Məhkəmə qərarları › İş №e-2(008)-3329/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3329/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3329/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş akt üzrə yaranmış 10.611,20 manat, 90,82 manat cari borc, 41,44 manat yeni tarifə keçidlə əlaqədar olmaqla, ümumilikdə 10.743,46 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 400 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 123,43 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 11.266,89 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (İBAN: AZ50İBAZ********************, SWİFT:İBAZA2X, Alan Bankın müxbir hesab: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştəri VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 04/17071 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz"’ İB Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəl abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”mn tələblərinə əməl etmək), “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* nömrəli akt əsasında 972 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 810 manat, XX.04.2022-ci il tarixli XXX nömrəli akt əsasında 16,40 manat, XX.12.2022-ci il tarixli XXX nömrəli akt əsasında 8812,80 manat aktların cəmi əsasında ümumilikdə 10.611,20 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Cavabdehin yuxarıda qeyd olunan aktdan əlavə olaraq faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sərfiyyat üzrə 90,82 manat cari borcu, yeni tarifə keçidlə əlaqədar isə 41,44 manat borcu qalmaqdadır. Cavabdeh tərəfindən həyata keçirilən aylıq ödənişlər və borca görə tutulmalardan sonra İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 10.743,46 manat təşkil etməkdədir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci və 185.6-cı maddələrinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkarlanmış, dəymiş ziyan 8100 m3 hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına 25 fevral 2019-cu il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərinə daxil borunun en kəsiyindən keçən qazın maksimal saatlıq qaz sərfi 2.5 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2.5 x 18 x 180 = 8100 m3 Məhkəmə aparılmış hesabatı əsaslı hesab etmir. Belə ki, qazın maksimal saatlıq qaz sərfi 2.5 m3/saat olmaqla orta günlük iş rejimi 18 saat deyil, 12 saat və hesabat müddəti 180 gün deyil, 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı, 2.5 x 12 x 30 x 0,12 = 108 manat zərər qəbul edilməlidir. Hesabat müddətinin 180 gün yox 30 gün kimi qəbul edilməsi ilə qeyd olunur ki, iş materiallarına əlavə olunmuş GASREP göstəricilərinə əsasən abonent 2019-cü ilin 1-ci ayında 58 manat, 2018-ci ilin 12-ci ayı üçün 49 manat, 2018-ci ilin 11-ci ayı üçün 26 manat ödənişlər edildiyini nəzərə alaraq hesabat müddətinin 180 gün kimi qəbul edilməsi əsaslı hesab olunmur. xx.xx.2019-cu il tarixli akt üzrə cavabdeh tərəfindən 108 (bir yüz səkkiz) manat İddiaçı İB-nə ziyan vurulması müəyyən edilir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkarlanmış, dəymiş ziyan 4860 m3 hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına 31 mart 2017-ci il tarixli tələbnamədən görünür ki qaz işlədicilərindən kvadrat tipli istilik sisteminin maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 3 x 18 x 90 = 4860 m3 Məhkəmə aparılmış hesabatı əsaslı hesab etmir. Belə ki, qazın maksimal saatlıq qaz sərfi 3 m3/saat olmaqla orta günlük iş rejimi 18 saat deyil, 12 saat və hesabat müddəti 90 gün deyil, 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı, 3 x 12 x 30 x 0,12 = 129,60 manat zərər qəbul edilməlidir. Hesabat müddətinin 90 gün yox 30 gün kimi qəbul edilməsi ilə bağlı, iş materiallarına əlavə olunmuş GASREP göstəricilərinə əsasən abonent 2017-ci ilin 2-ci ayında 47 manat, 2017-ci ilin 1-ci ayı üçün 49 manat, 2016-cı ilin 12-ci ayı üçün 60 manat ödənişlər edildiyini nəzərə alaraq hesabat müddətinin 90 gün kimi qəbul edilməsi əsaslı hesab olunmur. Məhkəmə XX.04.2022-ci il tarixli, XXX nömrəli akt əsasında hesablanmış 16,40 manat borcun tutulması hissəsində hesab edir ki, təmin edilməlidir. Bundan əlavə İddiaçı İB-yi tərəfindən cavabdehə XX.12.2022-ci il tarixli XXX nömrəli akt əsasında 8812,80 manat zərər müəyyən edilmişdir. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir. Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mövcud məhkəmə praktikasına uyğun olaraq, 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Odur ki, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən 2022-ci il mayın 1-dən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən 2024-cü ilin yanvarın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə və ya elektrik şəbəkəsinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar üzrə mübahisələrə baxarkən “Qaz təchizatı haqqında” və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunlarının, habelə aidiyyəti normativ hüquqi aktların və mülki-prosessual qanunvericiliyin imperativ göstərişlərinə riayət edilməsi tövsiyə olunmuşdur. İş materiallarından da göründüyü kimi, İddiaçı İB tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə riayət olunmamışdır. Belə ki, İddiaçı İB tərəfindən aktların tərtib olunması 01 may 2022-ci il tarixindən sonra təsadüf etsə də, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etdikdən sonra, həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Lakin iş materiallarından da göründüyü İddiaçı İB-nin əməkdaşları tərəfindən akt 2022-ci ilin dekabr ayında tərtib edilsədə, bu barədə aktın nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, XX.12.2022-ci il tarixli XXX nömrəli akt əsasında 8812,80 manat borcun tutulması hissəsində iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş ziyan olaraq 254 manat və 30 manat dövlət rüsumu, İddiaçı İB-nin xeyrinə tutulmalı, tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyan olaraq xx.xx.2019-cu il tarixli akt üzrə 108 (bir yüz səkkiz) manat, xx.xx.2017-ci il tarixli ******* nömrəli akt üzrə 129,60 manat, XX.04.2022-ci il tarixli, XXX nömrəli akt əsasında hesablanmış 16,40 cəmi: 254 (iki yüz əlli dörd) manat və 30 (otuz) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar