Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3794/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xutam verilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xutam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X2 ilə Cavabdeh xx.xx.2013-cı ildə Bakı şəhəri Sabunçu rayonu VVAQ şöbəsində nikaha daxil olmuş, onların nikahın bağlanması haqqında akt qeydləri kitabında 1158 nömrəsi ilə qeydiyyata alınmışdır. Onlar nikaha daxil olduqdan sonra iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildə birgə yaşmağa başlamış və cavabdeh də qeydiyyata düşməklə orada yaşamağa başlamışdılar. Bu nikahdan onların xx.xx.2016-cı il təvəllüdlü X1 adlı övladları dünyaya gəlmişdir. Nikahda olduqları ilk vaxtlar aralarında heç bir problem olmamışdır. Bir müddət keçdikdən sonra aralarında müəyyən ziddiyyətli məqamlar meydana gəlmişdir. Hal-hazırda da aralarında olan ziddiyyətlər daha da şiddətlənmiş, bunun nəticəsində tərəflərin birlikdə yaşayıb ailə münasibətlərini davam etdirməyi mümkünsüz olmuşdur. Tərəflər mediasiyada saziş imzalamış və uşaqların ananın yanında saxlanılması və aliment məsələlərini həll etmişdilər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4012/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının oğlu ilə cavabdeh arasında olan nikaha xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, mübahisəli mənzildə qeydiyyatdadır, hal-hazırda da orada yaşayır. Başqa yaşayış yeri yoxdur. Aliment almır, uşağa özü baxır və əgər sözügedən evdən qeydiyyatdan çıxsa, o, işdən çıxarılacaqdır. 3-cü qrup əlildir. Laçından məcburi köçkündür, orada ev verilməsi üçün müraciət etmişdir. Laçın rayonuna köçürülənədək istifadə hüququnun saxlanılmasını xahiş edir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmişdir. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4012/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı X3 ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli nikah pozulmuşdur. - Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı 463588 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X3 və Cavabdeh arasında olan nikan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2023-cü ildə pozulmuşdur. İşin mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil İddiaçı xüsusi mülkiyyət əsasında məxsusdur. İddiaçının oğlu X3 ilə Cavabdeh arasında xx.xx.2013-cü ildə nikah bağlanmış, nikaha daxil olduqdan sonra iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, 4090/94 məhəllədə yerləşən 6 nömrəli evin 119-cu mənzilində birgə yaşamağa başlamışlar. Məhkəmə qətnaməsi ilə X3 ilə Cavabdeh arasında olan nikaha xitam verilmişdir. Cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinin əsasının olubolmamasına dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçının nikahı 2013-cü ildə rəsmiləşdirildiyinə görə tərəflər arasında hüquq münasibətləri həmin zaman yaranmış və cavabdehin mübahisəli evə istifadə hüququnun olub-olmaması həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən olunmalıdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarına göstərilmişdir ki, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Həmin qərara əsasən Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Hazırkı işdə Cavabdeh nikaha daxil olarkən köçdüyü yaşayış sahəsinin mülkiyyətçisi ilə ( İddiaçı) birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Belə ki, Ailə Məcəlləsinin “ailənin başqa üzvlərinin aliment öhdəlikləri” başlıqlı 15-ci fəslində hansı qohumların və hansı şərtlər çərçivəsində birinin digərini saxlamaq vəzifəsi öz əksini tapmışdır. Lakin, tərəflər arasında həmin qohumluq münasibəti aşkar edilmədiyindən (Ailə Məcəlləsinin 15-ci fəslinin təsir dairəsinə düşmədiyindən) sözügedən mənzildə iddiaçının istifadə hüququ yaranmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququ yaranmadığından onun həmin mənzilə istifadə hüququnun olmaması müəyyən edilməlidir. Həmçinin iddiaçı iddia ərizəsində cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etsə də, ərizənin məzmunundan məhkəməyə aydın olur ki, iddiaçının məqsədi və tələbi əslində cavabdehin istifadə hüququnun yaranıb yaranmaması məsələsinin aşkara çıxarılması olmuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, 4090/94 məhəllədə yerləşən 6 nömrəli evin 119-cu mənzilindən istifadə hüquqlarının olmaması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-3794/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3794/2024
07.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver