yubadaraq onun hüquqlarını əsaslə şəkildə pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255-ci maddəsinə görə servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Şərh olunan qanun normasının məna və məzmunundan göründüyü kimi servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilən yüklülük anlayışdır. Servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur. Məhkəmə daha sonra qeyd edir ki, qanunvericiliyə əsasən mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər hansı şəxsin torpaq sahəsindən və ya onun hər hansı bir hissəsindən məhrum olunması yolverilən deyildir. Lakin qanunverici qarşılıqlı razılıq əsasında servitutun mümkünlüyünü müəyyən etmişdir. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Servitut verilərkən müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması təmin olunmalıdır. Tərəflərin sərəncam hüququnun əlindən alınması və onun razılığı olmadan sevitut təyin olunması cavabdehin mülkiyyət hüququnun əhəmiyyətli dərəcə pozulmasına şərait yaradır. Qeyd edilməlidir ki, servitut təyin olunmaqla cavabdehin hüququ məhdudlaşdırılmışdır, lakin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Məhkəmə cavabdeh tərəfin iddiaya olan mövqeyi ilə bağlı xüsusi olaraq qeyd etməyi zəruri sayır ki, iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının qarşısının qanuni yolla, yəni, mülki qanunvericilikdə təsbit edilmiş servitut intstutunun tətbiq edilməsi ilə həll edilməsinin mümkünlüyü Azərbaycan Respublikasının apellyasiya və kassasiya instansiyalarının qərarlarında əksini tapmışdır. Belə ki, həmin qərarlarında məhkəmə instansiyaları birmənalı olaraq göstərmişlər ki, iddiaçının öz bağına gedib-gəlmək üçün istifadə etdiyi yol məhz sanatoriya ərazisindən olan torpaq yol olmuşdur. Hazırda sanatoriya ərazisi hüquqi şəxsin mülkiyyətində olsa da, onun ərazisindən keçməklə, yəni, Zağulba sanatoriyasının ümumi giriş-çıxış darvazasından daxil olmaqla iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəlişi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, servitut təyin edilərkən cavabdehin mülkiyyətində olan tikililərin əhəmiyyətli dərəcədə zərər vurulması hallarının olması müəyyən edilmədiyindən bu yoldan həm avtomobil, həm də piyada yolu kimi istifədə ediləcəyi nəzərə alınmaqla yolun 5 mert enində müəyyən edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut etmiş və onun irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X8rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ

İddia təmin edilsin. İddiaçı Sabunçu rayonu, Bilgəh, Zağulba şossesində 0.0072 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.ın yaşayış sahəsindən ibarət 8 nömrəli tərdi yaşayış evinə giriş-çıxışın təmin edilməsi üçün həmin bağ sahəsindən ictimai yola qədər məsafədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mülkiyyətində olan Zaqulba sanatoriyasının ərazisindən, yəni, Zağulba sanatoriyasının ümumi giriş-çıxış darvazasından daxil olmaqla eni 5 m olan avtomobil və piyada yolu təqdim edilsin. Həmin yola İddiaçı xeyrinə servitut təyin edilməsi, təyin edilən servitutun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Haki̇ m Adi̇ lə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar