Məhkəmə qərarları › İş №e-2(008)-3482/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3482/2025

04.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3482/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4511v ünvanında yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna qəsd edən və həmin hüquqlarının həyata keçirilməsinə maneə yaradan qanunsuz təsir və müdaxilənin aradan qaldırılaraq torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən onun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4511v (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi üzərindəki mülkiyyət hüququna qəsd edilərək, torpaq sahəsindən istifadə edilməsinə qanunsuz formada maneələr yaradılmışdır. O, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4511v ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüququnu X5 ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ qəsəbəsi 4511v ünvanında yerləşən 0,12 ha yaşayış məntəqəsi təyinatlı torpağın xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olduğu görünür. Həmin torpaq sahəsinin qanuni mülkiyyətçisi olduğuna baxmayaraq, cavabdeh nəinki onun hüquq və mənafelərinə hörmət göstərməmiş, qanunsuz formada mülkiyyətində olan torpaq sahəsinə daxil olaraq, torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun olduğunu göstərmək üçün əsassız sübutlar gətirmişdir. Torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X5 həmin torpaq sahəsini xx.xx.2016-cı ildə vəfat etmiş həyat yoldaşı X2 vərəsəlik hüququ ilə əldə etmişdir. Həmin torpaq sahəsini alqı-satqı müqaviləsi ilə iddiaçı əldə etmiş, torpaq sahəsində tikilmiş hasarın iki metrlik boş qalan hissəsini tamamlamaq üçün oraya daşlar tökmüş, lakin cavabdeh onun daşları hesabına hasarı tamamlamış və həmin torpaq sahəsində yerləşən dəmir qapının kilidini dəyişərək onun mülkiyyətindən istifadə etməsinə manelər törətmişdir. Bu barədə iradını bildirərək, qanunsuz hərəkətlərinə son qoymasını tələb etdiyi zaman, məhəl qoymayaraq etinasızlıqla yanaşmışdır. Hazırda cavabdehin onun torpaq sahəsində qanunsuz müdaxiləsi davam etməkdədir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iştirakları olmadan işə mahiyyəti üzrə baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 01 may 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən iddiçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4511v ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə iddiaçını buraxmadığını, iddiaçı Tik-tok sosial şəbəkəsində torpaq sahəsi ilə bağlı elanı gördükdən sonra alqı-satqı yolu ilə aldığını, 27 yanvar 2025-ci ildə həmin torpaq sahəsi ilə bağlı çıxarış əldə etdiyini, çıxarış aldıqdan sonra hasar tikmək istəyəndə İcra Nümayəndəliyi torpaq sahəsinin başqa şəxsə məxsus olduğundan tikintiyə icaz vermədiyini, onlarda İcra Nümayəndəliyinin sözündən sonra tikintini dayandırdıqlarını, daha sonra Cavabdeh onların daşları vasitəsilə tikintini dəvam etdirdiyini və darvazanın kilidini dəyişdirdiyini, iddiaçını da torpaq sahəsinə buraxmadığını, cavabdehin əlində olan sənədlə bağlı 03 fevral 2006-cı il tarixli icarə müqaviləsi olduğunu, həmin icarə müqaviləsinin isə X1 məxsus olduğunu və müqavilədə olan torpaq sahəsinin nömrəsinin 3196 olduğunu bildirmişdir. 20 iyun 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən iddiçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, İddiaçı Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4511v ünvanında yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna qəsd edən və həmin hüquqların həyata keçirilməsinə maneə yaradan cavabdehin qanunsuz təsir və müdaxilənin aradan qaldırılaraq torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri tədqiq edərək, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan X5 ilə, İddiaçı arasında xx.xx.2025-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Lehiş bağ sahəsi, 4511v Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ağamusa Axundov küçəsi, giriş 39 ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha torpaq sahəsini sonuncuya 50.000 manata satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Lehiş bağ sahəsi, 4511v Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ağamusa Axundov küçəsi, giriş 39 ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan vətəndaş X4 xx.xx.2016-cı il tarixdə vəfat etmiş həyat yoldaşı X3 ölüm tarixindən hazırki günə kimi 25 sentyabr 1990-cı il tarixdə 29 nömrəli Order əsasında verilmiş Ləhiş bağ ərazisindəki 1200 kv.metr 4511v bağ sahəsinin istifadəçisi və ödəyicisidir. Kürdəxanı Bələdiyyəsinə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan SSR Bakı şəhəri icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi 25 sentyabr 1990-cı il tarixdə 29 nömrəli Order əsasında Ləhiş bağ ərazisindəki 1200 kv.metr 4511v bağ sahəsi X3 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında konvensiyaya dair 1 nömrəli protokolun 1-ci maddəsinin mənası baxımından “Mülkiyyət” və “Əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən, Daşınar və Daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə, mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnun, torpağa icarə, istifadə hüququnun da mülkiyyət kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid təcrübəni formalaşdıran 2(102)- 3394/22 nömrəli 12 sentyabr 2022-ci il tarixli qərarına əsasən məhkəmələrin tətbiq etdikləri Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələri isə öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddiaları nəzərdə tutur. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır. Hazırkı iş üzrə normanın birinci dispozisiya şərti yəni, iddiaçının mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğunu müəyyən edilmiş, belə olan halda, həmin normaların müstəqil əsas kimi işə tətbiq edilməsi qanuni olmuşdur. Göründüyü kimi iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqları qeydə alındığından onun tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4511v ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüququnu X5 ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Cavabdeh tərəfindən iddiaçının Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ sahəsi, 4511v (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi üzərindəki mülkiyyət hüququna qəsd edilmiş, torpaq sahəsindən istifadə edilməsinə qanunsuz formada maneələr yaradılmışdır. Həmçinin iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa əsasən torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti olduğundan onun mülkiyyətinə başqası tərəfindən edilən qəsd və maneələrin aradan qaldırılması barədə iddia tələbi qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4511v ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə Cavabdeh tərəfindən mülkiyyət hüququna qəsd edən və həmin hüquqlarının həyata keçirilməsinə maneə yaradan qanunsuz təsir və müdaxiləsi aradan qaldırılaraq torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4511v ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə Cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz təsir və müdaxilə aradan qaldırılsın. Cavabdeh torpaq sahəsindən çıxarılsın. Cavabdehdən 100 (yüz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar