Məhkəmə qərarları › İş №e-2(008)-4087/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4087/2025

04.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4087/2025 04.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 1/6 pay hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Zabrat qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 7 saylı evdən və həmin evə məxsus olan torpaq sahəsindən istifadəyə yaratdıgı maneənin aradan qaldırılması və onun həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən evin 5/6 hissəsi cavabdehin, 1/6 hissəsi isə onun adına daşın mazəmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə çıxarış verilmişdir. Cavabdehin bu ev üzərində mülkiyyət hüquqları olsa da, o bu evdə yaşamır və onun da bu evdə yaşamağına imkan vermir, belə ki, o, evin qapı açarını dəyişmiş və onu bu evə buraxmamışdır. Uzun illər aralarında miras əmlakdan payların bölgüsü ilə bağlı məhkəmə mübahisələri olmuş və cavabdeh ona kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmış, onun iddia tələbi təmin edilməmişdir. Cavabdeh məhkəmədə ona qarşı payların naturada bölünməsi barədə iddia qaldırmış, lakin Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-228/2024 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Belə ki, məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və ekspert tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəylə həmin evin paylara uyğun bölünməsi qeyri-mümkün sayılmışdır. Artıq xeyli müddətdir ki, o, öz əmlakından məhrumdur, istifadə hüquqları məhdudlaşdırılır. Buna görə də qeyd edilən evdən onun istifadə hüquqlarına yaradılmış maneə aradan qaldırılmalı və o, bu evə köçürülməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, əlavə olaraq bildirdi ki, cavabdeh mülkiyyətin ona aid olan hissəsinə köçüb yaşamasına maneələr yaratmışdır. Onun tərəfindən qoyulmuş qapı cavabdeh tərəfindən bağlanılmış və onun həyətə girməsinə maneə yaradılmışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayədəsi X2 izahatında bildirmişdir ki, iddiaçıya barışıq sazişi bağlamaq təklif edilsə də, buna razı olmamışdır. Hazırda orda yaşayış yoxdur. Həyət təmir edilsə də, aralarındakı mübahisə səbəbindən ora köçüb yaşaya bilmirlər. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.11315 ha olan torpaq sahəsinin və ümumi sahəsi 239.2 kv.m olan fərdi yaşayış evinin 1/6 hissəsi xx.xx.2017-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin, qeyd olunan fərdi yaşayış evinin və torpaq sahəsinin 5/6 hissəsi Cavabdeh məxsusdur. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-228/2024 nömrəli, xx.xx.2024cü il tarixl qətnaməsi ilə iddiaçı Cavabdeh Süleymanov X4 qarşı ünvan 3 ünvanda yerləşən evin 5/6 hissəsinə onun payının, 1/6 hissəsinə cavabdehin payının naturada mənzil şəkilində bölünməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.11315 olan torpaq sahəsinin və ümumi sahəsi 239.2 kv.m olan fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətindədir. Cavabdeh iddiaçının bacısıdır. İddiaçının mübahisəli fərdi yaşayış evinə və torpaq sahəsinə daxil olmasına, evdə yaşamasına cavabdeh tərəfindən maneçilik törədilmiş və hüquqlarının təmin olunması məqsədi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mübahisəli daşınmaz əmlak iddiaçı ilə cavabdehin ümumi birgə əmlakıdır. Ona görə də cavabdeh iddiaçını həmin əmlaka daxil olmağa maneçilik törətmək və evdə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Məhkəmə hesab edir ki, qeyd edilən halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.11315 olan torpaq sahəsinin və ümumi sahəsi 239.2 kv.m olan fərdi yaşayış evi üzərində davamlı şəkildə maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması kimi baxılmalıdır. İnsan hüquqları üzrə Avrpa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, «mülkiyyətə müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümlünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v. Turkey, xx.xx.1996, § ЫЫ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi xüsusi mülkiyyətində olduğundan, cavabdehin iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.11315 olan torpaq sahəsinin və ümumi sahəsi 239.2 kv.m olan fərdi yaşayış evindən istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalı və İddiaçı həmin fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 1/6 hissədə xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.11315 olan torpaq sahəsi və ümumi sahəsi 239.2 kv.m olan fərdi yaşayış evindən İddiaçı istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın və İddiaçı həmin fərdi yaşayış evinə köçürülsün. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar