Məhkəmə qərarları › İş №e-2(008)-4155/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4155/2024

06.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4155/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, uşaqları Cavabdeh1, X9 və X4 əmlakları ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi, 11a nömrəli evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona Azərbaycan Respublikası Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 716 nömrəli sərəncamına əsasən ona Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsində 00/11 nömrəli 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı ona ayrılan torpaq sahəsində 2000-ci ilin avqust ayında bir mərtəbəli 4 otaqlı yaşayış sahəsi inşa etdirmişlər. Ev tikilən vaxt oğlu X7 hərbi xidmətdə olmuşdur. xx.xx.2004-cü ildə oğlu X7 ilə Cavabdeh2 qeyri-rəsmi ailə həyatı qurmuşlar. Yaşamağa yerləri olmadığına görə müvəqqəti olaraq onlara iddiaçıya məxsus olan evdə yaşamağa icazə vermişdir. Bir müddət mehriban yaşasalar da, sonradan Cavabdeh2 təqsiri ucbatından münasibətlə gərginləşmişdir. Cavabdeh ayrı yaşamaq istədiyinə görə 2019-cu ilin avqust ayında uşaqları Cavabdeh1, X9 və X10 ilə birlikdə həmin evdən çıxaraq Yasamal rayonunda ev tutaraq orada yaşamağa getdilər. 2022-ci ilin may-iyun aylarında oğlu evə gələrək iddiaçıdan və atasında xahiş edərək bildirmişdir ki, işi yoxdur kirayə haqqını da verə bilmir. Xahiş etdi ki, müvəqqəti olaraq həmin evdə yaşasınlar. X1 da oğlunun işləməməsini nəzərə alaraq onların iddiaçının evində müvəqqəti yaşamasına icazə verdi. Mərhum həyat yoldaşı X5 02 avqust 2022-ci il tarixdə rəhmətə getmişdir. İddiaçı cavabdehdən uşaqları ilə birlikdə mənzilindən çıxmasını tələb edəndə ona bildirib ki, 50000-60000 manat verilsə evdən çıxa bilər. Halbuki, cavabdehin onun evindən çıxmasına görə pul tələb etməsinə heç bir hüququ yoxdur. İddiaçının oğlu X7 ilə Cavabdeh2 artıq xeyli vaxtdır ki, ər-arvad münasibətləri yoxdur və birgə təsərrüfat aparmırlar. Hətta Cavabdeh2 ondan Bakı Şəhəri Sabunçu Rayon Pİ-nin 15-ci PBnə şikayət etmişdir ki, guya onu döymüşdür. Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçı tərəfindən araşdırma aparıldı və iddiaçının onu döyməyi sübut olunmadı. İddiaçı hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Bakı şəhəri Sabunçu rayonu R.Axundov küçəsi 11a nömrəli evin 300 kv.m həyətyanı torpaq sahəsinə dair Bakı şəhəri Sabunçu Rayonu Zabrat Bələdiyyəsi tərəfindən xx.xx.2018-ci ildə yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsinə görə hər il torpaq vergisi də ödəmişdir. Belə ki, bu mübahisənin spesifikasını nəzərə alaraq tələbi mülkiyyət baxımından da araşdırmağı zəruri hesab edir. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 716 nömrəli sərəncamına əsasən ona Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi R.Axundov küçəsində 00/11 nömrəli 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 2000-ci ilin avqust ayında tikilmiş 4 otaqdan ibarət yaşayış evi vardır. Onun yuxarıda qeyd olunan yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən mənzil gözlənilən mülkiyyət kimi ona məxsus torpaq sahəsində inşa edilmişdir. Dövlət isə onun yaşayış sahəsi üzərində ilkin mülkiyyət hüquqlarının yaranmasını qanuni hesab edir, həmin qeydiyyatı tam mülkiyyət hüququnun qeydə alınması üçün ilkin hüquq müəyyənedici sənəd kimi tanınmışdır. Onun yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən ev iddiaçının gözlənilən hüquq kimi xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edildiyi üçün özbaşına tikili kimi qəbul edilə bilməz. Yəni qeyd edilən tikili üzərində onun gözlənilən mülkiyyət hüququ mövcuddur. Həmçinin yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. İddiaçı ilə cavabdeh arasında torpağın istifadəsi ilə bağlı heç bir qanuni razılaşma yoxdur. Halhazırda cavabdeh ilə oğlunun da ailə münasibətləri pozulmuşdur. Əgər, yuxarıda göstərilən halları nəzərə almadan məhkəmə cavabdehləri qeyd edilən yaşayış sahəsindən çıxarmasa, bu halda onun yaşayış sahəsi ilə bağlı hüquqlarından əlavə yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqları da pozulacaq. Ona görə ki, torpaq sahəsindən istifadə edilmədən yaşayış sahəsindən istifadə qeyri-mümkündür. Cavabdeh2 onun ailə üzvü olmamışdır. Cavabdeh2 ona münasibətdə də "digər qohumlar" kimi aid edilən şəxslər kateqoriyasına da aid edilə bilməz. Belə olan halda cavabdehin həmin mənzildən istifadə hüququnun yaranmasından ötrü onunla (mülkiyyətçi ilə), cavabdeh arasında razılaşması olmalıdır. Lakin Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 716 nömrəli sərəncamına əsasən ona Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi R.Axundov küçəsində 00/11 nömrəli 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində yerləşən evin gözlənilən mülkiyyətçisi olaraq onunla mənzildən istifadə edilməsinə dair cavabdehlə arasında hər hansı bir razılaşma olması da, müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçının oğlu hal-hazırda mübahisəli evda yaşayır. Cavabdehlərdən Aygünün istifadə hüququ yaranmayıb, bundan sonra da birlikdə yaşamaqları mümkün deyildir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin qəbul etməyərək bildirmişdir ki, hər 2 tərəfin razılığı ilə qanuni ailə qurmuşlar. Dəfələrlə nikahın bağlanması üçün müraciət etsə də, əri buna razı olmayıb. Qaynatası rəhmətə gedəndən qaynanası evi satıb, qızlarına vermək istəyir. Əgər onun hüququ yoxdursa da, qızının bu hüququ vardır. O, 3 il ayrı evdə yaşamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan İ-ЖГ seriyalı 430528 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı xx.xx.1979-cu ildə nikaha daxil olmuşlar. - MH seriyalı 053552 nömrəli Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri Atatürk prospekti 37 nömrəli yaşayış evinin 126 nömrəli mənzili X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 853 səhifə 128122 qeydəalma 30/128122 nömrəsi ilə xx.xx.1997ci ildə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 716 nömrəli sərəncamın surətindən görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi R.Axundov küçəsində 00/11 nömrəli 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. - AZ-İİ seriyalı 633280 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuşdur və ata qrafasında X7 qeyd edilmişdir. - xx.xx.2018-ci il tarixli 755 qeydiyyat nömrəli yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı Zabrat qəsəbəsi Musa Bayramov küçəsi ev 11a ünvanının vergi ödəyicisidir. - Sabunçu Rayonu Zabrat Bələdiyyəsinin 003860 nömrəli tədiyə bildirişinin surətindən görünür ki, 2019-cu il üçün torpaq vergisi İddiaçı tərəfindən ödənilmişdir. - Sabunçu Rayonu Zabrat Bələdiyyəsinin 007488 nömrəli tədiyə bildirişinin surətindən görünür ki, 2020-ci il üçün torpaq vergisi İddiaçı tərəfindən ödənilmişdir. - 000000033722625 nömrəli Tədiyə bildirişinin surətindən görünür ki, 2020-ci il üçün torpaq vergisi də İddiaçı tərəfindən ödənilmişdir. - AZ-İİ seriyalı 316160 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci ildə vəfat etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında X10, X6, X9, İddiaçı, X11, Cavabdeh1 qeydiyyatdadırlar. - Bakı şəhəri A.İ.Məmmədov adına 38 saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli 57 nömrəli arayışından görünür ki, X10 xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək Bakı şəhəri Yasamal rayonu A.İ.Məmmədov adına 38 saylı tam orta məktəbdə təhsil alıb. - Bakı şəhəri A.İ.Məmmədov adına 38 saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli 58 nömrəli arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək Bakı şəhəri Yasamal rayonu A.İ.Məmmədov adına 38 saylı tam orta məktəbdə təhsil alıb. - Bakı şəhəri A.İ.Məmmədov adına 38 saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli 59 nömrəli arayışından görünür ki, X9 xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək Bakı şəhəri Yasamal rayonu A.İ.Məmmədov adına 38 saylı tam orta məktəbdə təhsil alıb. İş üzrə müəyyən edilmişdir ki, 2020-ci ilə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsində 00/11 nömrəli 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmış və üzərində fərdi yaşayış evi inşa edilmişdir. Cavabdehlərdən Cavabdeh2 iddiaçının oğlu ilə qeyri-rəsmi nikaha daxil olaraq sözügedən evdə yaşamağa başlamışdır. Digər cavabdeh olan Aydan və onun yetkinlik yaşına çatmayan bacı-qardaşı Fidan və Tural iddiaçının nəvələridir. Sözügedən mənzilə iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmasa da, evin yerləşdiyi torpaq sahəsi ona evin tikintisi üçün qanunamüvafiq formada ayrılmışdır. İşin araşdırılmalı halı idddiaçının həmin iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olması və cavabdehlərin qeyd olunan ünvana dair hansı hüquqlarının olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Göstərilən normaya əsaslanaraq məhkəmə hesab edir ki, mübahisəyə oxşar, yəni mülkiyyətçi ilə yaranan münasibətləri tənzimləyən qanunverilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı xx.xx.2015-ci il tarixli Qərarından görünür ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş "mülkiyyət" anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "mülkiyyət hüququ" kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından "mülkiyyət" hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). "Mülkiyyət" anlayışı "mövcud mülkiyyətlə" məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda "qanunidir". Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). Məhkəmə belə nəticəyə gəlir ki, baxmayaraq ki, mübahisəli evə iddiaçının hüquqları qeydiyyatdan keçməmişdir, onun qeyd olunan evə dair "qanuni gözlənti" hüququ var. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göstərilən normadan görünür ki, yaşayış evindən istifadə hüququ mülkiyyətçi ilə yanaşı onunla birgə yaşayan ailə üzvlərinə mənsubdur. Sözügedən ailə üzvlərinin yetkinlik yaşına çatmayan uşaqları da həmin yaşayış evinə köçürmək ixtiyarına malikdirlər. Başqa şəxslərin mübahisəli evə köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Cavabdeh2 ilə iddiaçının oğlu Cavadov Samir arasında rəsmi nikah münasibətləri olmadığından, Cavabdeh2 iddiaçının yaxın qohumu və ailə üzvü hesab olunmur. Deməli, sözügedən evə "gözlənti hüququ" olan iddiaçının ailə üzvü olmayan Cavabdeh2 ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evə dair heç bir hüququ yaranmamışdır və o, həmin ünvandan çıxarılmalıdır. Digər cavabdeh olan Cavabdeh1 münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının oğlu X7 mübahisəli evdə yaşayır, onun həmin evə istifadə hüququ iddiaçının ailə üzvü olmasından irəli gəlir. Cavabdeh1 isə X3 qızı olduğuna görə həmin evdən istifadə hüququ qazanmışdır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə müvafiq olaraq onun atası öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış evinə köçürmək ixtiyarına malikdir. Bu səbəbdən də, iddia bu hissədə təmin olunmamalıdır. Eyni hal yetkinlik yaşına çatmayan digər uşaqlar, Fidan və Turala da tətbiq olunur və onlara aid hissədə də iddia tələbi təmin olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 100 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edildiyi üçün məhkəmə hesab edir ki, 50 manat məbləğin pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya aid edilməli, qalan məbləğ iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ünvan 3 nömrəli mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar