Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4081/2025 18.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi və 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi və 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü qızı X1 27 fevral 1991-ci il tarixində ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1964-cü il tarixində Bakı şəhərində anadan olmuşdur və hal-hazırda qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 80, m 13-də ailəsi ilə birlikdə yaşayır. Mərhum qızı X5 xx.xx.1988-ci ildə Bakı şəhəri Nərimanov rayonunda anadan olmuşdur. Mərhum qızı X5 27 fevral 1991-ci il tarixində xəstəliyi ilə əlaqədar ev şəraitində vəfat etmişdir və onu 27 fevral 1991-ci il tarixində qohum qonşu və digər tanış şəxslərin iştirakı ilə Astara rayonu Siyakü nümayəndəliyinin Bio kəndinin qəbirstanlığında dəfn etmişlər. Lakin bugünə kimi onun ölüm haqqında şəhadətnaməni vacib olmayacaq deyə müraciət edib almamışdır. Hazırda vərəsəlik işi açılmışdır, lakin mərhum qızının ölüm haqqında şəhadətnamə almamağı səbəbindən onun adı sağ olan şəxslər siyahısındadır. Bu səbəbdən də qızı X5 vəfat etdiyindən onun ölüm haqqında şəhadətnaməsi lazım olduğunu bildirdilər. Bu səbəbdən də o, mərhum qızı X1 ölüm haqqında şəhadətnaməsini almaq üçün 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməsini məsləhət gördülər. Bundan sonra aidiyyatı üzrə 18 nömrəli Uşaq Poliklinikasına mərhum qızının ölüm haqqında tibbi şəhadətnaməsinin alınması barədə müraciət etmişdir. Lakin mərhum qızının ölümü ilə bağlı poliklinikada məlumat əşkar edilmədiyindən şəhadətnamənin verilməsi mümkün olmamışdır. O, bu səbəbdən mərhum qızı X1 ölüm faktının müəyyən edilərək məhkəmə qərarı ilə şəhadətnamə alınması üçün faktiki yaşadığı ərazi üzrə Sabunçu Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Daha sonra ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.1988-ci il təvəllüdlü X1 27 fevral 1991ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi və 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, Aidə xanım xalası oğlunun həyat yoldaşıdır. Məxluqə də Aidə xanımın qızı idi. Ölüm vaxtı qış ayları idi. Onlar o zaman Bakı şəhəri Nərimanov rayonunda yaşayırdılar. Uşaq 1991-ci ildə Nərimanov rayonunda vəfat etmişdir, onun 16 yaşı var idi, onların kəndində dəfn etmişlər. Ölüm vaxtı kimi fevral ayı yadında qalmışdır. Astara rayonunun Siyaku kəndində dəfn olunub. Aidə xanım Zaqatalalıdır, xalası oğlu Yaşar isə Astaralıdır. Yas mərasimlərində, dəfnində iştirak etmişdir. Uşağın ölümünə səbəb xərçəng xəstəliyi olmuşdur. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirmişdir ki, o, Astara rayonunun Siyakü kəndindəndir. Həsənov Yaşar dayısı oğludur. Aidə də dayısı oğlunun həyat yoldaşıdır. Qızları Məxluqə 1988-ci ilin iyun ayında doğulub, 1991-ci ilin fevral ayında ölüb. Uşaq Bakı şəhərində ölüb, amma Astarada kənddə dəfn olunub. Yas mərasimində bir dəfə olmuşdur, dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, o, mərhumun əmisidir. Aidə isə gəlinləridir. Məxluqə adlı qızları da 1988-ci ildə anadan olub, 1991-ci ildə fevral ayında ölüb, gününü isə dəqiq xatırlamır. Onlar həmin vaxtı Nərimanovda Bakıda yaşayırdılar. Uşağı kəndə gətirdilər, kənddə yuxarıda yerləşən qəbirstanlıqda da dəfn etdilər. Bakıda vəfat etmişdir. Yas və dəfnində iştirak etmişdir. Həmin vaxtlar mənim 17-18 yaşı olardı. O vaxtlar körpə uşaqlar üçün başdaşı qoymurdular. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X1 doğumu Nərimanov rayon Qeydiyyat şobəsi tərəfindən xx.xx.1988-ci ildə 1296 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. - 1AZ-İ seriyalı 375163 nömrəli elektron doğum haqqında akt qeydinin surətindən görünür ki, X6 xx.xx.1988-ci il tarixdə doğulmuşdur, atası X4, anası X7r. - 18 nömrəli Uşaq Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş və xx.xx.1991-ci il tarixində vəfat etmiş X5 barədə ölüm haqqında hər hansı məlumat aşkar edilmədiyindən şəhadətnamənin verilməsi imkan xaricindədir. - Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyəti başçısının Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 295 nömrəli arayışdan görünür ki, X5 1991-ci il tarixdə vəfat etmişdir. O, nümayəndəliyin Bio kəndinin qəbirstanlığında dəfn edilmişdir. - İş materiallarında olan foto şəkillərdən görünür ki, X5 xx.xx.1988-ci il tarixdə doğulmuş və xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X1 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X1 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1988-ci il təvəllüdlü X1 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X1 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-4081/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4081/2025
18.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver