Məhkəmə qərarları › İş №e-2(008)-3752/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3752/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3752/2023 01.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təhsil haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “təhsil haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3200 manat əsas, 576 manat dəbbə pulu və 58 manat dövlət rüsumunun əvəzinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, tələbi onunla əsaslandırmışdır ki, hüquqlarını təmsil etdiyi İddiaçı MMC ilə təhsil alan X1 valideyni (qanuni nümayəndəsi) X6 arasında bağlanmış “Təhsilin təşkili haqqında” 436/2021 (T2018-2019) saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC X2 təhsil proqramlarının mənimsənilməsi ilə təmin etməli, X6 2021-2022-ci təhsil ili üçün 4700 (dörd min yeddi yüz) manat məbləğində təhsil haqqını təhsil verənə ödəməlidir. Borclunun övladına təhsil verilsə də, o təhsil haqqının 1500 manat hissəsini ödəmiş, 3200 manat borcu qalmışdır. Bununla bağlı bocluya xx.xx.2023-cü il tarixli pretenziyalar edilsə də, o borcun ödənilməsini təmin etməmişdir. xx.xx.2022-ci il tarixli müqavilələrin 3.6-cı bəndinə əsasən təhsil haqqı bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmş borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir. Sonuncu ödəniş edilməli gündən ödənilməli dəbbə pulu 576 manat təşkil edir. Göstərilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC və təhsil alan X1 valideyni (qanuni nümayəndəsi) X6 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Təhsilin təşkili haqqında” 436/2021 (T2018-2019) saylı müqaviləyə əsasən, cəmiyyət təhsilalanın ümumi təhsil almasını, qarşı tərəf isə müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. - Həmin müqavilənin 3.1 və 3.6-cı bəndlərinə əsasən, tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 4700 manat təşkil edir. Təhsil haqqı həmin müqavilənin 3.2-ci bəndində qeyd edilmiş vaxtda və həcmdə ödənilmədiyi halda, valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0,2% məbləğdə dəbbə pulu ödəyir. - xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X4 İddiaçı MMC-yə 2021-2022-ci tədris ili üzrə 3200 manat təhsil haqqı, 576 manat dəbbə borcu qalmışdır. - xx.xx.2022-ci il tarixli pretenziya məktubundan məlum olur ki, X5 qalıq borcun ödənilməsi, əks təqdirdə qanunvericiliyə uyğun hüquqi prosedurlara başlanılacağına dair xəbərdarlıq edilmişdir. - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan aydın olur ki, İddiaçı xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X6 övladı X1 İddiaçı MMC-də təhsil alması üçün həmin cəmiyyətlə xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış və bir tədris ili üçün təhsil haqqının 4700 manat məbləğində olması barədə qarşılıqlı razılığa gəlmişlər. Lakin cavabdeh təhsil haqqının yalnız 1500 manat hissəsini ödəmiş, qalan 3200 manat hissəsini isə ödəməmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ödənilməli olan, lakin ödənilməyən qalan məbləğin ondan tutulmasını xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Tərəflərin razılaşdırılmış iradə ifadəsinə uyğun olaraq müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinin icrası məcburi hüquqi qüvvəsini alaraq tərəflər üçün qarşılıqlı hüquq və vəzifələri yaratmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 404.1-ci maadəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin qalıq borcun əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4 xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3200 manat qalıq borcu vardır və həmin borc məbləği cavabdeh tərəfindən iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrindən görünür ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bununla belə, məhkəmə işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 100 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 53 manat hissəsi cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X3 3200 (üç min iki yüz) manat ödənilməmiş hissə və 100 (yüz) manat dəbbə pulu olmaqla, cəmi 3300 (üç min üç yüz) manat məbləğində pul vəsaiti və 53 (əlli üç) manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar