Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-390/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 227k nömrəli əmrin ləğv olunaraq işə bərpa olunması, işə buraxılmadığı xx.xx.2024-cü il tarixdən hesablanmaqla, aylıq 930 (doqquz otuz) manat əmək haqqının və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanaraq mağaza müdiri vəzifəsinə təyin edilmişdir. 5 illik iş dövründə əmək fəaliyyətində heç bir qüsura və nöqsana yol verməmişdir. 2023-cü ilin dekabr ayında mağazanın hesablaşmasında uyğunsuzluq olduğunu aşkar edərək bu barədə dərhal rəhbərliyə məlumat vermişdir. Nəzarət kameralarına baxış keçirərkən müəyyən olunmuşdur ki, mağazanın daimi müştərisi olan qadın mütəmadi olaraq mağazadan oğurluqlar edib. Oğurluqla bağlı polisə müraciət edilmiş, polisdə oğurluq edən müştərinin, onun, cavabdeh şirkətin hüquqşünasının bir neçə dəfə izahatları alınmışdır. Daha sonra ona şirkət tərəfindən bildirilmişdir ki, oğurluq edən şəxslə şirkət arasında razılaşma olmuş və zərər həmin şəxs tərəfindən ödəniləcək. Lakin bir müddət sonra şirkətin rəhbərliyi ona bildirmişdir ki, oğurluq edən şəxs bütün məbləği ödəyə bilmir, onunla şirkət arasında tam maddi məsuliyyət haqqında müqavilə olduğundan yerdə qalan məbləği o ödəməlidir. Ödəmədiyi təqdirdə işdən azad olunacaqdır. O, buna etiraz edərək başqasının oğurladığı mallara görə heç bir ödəniş etməyəcəyini bildirmişdir. Lakin 07 may 2024-cü il tarixdə ödəniş etmədiyi üçün ona mağazanı tərk etməli olduğunu və işdən çıxarıldığını bildirmişlər. O, bundan dərhal sonra Əmək Müfəttişliyi Xidmətinin 142 qaynar xəttinə zəng edərək baş verənlər barədə şikayət etmişdir. Daha sonra isə şirkətin rəhbərliyi ona zəng edərək yaxınlaşıb əmək kitabçasını təhvil götürməsini bildirmişdir. Əmək kitabçasına baxarkən xx.xx.2024-cü il tarixdə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verildiyi məlum olmuşdur. Halbuki, onun başqa şəxsin oğurluq etməsinə görə işdən çıxarılması tamamilə qanunsuz və əsassızdır. Göründüyü kimi o, yuxarıda qeyd edilən maddədə nəzərdə tutulmuş hallardan heç birinə yol verməmişdir. Əksinə işlədiyi illərdə qüsursuz fəaliyyət göstərmiş və barəsində heç bir intizam tədbiri tətbiq edilməmişdir. Həmçinin, mağazada oğurluq hadisəsini ilk olaraq o müəyyən edərək rəhbərliyə məlumat vermişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli 227k nömrəli əmrin ləğv olunaraq, İddiaçı işə bərpa olunması, 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 6 il Cavabdeh mağazalar şəbəkəsində mağaza müdiri kimi çalışmışdır. Bu vaxta qədər onun şirkətlə heç bir problemi olmamışdır. Bu mağazaya da 2024-cü ilin iyulunda təyin olunmuşdur. Oğurluq edən şəxs mağazanın daimi müştərisi olub, daima öz balaca körpəsi ilə alış-verişə gəlib. Bütün mağaza işçiləri olaraq ona yaxşı münasibət göstərilib. Bir gün çərəz hissəsinə baxan xanım satıcı ona yaxınlaşıb həmin hissədən müştərinin 80 manatlıq çərəz aldığını, amma satışın görünmədiyini dedi, o isə bunun mümkün olmadığını dedi. O, yaxınlaşıb kassaya baxanda, doğrudan da satış kimi düşmədiyini görmüş, nəzarətçidən kameraları açıb baxılmasını xahiş etmiş və müştərinin arxa qapıdan məhsullarla birgə çıxdığını görmüşdür. Nəzarətçi onun daimi müştəri olduğunu və ödənişi ödəməyi yadından çıxardığını demişdir. Çərəz hissəsinə baxan satıcı xanım həmin müştəri ilə telefonla danışmış və müştəri özü mühafizəyə gəlib yaxınlaşacağını demişdir. O, növbəti gün hüquqşünasa, şirkət və bölgə rəhbərinə məlumat vermiş və 102 qaynar xəttinə də zəng etmişdir. Amma əlindən gələni etsə də, cinayətkar cəzasını çəkməmişdir. 27 noyabr 2023-cü il tarixdə oğurluq hadisəsi baş verib, 3 dekabrda mağazada sayım tələb etmişdir. Mağazaya 20.000 manatlıq ziyan dəydiyini dedilər. O, sayım olmamış belə bir nəticəyə necə gəldiklərini anlaya bilməmişdir. 3 dekabrda sayım olanda 19.900 manat əskik gəldi. O, görüntüləri tələb etmiş, sadəcə bəzi görüntüləri əldə edə bilmiş, qalan videolar barədə isə narahat olmamasını dedilər. Onunla bağlı sübut kimi görüntüləri varsa, təqdim etsinlər. Ümumiyyətlə, oğurluq hadisəsi vaxtı oğrunun 5000 manat verməklə razı olması barədə ondan bir sənədi imzalamasını istəmişlər, o, razı olmamışdır. May ayının biri və ya ikisi ona ofisdən zəng etdilər, görüş vaxtı ona oğrudan pul ala bilmədiklərini və onunla bağlı prosesin hələ də davam etdiyini dedilər. Bu qədər vaxt ərzində mağazaya ziyan vuran və ya oğru o olsa idi, maaşından tutulmalar edə bilərdilər və ya başqa tədbir həyata keçirərdilər. Mayın 4-ü atasının qırx mərasimi olandan sonra 6 mayda işə qayıtmış, bir gün işləmişdir. Səhəri günü bölgə müdiri ona zəng etdi və dəymiş ziyanı ödəmədiyi təqdirdə, mağazanı tərk etməsini istədi. Onlar bölgə müdirinə tabedirlər, ona işdə qal desə qalacaq, işdə qalma desə, qala bilməyəcək. Bu qərarın rəhbərliyin qərarı olduğunu dedi. Onu mayın 7-si işdən çıxarıblar və zəng edərək şikayətini bildirmişdir. O, işdən çıxması ilə bağlı son haqq-hesabını istəmiş, işdən çıxarılandan 1 həftə sonra onun evinə məktub göndərdilər ki, guya onunla əlaqə saxlaya bilməyiblər. Müdirlərdən biri olan xanım ona təqsirsiz olduğunu bildiklərini, amma malların oğurlanmasında o məsul olduğu üçün onun dəymiş ziyanı ödəməli olduğunu dedi. O da oğru təqsirkar olduğu üçün dəymiş ziyanın da məhz onun tərəfindən ödənilməli olduğunu düşünür. Əmək kitabçasını iyun ayının 3-də, işdən çıxarılma əmrini, səhv etmirsə, iyun ayının 5-də almışdır. Əmri həmin vaxt alma səbəbi valideyninin ölməsi və travma alması idi. 7 maydan 3 iyuna qədər işdə olmamışdır. Bölgə müdiri Rza bəy olub. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə yazılı etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir. Etiraz və ərizə onunla əsaslandırılmışdır ki, işəgötürən Cavabdeh MMC ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır və iddiaçı anbardar vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında Tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır və “Mağaza müdirinin” Vəzifə Təlimatı ilə tanış olaraq imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının “Grandmart 7-ci Mikrorayon” mağazasında qida və qeyri-qida mallarının sayımı aparılmışdır və nəticədə 19.982,10 manat məbləğində əskiklik müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “Təhvil-təslim haqqında Tam Sayım” aktı tərtib edilmişdir. Həmin aktla “Grandmart 7-ci Mikrorayon” mağazasında xx.xx.2023-cü il tarixdə qida və qeyri-qida mallarına dair aparılan sayımın nəticəsi müəssisənin icraçı direktoru, satış departamentinin direktoru, kommersiya departamentinin direktoru, maliyyə müdiri, audit şöbəsinin müdiri, mağaza müdiri və təhvil verən mağaza müdiri İddiaçı və mağazanın anbar üzrə müdir müavini X5 tərəfindən imzalanaraq təsdiq edilmişdir. Mağaza müdiri İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru Ramil Məmmədliyə verdiyi xx.xx.2023-cü il tarixli iltizamnamədə qeyd edilir: “Bu iltizamnamə ilə bildirirəm ki, mağazada aparılan inventarizasiya siyahısında 1 nömrəli nömrəsindın 24340 nömrəli sıra nömrəsinə kimi sadalanan bütün mal-material dəyərləri mənim (bizim) iştirakımızla yoxlanıldı və siyahıya alındı, bununla əlaqədar invertarizasiya komissiyasına iddiam (ız) yoxdur. Siyahıda qeyd edilən mal-material dəyərləri mənim (bizim) maddi məsuliyyətimizdə saxlanır”. xx.xx.2024cü il tarixdə mal-pul dövriyyəsinin auditinin aparılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Başirov Şərif Miri oğlu ilə Cavabdeh MMC arasında müqavilə bağlanmışdır. Auditorun 21/06 saylı xx.xx.2024-cü il tarixli rəyinə əsasən Cavabdeh MMC-nin mağaza müdiri İddiaçı və anbardar X2 xx.xx.2023-cü il tarixə öhdəsindəki 19.082,10 manatlıq ehtimal olunan çatışmazlıq ilkin sənədlərə uyğun olaraq düzgün və ədalətli təsəvvür yaradır. Göründüyü kimi iddiaçı tərəfindən əmək funksiyalarının kobud şəkildə pozulması “Təhvil-təslim haqqında Tam Sayım” aktının, iltizamnamənin imzalanması ilə və anbardar X2 izahatı ilə tam təsdiq olunur. Cavabdeh MMC-nin şikayəti əsasında İddiaçı barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparıldıqdan sonra baxılması üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. İddiaçı tərəfindən işlədiyi dövr ərzində işəgötürənə maddi ziyan vurulması və bununla da üzərinə düşən əmək vəzifələrini yerinə yetirməməsi açıqaşkardır və təqdim olunmuş sübutlarla tam təsdiq olunur. İddiaçı imzaladığı aktla işlədiyi dövr ərzində işəgötürənə maddi ziyan vurulmasını təsdiq etmiş və qəbul etmişdir. Hazırda onun bu halları inkar etməsi və qəbul etməməsi, özünü məsuliyyətdən yayındırmaq məqsədi güdür. Qeyd olunmalıdır ki, iddiaçı hazırkı vaxtadək işəgötürənə vurduğu ziyanı ödəməmişdir. Digər tərəfdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş və həmin əmrdə əmək müqaviləsinin ləğvi əsası kimi iddiaçı tərəfindən AR Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan əmək vəzifələrini kobud şəkildə pozulması olmuşdur. Qeyd olunmalıdır ki, əmək müqaviləsi bağlanmaqla tərəflər arasında qarşılıqlı etimad münasibəti qurulur. Qayda olaraq, tərəflər sadəcə müqavilənin bağlandığı anda deyil, gələcəkdə də yerinə yetirilməli olan işlərin görüləcəyinə, müəyyən davranışların davam edəcəyinə güvənərək əmək münasibətinə girirlər. Bu səbəbdən əmək müqaviləsinin tərəfləri qarşılıqlı olaraq etimad şəraitində öz öhdəliklərini davam etdirməyə məcburdurlar. İşçinin əmək funksiyasını, vəzifə borcunu hər hansı formada yerinə yetirməməsi, sözügedən etimad münasibətini tamamilə aradan qaldırmasa belə, onu zədələyir və əmək müqaviləsinin ləğvi üçün bir zəmin yaradır. Bu kimi hallar çoxsaylı və müxtəlif ola biləcəyi üçün qanunverici onları konkret siyahı üzrə sadalamamış, ƏM-nin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv olunmasının bir əsası kimi göstərmişdir. Bununla belə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, işəgötürən əmək münasibətlərini davam etdirməməkdə müvafiq səbəblərə görə haqlı olsun. Bu cür səbəblər (şərtlər) ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan - işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsidir. Normanın məzmunundan da görünür ki, həmin şərtlər ƏM-nin 70-ci maddəsinin “ç” bəndində sadalanan hər iki əsasın deyil, məhz “əmək funksiyası, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməməsinin” nəticəsi kimi qeyd edilmişdir. Başqa sözlə, qanunverici bu məsələdə fərqləndirmə apararaq, sözügedən şərtləri “əmək vəzifələrinin kobud pozulması” halları üçün nəzərdə tutmamışdır. Çünki Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən ikinci əsas (əmək vəzifələrinin kobud pozulması) o hallarla bağlıdır ki, işçinin əxlaqa və ya dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərdə mövcudluğu zəruri olan etimad (güvən) tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır. İddiaçı ilə maddi məsuliyyət haqqında müqavilə imzalanmış və əmək müqaviləsinə əsasən onun əmək vəzifələri olmuşdur. Həmin əmək vəzifələrinə görə iddiaçı mağazada malların satışını elə təşkil etməli idi ki, həmin təşkiletmə işəgötürənə maddi ziyanın vurulması ilə nəticələnməsin. Lakin iddiaçı göründüyü kimi üzərinə düşən əmək vəzifələrini kobud şəkildə pozmuş, işlədiyi dövr ərzində böyük məbləğdə əskikliyin yaranmasına şərait yaratmış və bu hallar da işəgötürənə maddi ziyan vurmaqla nəticələnmişdir. Bu səbəbdən həmin hallar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əsasən o, işəgötürənə vurulmuş maddi ziyana görə məsuliyyət daşıyır. Maddi ziyanın vurulması müxtəlif formalarda özünü biruzə verə bilər. Bu, işçilərin malların oğurlanmasında və iddiaçının buna lazımi qaydada nəzarət etməməsinə, iddiaçı tərəfindən bilavasitə malların çatışmazlığına şərait yaradılması və sair. İddiaçı mağazanın müdiri olmuş məsul olan şəxs olmuşdur və bu səbəbdən yaranmış hər çatışmazlığa görə maddi məsuliyyət daşıyırdı. Aparılmış audit nəticəsində iddiaçının işlədiyi dövr ərzində mağazada malların çatışmazlığı halı öz təsdiqini tapdığı üçün, şirkət onunla əmək münasibətlərini davam etdirilməməsində tam haqlı olmuşdur. Eyni zamanda iddiaçı yaranmış maddi ziyanı ödəməkdən də imtina etdiyi üçün, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək üçün bütün əsasları olmuşdur. Beləliklə, Əmək Məcəlləsinə əsasən işəgötürənin iddiaçı ilə bağlanmış əmək müqaviləsi ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermək hüququ olduğu üçün qəbul edilmiş əmr tam qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən hesab edirlər ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur və bu səbəbdən də irəli sürülmüş tələb əsassızdır və rədd edilməlidir. Bundan başqa, iddia tələbi əmək mübahisəsi olduğundan iddiaçı cavabdehə “qanunsuz işdən çıxarılma (maddələrin dəyişdirilməsi)” ilə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. Təkilif göndərənin imzası yerində müəyyən olunur ki, iddiaçı özü deyil Mehtiyev M.K. adlı şəxs imzalamışdır. Bundan sonra o, mediasiya prosesinin keçirilməsi üçün Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” verilmişdir. Göründüyü kimi mediasiya tətbiqi barədə təklifi başqa şəxs imzalamışdır və mediasiya prosesində olan tələb ilə məhkəməyə verilmiş iddia tələbləri fərqlidir. Hesab edirlər ki, belə olan halda hazırkı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Beləliklə, göstərilənləri nəzərə alaraq iddianın baxılmamış saxlanılması, əks halda isə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Bundan başqa, iddia ərizəsi prosessual normalara uyğun olaraq məhkəməyə verilmədiyindən təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə əmək kitabçasını almış və həmin tarixdən etibarən 1 təqvim ayı ərzində əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Lakin iddiaçı xx.xx.2024cü il tarixdə mediasiya təklifi göndərmiş, xx.xx.2024-cü il tarixdə isə mediasiya qurumuna müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə mediasiya arayışı verilmiş və xx.xx.2024-cü il tarixdə isə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buradan da görünür ki, mediasiya prosesi zamanı (xx.xx.2024-xx.xx.2024) iddia müddətinin axımının dayandırılmasını da nəzərə alsalar, iddiaçı ən gec xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətini ötürmüşdür. (izah: xx.xx.2024-xx.xx.2024-cü il tarixinədək 30 gün + xx.xx.2024-xx.xx.2024-cu il tarixinədək 1 gün = 31 gün) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmədiyindən iddia müddətini ötürmüşdür. Odur ki, İddiaçı iddi müddətini ötürdüyü üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədi, etirazın və ərizənin məzmununa uyğun izahat verərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, o, 2023-cü ilin ortalarından 2024cü ilin əvvəllərinə qədər satıcı kimi işləmişdir. Əmək kitabçasında iş stajı 1 il 18 gün kimi qeyd olunub. 7-ci mikrorayon “Bolmart” mağazasında işləmişdir, hazırda Dəmiryolunda dövlət işində işləyir. Yəni hazırda Cavabdeh mağazasında işləmir. Aytəkin xanım çox dürüst insandır. Aytəkin xanım boş vaxtlarında mağazadakı bölmələri gəzirdi, o da quru qidalar bölməsinə baxırdı. Aytəkin xanım onun olduğu bölmənin qarşısından keçəndə ona zəng gəldi. Həmin zəngdən sonra Aytəkin xanımın üz ifadəsi dəyişdi, ona oğrunun oğurladığı mallara görə özünün dəymiş ziyanı ödəməli olduğunu, ödəmədiyi halda isə mağazanı tərk etməli olduğunu və onun yerinə başqa müdirin təyin edildiyini dedi. O da bu hadisədən sonra Aytəkin xanımla işdən çıxdı. Oğurluq hadisəsi ilə bağlı onu deyə bilər ki, oğru hər dəfə mağazadan səbətdə 500 manatlıq mal aparırdı. Oğru məhsul səbətinə hər dəfə azı 500 manat məhsul qoyub aparırdı. Onun vəzifəsi təyin olunduğu bölməyə baxmaq idi, oradakı məhsulları satırdı. O, Aytəkin xanımın bu cür işdən çıxarılmasına dözə bilmədiyindən bölgə müdiri çıxmasını istəməsə də, özü istəyi ilə işdən çıxmışdır. Aytəkin xanım işə gəlib, amma işdən ona işləmə, çıx deyiblər deyə o işdən çıxıb. Şirkətin direktoru kimi Eşqin bəyi tanıyır. Ona işlə bağlı əmrləri Aytəkin xanım verirdi. Aytəkin xanıma isə əmrləri kimin verdiyini bilmir. Aytəkin xanıma ancaq oğurluqla bağlı ziyanı ödəməli olduğu deyilmişdi. Malların satışına nəzarət etmək orada işləyən 3-4 nəfər nəzarətçinin işi idi. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, toplanmış sübutları araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. - Cavabdeh direktoru X7 tərəfindən verilmiş 101k nömrəli xx.xx.2019-cu il tarixli əmrin və əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı cəmiyyətə 15 may 2019-cu il tarixdən mağaza müdiri vəzifəsinə işə qəbul edilmişdir. - Cavabdeh İRD direktoru X4 tərəfindən verilmiş 250k nömrəli xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı 14 iyul 2023-cü il tarixdən “Bizim market” mağazasına mağaza müdiri vəzifəsinə işə qəbul edilmişdir. - Audit prosedurlarının aparılmasına dair xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, mağaza müdiri İddiaçı və anbardar X5 cəmiyyətdə maddi-məsul şəxs olmaqla, onlarla bağlanmış fərdi əmək müqaviləsinin şərtlərini pozmaqla, öhdələrində müəyyən olunmuş çatışmazlığı tam olaraq Cəmiyyətə ödəməmişlər. Mağaza müdiri İddiaçı və anbardar X2 maddi məsuliyyətlərində xx.xx.2023cü il tarixə 19.082,10 manat ehtimal olunan mal çatışmazlığı qalmışdır. - xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, 7-ci mkr Bolmart mağazasında mağaza müdiri vəzifəsində çalışan İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. - xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, 7-ci mkr Bolmart mağazasında mağaza müdiri vəzifəsində çalışan İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. - xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, 7-ci mkr Bolmart mağazasında mağaza müdiri vəzifəsində çalışan İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. - xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, 7-ci mkr Bolmart mağazasında mağaza müdiri vəzifəsində çalışan İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. - Cavabdeh direktoru X8 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, cəmiyyətin supermarketində mağaza müdiri, mağaza müdir müavini, anbardar, administrator vəzifələrində çalışan işçilər maddi məsul şəxslər təyin edilmişlər. Əmrdə İddiaçı xx.xx.2023-cü il tarixdə Bolmart mkr mağazanı təhvil aldığı, əmrlə tanış olduğu qeyd edilmişdir. - Cavabdeh İnsan Resursları Departamentinin direktoru X4 tərəfindən verilmiş 227/K saylı xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, Cəmiyyətin mağazalar şəbəkəsi bölməsində mağaza müdiri vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (AR-nın ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. - Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin 1.5-ci bəndinə əsasən iş vaxtı və ya iş vaxtından sonra işəgötürənin tapşırıqlarını icra edərkən işçi qanuna zidd, təqsirli hərəkət və/və ya hərəkətsizliyi ilə işəgötürənə və ya digər şəxsə hər hansı bir ziyan vurduqda işəgötürən və/və ya ziyan vurduğu şəxs qarşısında şəxsən tam maddi məsuliyyət daşımaq və vurulmuş ziyanı şəxsən tam şəkildə ödəmək işçinin öhdəliyidir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/9/2024-00846 nömrəli arayışdan və xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. - əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdehndə aylıq əmək haqqı 930 manat olmaqla, mağaza müdiri vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə qüvvədən düşmüşdür. - xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Grandmart 7 Mkr (416) mağazasında ümumi sayım keçirilmişdir. xx.xx.2024-cü il tarixdə yekunlaşdırılmış araşdırmanın nəticəsi olaraq mağazada sayılan məhsullardan 19982.10 AZN əskik aşkar olunmuşdur. Qeyd olunan əskik məbləği mağazada işləyən maddi məsul şəxs anbardar vəzifəsində işləyən X5 4400 AZN olan hissəsinin əmək haqqından tutulmasına etiraz etmədiyini bildirmişdir. - Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən Cavabdeh baş ofisinə gələrək əmək kitabçasını təhvil alması İddiaçı xahiş edilmişdir. - Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 08 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixdən etibarən işə gəlmədiyi müəyyən edilmiş, dəfələrlə şifahi və ya telefonla əlaqə saxlamaq istəsələr də, bu mümkün olmamışdır. İşdə olmaması ilə bağlı 5 iş günü ərzində izahat verməsi iddiaçıdan xahiş olunmuş, əks halda, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi barədə iddiaçıya xəbərdarlıq edilmişdir. - əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh mağaza müdiri vəzifəsinə işə qəbul edilmiş, müqavilə müddətsiz bağlanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin “c” və “e” bəndlərinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırkı mübahisə üzrə iddiaçının işdən çıxarılmasına əsas olan Cavabdeh 227/K saylı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, mübahisələnirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, sadəcə “AR-nın ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması” ilə əsaslandırılmışdır. Lakin qeyd edildiyi kimi vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret nədən ibarət olması əsaslandırılmamış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamışdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə hesab edir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə yekunda onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, Cavabdeh ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Cavabdeh İnsan Resursları Departamentinin direktoru X1 227/K saylı xx.xx.2024-cü il tarixli əmri qanuni hesab edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.1-ci, 296.2-ci, 296.4-cü maddələrinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edildiyini və bu barədə Cavabdeh 227/K saylı xx.xx.2024-cü il tarixli əmrinin mövcud olmasını bilsə də, cavabdehə mediasiya prosesin tətbiqi barədə təklifi 1 ayın tamamında - xx.xx.2024-cü il tarixdə göndərmiş, ilkin mediasiya sessiyası xx.xx.2024cü il tarixdə keçirilmiş, məhkəməyə əmrin ləğv edilməsi tələbi ilə ilkin mediasiya sessiyasının keçirilməsindən 19 gün sonra - xx.xx.2024-cü il tarixdə müraciət etmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş bir aylıq iddia müddətini ötürmüşdür. Bununla bağlı olaraq məhkəmə iş üzrə ən mühüm hal kimi qeyd edir ki, iddiaçının Cavabdehnə qarşı işə bərpa edilməsinə dair iddia verməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti buraxması onun tələbinin rədd edilməsi qənaətinə gəlinməsi üçün əsas kimi qəbul edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-390/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-390/2025
22.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver