Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-3963/2023 12.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı Cavabdeh qarşı nikahın etibarsızlığı, maddi ziyanın ödənilməsi və aliment tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar prosessual hərəkət kimi nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı nikahın etibarsızlığı, maddi ziyanın ödənilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2022-ci il tarixdə bağlanmış nikahın etibarsız hesab edilməsi, iddiaçının cavabdeh tərəfindən etibarsız nikaha daxil olmasına vadar edilməsi nəticəsində iddiaçının üç illik müqavilə əsasında işlədiyi yer üzrə işdən ayrılmasına görə vurulmuş 10.300 manat məbləğində (mükafatlar daxil) maddi zərərin və cavabdehdən iddiaçının saxlanılması üçün iddiaçının xeyrinə 30.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Müəyyən olunur ki, iddiaçının istinad etdiyi halları təsdiq edən sübutların siyahısı iddia ərizəsinə əlavə edilməmiş, eləcə də, iddia ərizəsinə yalnız mediasiya arayışı (elektron qaydada) əlavə edilmişdir. Bundan başqa, iddiaçı nikahın etibarsız hesab edilməsi ilə yanaşı, eyni vaxtda cavabdehdən maddi zərərin və özünün saxlanılması üçün pulun tutulmasını xahiş etməklə, bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmişdir. Qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı, iddiaçıya ərizədə qeyd edilən nöqsanlar aradan qaldırıldaqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı nikahın etibarsızlığı, maddi ziyanın ödənilməsi və aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-3963/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-3963/2023
12.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver