Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3907/2020 15.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Mütəllim qızı, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh Mütəllim qızına qarşı yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasın-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Mütəllim qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ünvan 1 ünvanındakı 77 saylı mənzildən azyaşlı uşaqları ilə birlikdə özlərinə məxsus əşyalarla birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı 77 saylı mənzil onun xüsusi mülkiyyətindədir. X1 ilə Cavabdeh Mütəllim qızı arasında xx.xx.2007-ci il tarixdə nikah bağlandıqdan sonra cavabdeh onun mülkiyyətində olan mənzilə köçərək hal hazıra kimi orada yaşayır Birgə nikahdan iki övladı -xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X8 anadan olmuşlar. Cavabdeh mübahisəli mənzildə 2007-ci ildən, yəni onun oğlu ilə evləndikdən sonra yaşayırlar. Həmin vaxt Qusar şəhərində pasport qeydiyyatında olmuş, 2015-ci il tarixdən isə onun razılığı ilə mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Mübahisəli mənzil 2 otaqlıdır, mənzilin mətbəxidə otaq kimi düzəldilmiş, mətbəx isə balkona keçirilmişdir. Bir otağında ozü, qalan 2 otaq isə cavabdehin istifadəsindədir. Cavabdeh həmin mənzilə pasport qeydiyyatına düşəndən sonra onunla daimi münaqişələr, ailədə səbəbsiz olaraq hər gün söz söhbət yaradırdı. Ona qarşı dəfələrlə hörmətsizlik edərək, təhqir etmiş, hətta uşaqlarla ünsiyyətdə olmağına qadağan edir, onunla nəvələr arasında mübahisə yaradaraq vəziyyəti dözülməz həddə çatdırırdı ki, o, evi tərk etsin. O, hətta təklif edirdi ki, mənzili satıb ayrı mənzil alınsın, cavabdeh isə razı olmadı və baxmayaraq ki, o, mənzilin mülkiyyətçisidir. Cavabdeh dəfələrlə ondan mənzili tərk etməsini tələb edirdi. Cavabdehin həmin mənzilə heç bir hüququ olmadığı halda öz hərəkətləri ilə onun mülkiyyət hüququnu pozur. İddiaçı öz mülkiyyətindən istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququndan məhrum edilir. . Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Mütəllim qızı iddianı qəbul etmədi və izahatında qeyd etdi ki, o, iddiaçının X1 ilə xx.xx.2007-ci il tarixdə nikahlarını bağlamışlar. Evləndikdən sonra o, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanındakı 77 saylı mənzilinə köçmüş və birlikdə yaşamağa başlamışlar. Həmin ünvanda yaşadıqları müddətdə birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X8 anadan olmuşlar. Həmin mənzilə iddiaçının razılığı ilə qeydiyyata düşmüş və hal hazıra kimidə ailəsi ilə birlikdə orada yaşayır. Odur ki, iddianının rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədi və Cavabdeh Mütəllim qızının izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli ÖM seriyalı 243204 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, məhəllə 4094, ev 3, 77 saylı mənzil (sonradan-mübahisəli mənzil) İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. Cavabdeh Mütəllim qızı və iddiaçının X1 xx.xx.2007-ci il tarixdə nikahlarını bağlamışlar (Sabunçu rayonu VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 341086 №-li nikahın bağlanması haqqında şəhadətnamə). Cavabdeh Mütəllim qızı və X4 birgə nikahdan xx.xx.2007-ci il tarixdə Zülfiyyə və xx.xx.2007-ci il tarixdə Amir adlı uşaqları doğulmuşdur (Sabunçu rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 005920 №-li və AZ-İV seriyalı 344642 №-li və Sabunçu rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 005920 №-li və AZ-İV seriyalı 807492 №-li doğum haqqında şəhadətnamələrin surəti). Cavabdeh Mütəllim qızı, əri X6 və uşaqları X3 və X2 mübahisəli mənzildə qeydiyyatdadırlar (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 4 saylı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2020-ci il tarixli arayış). Hazırda iddiaçı cavabdehin mübahisəli mənzildən azyaşlı uşaqları ilə birlikdə özlərinə məxsus əşyalarla birlikdə çıxarılmasını istəyir. Aşağıda qeyd olunan əsaslara görə məhkəmə iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin mənasına əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzildir. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri onun şəxsiyyət vəsiqəsilə müəyyən edilir. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin mübahisəli mənzildə qanuni qeydiyyatı var, həmin qeydiyyat formal xarakter daşımır, cavabdeh uşaqları ilə birlikdə orada yaşayır, yəni həmin mənzil onun yaşayış yeridir. Belə olan halda məhkəmə hesab edir ki, onun mənzildən istifadə hüququna xitam verilmədən çıxarılması qanuni ola bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 216-220-ci maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-3907/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3907/2020
15.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver