Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3725/2024 21.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh Sadiq oğlundan 2414 (iki min dörd yüz on dörd) manat məbləğində pul vəsaitinin, mediasiya xərci kimi ödənilmiş 60 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Əlavəyə əsasən “baş satıcı” vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Əlavəyə əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “X4 haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2023-cü il tarixli 54-x saylı əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehlə bağlanmış “X4 haqqında” Müqavilənin 1-ci bəndinin tələblərinə görə cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin Müqavilənin 3.3-cü bəndinə görə işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2023-cü il tarixli 89 saylı əmrindən göründüyü kimi, “Oba – Maştağa 5” mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvil alan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlaması zamanı tərtib edilmiş “İnventarizasiya komissiyasına İltizamnamə”ni imzalamaqla və müvafiq qeydlərini aparmaqla, sayımda sonadək iştirak etdiyini, sayılan miqdarları tam olaraq yoxladığını və bu miqdarlarla tam razı olduğunu, sayımla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Həmin yoxlama zamanı siyahıya alınmış mal-material qiymətlilərinə dair (xx.xx.2022-ci il – xx.xx.2023-cü il tarixləri üzrə) faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair yekun Akt”a əsasən cavabdehin Cəmiyyətə 2716.77 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş “İnventarizasiya Siyahısı”, “İnventarizasiya nəticələrinə dair Akt” və inventarizasiya yekunlarına dair “İltizamnamə” cavabdeh tərəfindən imzalanmaqla, onun iştirakı ilə aparılmış inventarizasiya prosedurunun və əldə edilmiş nəticələrin, inventarizasiya zamanı tərtib edilmiş rəsmi sənədlərin düzgünlüyünü təsdiq etmiş, habelə qeyd edilən yoxlama ilə bağlı inventarizasiya komissiyasına heç bir iradının olmadığını ifadə etmişdir. Cəmiyyətin xx.xx.2023-cü il tarixli maliyyə arayışından göründüyü kimi çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra cavabdehin yekun olaraq qalıq borcu 2414 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçının nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, iş yükünün çoxluğu səbəbilə (nümayəndələr digər işlər üzrə proseslərdə iştirak etdiyindən) hazırkı mülki iş üzrə məhkəmənin baxış iclasında iştirak edə bilmədiklərindən, yaranmış vəziyyətin üzrlü hal kimi qəbul edilməsini və iştirakları olmadan baxış iclasının keçirilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, iddia tələbini əsaslandıran sənədləri (sübutları) tam olaraq məhkəməyə təqdim etmişlər və əlavə təqdim edəcəkləri hər hansı sənədləri (sübutları) yoxdur. Belə ki, cavabdehin işə qəbul edilməsi, onunla əmək müqaviləsinin bağlanması, onun administrator vəzifəsinə təyin edilməsi, cavabdehlə X4 haqqında müqavilənin bağlanması və işdən azad edilməsi barədə kadr sənədləri (ƏMAS bildirişləri ilə), bundan əlavə, cavabdehin administrator olduğu mağazada aparılmış inventarizasiya yoxlaması barədə bütün sənədlər (maliyyə arayışı, xəbərdarlıq məktubu, inventarizasiya əmri, inventarizasiya siyahısı, yoxlamada iştirakla bağlı cavabdehin iltizamnaməsi, üzləşdirmə siyahısı, cavabdeh tərəfindən imzalanmış yekun akt) EMS vasitəsilə və məhkəmənin hazırlıq iclasında əsilləri məhkəməyə tam olaraq təqdim edilmişdir. Sözügedən inventarizasiya yoxlamasında cavabdeh özü şəxsən iştirak etmiş, bütün yoxlama sənədləri ilə tanış olaraq, bu sənədləri şəxsən imzalamış və yoxlama nəticələrini könüllü şəkildə qəbul edərək, hər hansı etirazını bildirməmişdir. Eyni zamanda, məhkəmənin hazırlıq iclasında cavabdeh iddianı tam şəkildə etiraf etmiş və borcunu qəbul etmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdehin Şirkətə 1000 AZN məbləğində ödəniş etməsi ilə bağlı bildirmək istəyir ki, bu ödəniş cavabdehin barəsində aparılmış hazırkı (xx.xx.2023-cü il tarixli) inventarizasiya yoxlaması nəticəsində aşkar edilmiş çatışmazlığa görə deyil, əvvəlki inventarizasiya yoxlaması nəticəsində aşkar edilmiş çatışmazlığa görə həyata keçirilmişdir. Belə ki, hazırkı inventarizasiya yoxlaması xx.xx.2023-cü il tarixdə aparılmış və yoxlama müddəti cavabdehin xx.xx.2022–xx.xx.2023-cü il tarixləri üzrə fəaliyyətini əhatə etmiş, yoxlama nəticəsində cavabdehin hesabında 2716.77 manat məbləğində çatışmazlıq aşkar edilmiş, müvafiq güzəştlər tətbiq edilməklə iddia tələbi 2414 manat (mediasiya xərcləri xaric) təşkil etmiş və Şirkət məhz bu tələblə məhkəməyə müraciət etmişdir. Əvvəlki inventarizasiya yoxlaması isə xx.xx.2022-ci il tarixdə aparılmış və yoxlama müddəti cavabdehin xx.xx.2022–xx.xx.2022-ci il tarixləri üzrə fəaliyyətini əhatə etmiş, yoxlama nəticəsində cavabdehin hesabında 4020.71 manat məbləğində çatışmazlıq aşkar edilmiş, cavabdeh bu çatışmazlıq üzrə qismən ödənişlər etsə də, borcunu tam bağlamamışdır. Buna baxmayaraq, Şirkət cavabdehin İddiaçıdə işləməyə davam etdiyini nəzərə alaraq, humanistlik göstərmiş və birinci inventarizasiya nəticəsində qalıq borcunu ödəməsi üçün məhkəməyə müraciət etməmiş, eləcə də hazırda da iddia tələbinin həcmini artırmamışdır. Lakin cavabdeh məhkəməni çaşdırmaq üçün və məsuliyyətdən boyun qaçırmaq üçün yenə də qeyri-məqbul hərəkətlərini davam etdirərsə, Şirkət iddia tələbinin həcmini artırmaq məcburiyyətində qalacaqdır. Nəzərə alınmalıdır ki, birinci inventarizasiya yoxlamasının da bütün sənədləri cavabdeh tərəfindən tam şəkildə imzalanmış, hətta cavabdeh birinci yoxlama nəticəsində aşkar edilmiş çatışmazlıqlara görə qismən ödənişlər də etmişdir. Bütün bu faktlar da cavabdehin etiraf hərəkətləri kimi qiymətləndirilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh hazırkı iddianın əsasını təşkil edən sonuncu – xx.xx.2023-cü il tarixli inventarizasiya yoxlamasında tam olaraq iştirak etmiş, yoxlama nəticəsində aşkar edilmiş çatışmazlığa görə məsuliyyətini qəbul etmiş, sayım qrupundan və komissiya üzvlərindən cavabdehin hər hansı etirazı olmamış, cavabdeh bütün yoxlama sənədlərini imzalayaraq nəticələrini qəbul etmiş və məhkəmədə də borcunu etiraf etmişdir. Göstərilənlərə əsasən iddianı tam şəkildə müdafiə etdiyini, əlavə tələb, sübut və vəsatətlərinin olmadığını nəzərə almaqla, baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı tam qəbul edərək, iddiaçıya vurulmuş maddi ziyanın 2414 manat məbləğində olduğunu bildirdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 460 saylı əmrindən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2020-ci il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. - əmək müqaviləsinin və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən İddiaçı MMC-nin Satış Departamentinin Satış şöbəsinə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. - İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli 12 saylı əmrindən çıxarışın, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2021-ci il tarixdən baş satıcı vəzifəsinə keçirilmişdir. - İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli 467 saylı əmrindən çıxarışın, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2021-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli X4 haqqında müqavilədən görünür ki, Cavabdeh, ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçi aktla tanış edilir. İşçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. - İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 54-x saylı əmrindən çıxarışın, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratoru Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. - İddiaçı MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixdə 2716.77 AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 2414 AZN borcu qalmışdır. Beləliklə, Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı MMC-nə olan ümumi borcu 2414 AZN təşkil edir. - İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 112 saylı əmrinin surətindən görünür ki, İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh tələb edilmişdir. “Təbii itki norması” satış dövriyyəsinin 0.15% faizi müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, 3 gün müddətində 2414 AZN borcun ödənilməsi Cavabdeh tələb edilmişdir. - xx.xx.2023-cü il tarixli aktivlər üzrə invertarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, mağazanın maddi-məsul şəxsi Cavabdeh olan ünvan 1 ünvanında yerləşən OBA-MASHTAGA 5 mağazada malların inventarizasiyası həyata keçirilmiş və nəticədə 2716.77 manat məbləğində əskikgəlmə müəyyən edilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/4-2024-00027 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X2 tərəfindən 50 manat mediasiya və 10 manat poçt xərci ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - İddiaçı MMC-nin inventarizasiya şöbəsinin araşdırma bölməsinə xx.xx.2023-cü il tarixli iltizamnamədən görünür ki, kənarlaşması olan mallara dair məlumatlar və sənədlər sistem üzərindən araşdırma bölməsinin mütəxəssisi tərəfindən Cavabdeh iştirakı ilə təkrar nəzarət qaydasında tam yoxlanılmış və 2695 say çeşid 2716.77 əskik manat məbləğdə kənarlaşma aşkar olunmuşdur. Cavabdeh araşdırma ilə tanış olmuş və heç bir etirazının olmadığını qeyd etmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdən İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə əlavəyə əsasən Cavabdeh həmin tarixdən administrator vəzifəsinə keçirilmişdir. Eyni zamanda, xx.xx.2021-ci il tarixdə tərəflər arasında X4 haqqında müqavilə bağlanmışdır. İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən və cavabdehin maddi-məsul şəxs olduğu OBA- MASHTAGA 5 mağazasında xx.xx.2023-cü tarixdə invertarizasiya keçirilmiş, inventarizasiya nəticəsində 2716.77 manat məbləğində əksikgəlmələr müəyyən edilmiş, müvafiq güzəştlər tətbiq edildikdən sonra cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın yekun məbləği 2414 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işlədiyi mağazada maddi-məsul şəxs olduğu müddətdə iddiaçıya 2414 manat maddi zərər vurulduğunu və həmin borcun tərəfindən ödənilməli olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 199-cu mədəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X4 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Məhkəmə, qanunvericiliyin tələblərinə, işin hallarına əsaslanaraq hesab edir ki, tərəflər arasında X4 haqqında müqavilə bağlandığından, administrator vəzifəsində işlədiyi mağazada yaranmış əskikgəlmənin cavabdehdən tələb edilməsi barədə iddiaçının tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2414 manat məbləğində maddi ziyan və 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-nə ödənilməli, həmçinin, Cavabdeh 44.14 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2414 manat məbləğində maddi ziyan və 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh 44.14 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-3725/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3725/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver