Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-342/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi, görülməyən işlərin dəyərini təşkil edən pul vəsaitinin geri qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi və tələbin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh (bundan sonra mətndə Cavabdeh MMC) arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi, yerinə yetirilməyən işlərin həcmini təşkil edən 2.827 manat məbləğində pul vəsaiti, 4.800 manat dəymiş ziyan (kirayə haqqı məbləği), 14.136 manat əldən çıxmış fayda, 1.000 manat mənəvi zərər, 158.29 manat dövlət rüsumu olmaqla, cəmi 22.921,29 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə onunla cavabdeh “Baku İnşaat" MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə təmir işlərini (tikinti materialları ilə təmin etmək şərti ilə mənzilin tam təmir edilməsi) görməyi öhdəsinə götürmüş, o isə işləri qəbul edib müqavilə ilə müəyyən olunmuş qiyməti podratçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2ci bəndinin şərtlərinə əsasən, onun sifarişi əsasında podratçı müəyyən olunmuş işi özünün vəsaiti hesabına, özü tərəfindən cəlb edilən işçi qüvvəsi, alınmış material və avadanlıqlarla mənzilin tam təmir edilərək sifarişçiyə təhvil verilməklə 8000 manat pul məbləği dəyərində razılaşdırılmışdır. Həmçinin, müqavilənin 2.4-cü bəndinə əsasən müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Yəni cavabdeh "xxxx" MMC müqavilə ilə razılaşdırılmış mənzili həmin tarixədək mənzili tam təmirli formada ona təhvil verməli olmuşdur. Əlavə olaraq sifarişçiyə standart təmir paketinə daxil olan dizayn, təmirdən sonra təmizlik, mətbəx mebeli və çilçıraq hədiyyə edilməli idi. Lakin tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirilərək, müqavilədə də nəzərdə tutulan - 8 000 manat məbləğində ödəniş edilməsinə baxmayaraq, cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, müqavilə üzrə razılaşdırılmış müddətdən 6 ay keçməsinə baxmayaraq, hələ də evi tam təmir edərək, ona təhvil verməmişdir. Mənzildə görülmüş və görülməyən işlərin vəziyyətini əks etdirən fotoşəkillər hazırkı iddia ərizəsinə əlavə olunmuşdur. Pretenziya qaydasında Cavabdeh MMC-yə müraciət edilərək, müqavilənin ləğv edilməsi və tərəfindən ödənilmiş 8000 manatın xərclənməmiş hissəsini təşkil edən 6000 manat hissəsinin 5 gün ərzində qaytarılması tələb edilmişdir. Lakin cavabdeh pretenziya məktubuna heç bir reaksiya verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh şirkət müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və halhazırda cavabdehin görmədiyi işlərə görə 2827 manat öhdəliyi qalmışdır. Qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, tərəfindən görüləcək işlərin dəyəri üçün tam ödəniş edilsə də, görülən işlərin həcmi ekspert rəyinə əsasən 5.173 manat təşkil edir. Belə ki, görülməmiş işlərin həcmini təşkil edən 8000- 5173= 2.827 manat pul vəsaiti cavabdeh şirkət tərəfindən ona qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, cavabdeh şirkət müqavilə üzrə öhədliyini tam və vaxtında yerinə yetirməmiş və bunun nəticəsində ona xeyli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Belə ki, o və ailə üzvləri rayon qeydiyyatında olmaqla Bakı şəhərində hər ay 400 manat olmaqla kirayə qalır. Cavabdeh tərəfindən müqavilə öhdəliyi icra edilmədiyi üçün hər ay 400 manat olmaqla, müqavilənin bitdiyi tarixdən bugünədək, (yəni xx.xx.2021-ci il tarixindən - xx.xx.2022-ci il tarixədək) ona ümumilikdə 400x12= 4.800 manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə, cavabdeh şirkətin müqavilə üzrə yerinə yetirilməyən öhdəliyin dəyərini təşkil edən 2.827 manat pul vəsaiti bugünədək cavabdehin qanunsuz istifadəsindədir. Öz pulundan istifadə edə bilmir və hər hansı gəlir əldə etmək hüququndan məhrum olmuşdur. Halbuki o, həmin vəsaiti banka qoymaqla gəlir götürə bilərdi. xx.xx.2021-ci il tarixdən cavabdeh tərəfindən iddiaçının pulunun gecikdirilməsi 1 il (12 ay) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, 2.827 AZN x 5% = 14 135:12 ay =1 178 x 12 ay=14.136 manat təşkil edir. Əlavə olaraq, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdeh şirkətin məsuliyyətsizliyi ucbatından o, real olaraq stress və mənəvi sarsıntı keçirmişdir. Belə ki, mənzilin vaxtında hazır olmaması, mənzilindən və pulundan istifadə edə bilməməsi, kirayələrdə yaşaması və ən əsası cavabdehin təqsirindən işin məhkəmə müstəvisinə gətirib çıxarılması onu dərindən sarsıtmışdır. Göstərilənlərə əsasən, iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddia tələbini müdafiə edərək, iddiaçının izahatında göstərdiklərini təsdiq edib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin qanuni təmsilçisi X7 iddia tələbini qəbul etməyərək, təmsil etdiyi şirkətin iddiaçıya heç bir formada ziyan vurmadığını, əksinə, iddiaçının ona ziyan vurduğunu bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia tərəfinin izahatlarını dinləyib, həmin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin və iddia tələbinin həcminin artırılmasına dair ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Dövlət Vergi Xidməti Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçi X5r. İş materiallarında olan, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021ci il tarixli, 004 nömrəli podrat müqaviləsindən görünür ki, həmin müqavilənin 1.2-1.3-cü bəndlərinə əsasən, podratçı onun tərəfindən görülməli olan işin icrasını və görüləcək işlərə təminat verilməsini, müəyyən olunan işi özünün vəsaiti hesabına, özü tərəfindən cəlb edilən işçi qüvvəsi, alınmış material və avadanlıqlarla yerinə yetirməyi öz üzərinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən, sərbəst qiymətlərin razılaşdırılması protokolu onun ayrılmaz tərkib hissəsi sayılır. Müqavilənin 4.1-ci bəndindən görünür ki, müqavilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bağlanılmış və podratçı müqavilənin qüvvədə olduğu müddət ərzində işləri sifarişçiyə təhvil verməyi öz üzərinə götürmüşdür. Müqavilənin 6.1-ci bəndinə əsasən, öz vəzifəsini icra etməyən və lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olduğu qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri yenidən yüksək keyfiyyətlə yerinə yetirməlidir. Zərərin əvəzinin yenidək yüksək keyfiyyətlə yerinə yetirilməsi şərti ilə əv ya əsası ilə müqavilə öhdəliklərinin yerinə yetirilməsindən və ya lazımi qaydada yetirilməsindən birtərəfli qaydada imtina edilməsinə yol verilmir. İş materiallarında olan kassa mədaxil orderinin xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qəzblərindən görünür ki, İddiaçı uyğun olaraq 3000 manat, 2000 manat və 3000 manat olmaqla, cəmi 8000 manat məbləğində pulu 004 nömrəli müqavilə üçün avans qismində Cavabdeh MMC-nin hesabına ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/4282 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 28 saylı mənzilin sahəsi 6.8 kv.m olan mətbəxinin döşəməsinə laminat bərkidilmiş, divarları boya ilə rənglənmiş, tavanı alçipanla üzlənmiş, sahəsi 23.5 kv.m olan otağının döşəməsinin 19 kv.m hissəsi laminatla üzlənmiş, divarları boya ilə rənglənmiş, tavanı alçipanla üzlənmiş, sahəsi 10.5 kv.m olan yaşayış otağının döşəməsi laminatla üzlənmiş, divarları boya ilə rənglənmiş, tavanı alçipanla üzlənmiş, sahəsi 7.5 kv.m olan otağın divar və tavanı boya ilə rənglənmiş, sahəsi 3.9 kv.m olan sanitar qovşağın divarları kafellə üzlənmiş, döşəməsinə metlax bərkidilmişdir. ünvan 2 ünvanında yerləşən 28 saylı mənzildə aparılan təmir-bərpa işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 5173 manat məbləğində müəyyən olunur. İş materiallarına əlavə edilmiş kirayəyə verən X6 və kirayəçi İddiaçı arasında bağlanılmış yaşayış sahəsinin kirayəsi haqqında xx.xx.2022-ci il tarixli, 35 nömrəli müqavilənin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 18 saylı mənzil sonuncuya hər ay onun tərəfindən 400 manat ödənilməklə kirayəyə verilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarından məhkəməyə məlum olmuşdur ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinə əsasən, podratçı cavabdeh iddiaçıya məxsus mənzildə müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşdırma protokolunda qeyd olunan təmir-tikinti işlərini xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yerinə yetirməyi, sifarişçi İddiaçı isə işlərin bu müqavilə ilə razılaşdırılmış dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin sonradan tərəflər arasında mənzilin təmiri və vaxtında işin təhvil verilməməsi ilə bağlı mübahisələr yaranmış, sonuncu hal xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə əsasən iddiaçının aylıq 400 manat müqabilində yaşayış sahəsini 1 il müddətinə kirayələməsi ilə nəticələnmişdir. Hazırda iddiaçı müqavilənin ləğv olunaraq podratçı tərəfindən görülməmiş işin dəyərinin, habelə 1 illik kirayə pulunun əvəzinin ona qaytarılmasını, eləcə də, iddia olunan məbləğdə əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsini xahiş edir. İddia tələbinin bir neçə hissədən ibarət olduğunu nəzərə alıb, məhkəmə əvvəlcə, podrat müqaviləsinin ləğv edilməsi, görülməmiş işlərin dəyəri qismində 2827 manat pulun və illik kirayə haqqı məbləğinin ödəlməsi hissələrinə aşağıdakılara əsasən hüquqi qiymət verərək haqlı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pül ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Göründüyü kimi, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan sifarişçi muzd ödədikdən sonra podratçıdan müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri görməsini tələb etməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 753.4-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 774-cü maddəsinə əsasən, əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur. Tədqiq edilən sənədlərdən, məhkəməyə təqdim olunmuş fotoşəkillərdən və işin məhkəmə iclasında araşdırılan hallarından və ekspert rəyindən də göründüyü kimi, podratçı xx.xx.2021-ci il tarixli podrat müqaviləsi və onun tərkib hissəsi olan razılaşdırma protokolunda qeyd olunan təmir-tikinti işlərini tam icra etməmişdir. İddiaçının təmir işlərinin aparılmasını tapşırdığı ünvan 1 ünvanında yerləşən mənzildə Cavabdeh MMC tərəfindən görülmüş işin ümumi dəyəri ekspert rəyi ilə 5173 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən razılaşdırılmış işlərin görülməsinə görə cavabdehin hesabına köçürdüyü ümumi muzdun dəyəri 8000 manat təşkil edir və bu, işdəki kassa mədaxil orderinin qəbzləri ilə sübuta yetirilir. Belə olan halda, podratçı şirkət tərəfindən görülməli olan, lakin icra edilməyən işlərin dəyərinin 2827 (8000-5173) manat təşkil etməsi məhkəməyə aşkardır və həmin pul məbləği cavabdehdən tutulub iddiaçıya geri qaytarılmalıdır. Digər tərəfdən, məhkəmədə o da iddiaçı tərəfindən sübuta yetirilmişdir ki, İddiaçı, mənzilin vaxtında təmir edilib ona təhvil verilməməsi nəticəsində, xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə əsasən imzalandığı gündən qüvvəyə minməklə 1 illik müddətə (müqavilənin 5.1-ci bəndi) ünvan 3 ünvanında yerləşən 18 saylı mənzili aylıq 400 manat müqabilində X1 götürmüşdür. Həmin kirayə müqaviləsinin imzlandığı xx.xx.2022-ci il tarixdən hazırkı – xx.xx.2023-cü il tarixədək 1 illik kirayə haqqının məbləği cəmi 4800 manat (400 manat *12 ay) təşkil edir. Odur ki, göstərilənlərə əsasən, məhkəmə iddia tələbini cavabdehdən kirayə haqqının dəyərinin tələb edilməsi hissəsində də haqlı hesab edərək belə qənaətə gəlir ki, təmin edilməli, eləcə də cavabdeh müqavilə üzrə vəzifələrini tam və vaxtında icra etmədiyindən, xx.xx.2021-ci il tarixli, 004 nömrəli podrat müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 1129.2-ci maddəsinin tələbinə görə, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Mülki Məcəllənin 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məhkəmə, tələbi digər - əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi hissələrini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı iş üzrə isə cavabdeh (borc alan) tərəfindən borc öhdəliyinin icra edilməməsi nəticəsində iddiaçı (borc verən) ona nə kimi zərər dəydiyini göstərməmiş, buna dair hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli Qərarında da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq, Cavabdeh MMC-dən dəyəri ödənilmiş, lakin icra edilməyən işlərə görə 2827 manat, xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin vaxtında və lazımi qaydada icra edilməməsinə görə 4800 manat kirayə haqqının əvəzi olmaqla, cəmi 7627 manat məbləğində pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissələrdə isə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 158,29 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 96,27 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, qalan hissə isə iddiaçının özünə aid edilməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir və iddia görülməyən işlərin dəyərinin ödənilməsi hissəsində təmin edildiyindən, həmin məbləğ cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə icra edilməyən işlərə görə 2827 manat, dəymiş ziyana görə 4800 manat olmaqla, cəmi 7627 (yeddi min altı yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 96,27 (doxsan altı manat, iyirmi yeddi qəpik) manat hissəsi tutulsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi ləğv edilsin. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-342/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-342/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver