Məhkəmə qərarları › İş №e-2(008)-3974/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3974/2024

29.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3974/2024 29.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımova Zərif Rafil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o xx.xx.1952-ci il tarixdə Rusiya Federasiyasının Ryazan vilayətində anadan olmuşdur. xx.xx.1976-cı il tarixdə Cavabdeh ilə aralarında rəsmi nikah bağlanmışdır. Bu nikahdan 2 övladı olmuşdur. xx.xx.1994-cü il tarixdə nikaha xitam verilmişdir. Nikah münasibətlərində olduğu zaman qızı X6 atası Cavabdeh tərəfindən müxtəlif cinsi zorakılıq əməllərinə məruz qalmışdır. Daha sonra bu ona məlum olan zaman tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunmuş, Cavabdeh barəsində cinayət işi başlamışdır. Məlum olmuşdur ki, Cavabdeh qızı X1rşı şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə ağır cinayət törətmişdir. Bakı Şəhər Məhkəməsinin xx.xx.1993-cü il tarixli İ-20/93 saylı hökmü ilə Cavabdeh 14 il müddətinə azadlıqdan məhrum edilmişdir. X9 bu hadisələrdən sonra ciddi mənəvi psixoloji sarsıntılar keçirmiş, bütün həyatı məhv olmuşdur. Keçirdiyi psixoloji sarsıntılar səbəbindən ömür boyu əzab-əziyyət çəkmiş, ömrünün sonuna qədər ailə həyatı qurmamışdır. Atası Cavabdeh adlı şəxs öz qızının həyatını məhv etmiş, onu ömür boyu əzab-əziyyətə düçar etmişdir. Sonralar qızı dəfələrlə beyin insultu keçirmiş və xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X9 vəfat etdiyindən hazırda onun miras əmlakının vərəsələr arasında bölüşdürülməsi həyata keçirilir. Belə ki, 90GR404 qeydiyyat nişanlı Mitsubishi Pajero markalı minik avtomobili və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak mərhum X9nın miras əmlakıdır. Öz övladına qarşı belə bir ağır cinayət törətmiş və onun həyatını məhv etmiş şəxs onun vərəsəsi ola bilməz və miras əmlakdan ona pay ayrıla bilməz. Bu səbəbdən həmin şəxs ləyaqətsiz vərəsə elan olunmalı və miras əmlakdan məhrum edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə prosesində iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının vəkillinin izahatını dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan 440-0708/2013 nömrəli xx.xx.2013-cü il tarixli arayışından görünür ki, X6 müqavilə əsasında ünvan 2 ünvanda "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasında 49,6 kv.metr mansarda üzv olub və mansardın dəyərini tam ödəmişdir. İş materiallarında olan Bakı Şəhər 1-ci instansiya Məhkəməsinin 1-20/1993 nömrəli xx.xx.1993-cü il tarixli hökmündən görünür ki, Cavabdeh öz yetkinlik yaşına çatmamış qızı xx.xx.1978-ci il təvəllüdlü, uşağlığdan əlil olan X2 köməksiz vəziyyətindən istifadə edib onunla cinsi əlaqəyə girməsi səbəbindən Azərbaycan Respublikası Cinyət Məcəlləsinin 109-cu maddəsinin 4-cü hissəsinə əsasən təqsirli bilinib və Cinayət Məcəlləsinin həmin maddəsi ilə ciddi rejimli islah-əmək koloniyasında saxlanılmaqla, 14 (on dörd) ilə qəsədr azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan 386/1M nömrəli xx.xx.2013-cü il tarixli müaqvilədən görünür ki, X6 "xxxx" MTK ilə müqavilə bağlayaraq ünvan 2 ünvanda yerləşən 49,6 kvmetr mansarı almışdır. İş materiallarında olan 406183 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında 24 iyul 1976-cı ildə 2494 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Samuylova soyadı verilmişdir. İş materiallarında olan Vİ-ЖГ 315217 nömrəli doğum haqqında şıhadəıtnamənin surətindən görünür ki, X6 xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan İİ-ЖГ 305330 nömrəli boşanma haqqında şıhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları 27 iyul 1994-cü ildə pozulmuşdur. İş materiallarında olan AC seriyalı 624411 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin suətindən görünür ki, 90GR404 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı minik avtomobili X3 mülkiyyətindədir. AZ-İİ 389218 nömrəli öüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, 100 manat məbləğində dövlət rüsumu İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1138-ci maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair AZƏRBAYCAN RESPUBLİKASİ KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1137ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Beləliklə məhkəmə qeyd edir ki, hazırki mülki işdə mirası qoyanın anası məhkəməyə müraciət edərək, miras qoyanın atasının miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olduğu mülki işin matrailları ilə sübuta yetirilsədə, məhkəmə araşdırılması zamanı sözügedən hərəkətlərin məhz miras qoyanın son iradəsinə yönəlmədiyi və bunlada əxlaqsız hərəkət etmiş şəxsin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş olduğu müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Belə ki, əxlaqsız hərəkət etmiş şəxs yəni cavabdeh bu hərəkətləri edən zaman miras qoyan azyaşlı olmuş və həmin dövürdə azyaşılının hərhansı bir miras əmlakı olmamışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair AZƏRBAYCAN RESPUBLİKASİ KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmiş- Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva etmiş olduğu izah edilsədə, məhkəmə qeyd edirki, bu zaman miras qoyan özü sağikən hazırki iddia tələbi ilə özü məhkəməyə müraciət etməli olardı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi günddddən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar