Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-419/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı2 və onun nümayəndəsi Vəkil1, Cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı "paylı mülkiyyətdə olan evin naturada bölünməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı "paylı mülkiyyətdə olan evin naturada bölünməsi" tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Yunusov (Yunisov) küçəsi 31 nömrəli evin naturada bölünməsi, bu mümkün olmadıqda fərdi yaşayış evinin iddiaçıların hər birinin payına uyğun hissəsinin dəyəri olaraq müvafiq kompensasiyanın cavabdeh tərəfindən onlara ödənilməsi, bu mümkün olmadıqda isə fərdi yaşayış evinin açıq hərracda satılaraq satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında paylarına uyğun 1/3 hissədə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər bacı-qardaşdırlar. Münasibətləri yaxşı deyil. Mübahisəli ev Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Yunusov (Yunisov: tərəflərin şəxsiyyət vəsiqələrində Yunusov, çıxarışda isə Yunisov qeyd olunmuşdur) küçəsi ev 31 onlara atalarından miras qalmışdır. Mübahisəli ünvanda həyətdə faktiki artırmalarla, iki ev mövcuddur, 3 otaqlı və 2 otaqlı. 3 otaqlı evdə əvvəllər iddiaçılardan İddiaçı2 (həyat yoldaşı rəhmətə gedəndən sonra ata evinə geri qayıtmışdır) valideynləri ilə birlikdə yaşamış, 2 otaqlı ev isə cavabdeh və ailəsi üçün ayrılmışdır. İddiaçılar miras əmlakla bağlı özlərinə aid 1/3 hissədə rəsmiləşdirmə apararaq, müvafiq çıxarışlar almışlar. Hazırda mübahisəli ünvanda iddiaçılardan İddiaçı2 və cavabdeh hərəsi özünə aid evdə yaşamaqdadır. Lakin cavabdeh orada həmin iddiaçının yaşamağına hər vasitə ilə mane olur. Dəfələrlə iddiaçını döymüş, evdən qovmuş və başqa oxşar əngəllər yaratmışdır. Evlərin ünvanları bir olduğundan kommunal xidmətlərlə bağlı sayğaclar da eynidir. İddiaçı öz sayğaclarını dəfələrlə ayırmağa çalışsa da, cavabdeh hər dəfə buna mane olmuş, ora gələn kommunal xidmət əməkdaşlarını evdən qovmuşdur. İddiaçı bir neçə dəfə cavabdehin hərəkətlərindən hüquq mühafizə orqanlarına şikayətlər də etmiş, sonradan qohumlarının təkidi ilə həmin şikayətlərini geri götürmüşdür. Əvvəllər iki evin arasında hasar olmuş, sonradan cavabdeh tərəfindən həmin hasar da sökülmüşdür. Həmin iddiaçının orada faktiki yaşaması cavabdehin hərəkətlərinə görə demək olar ki, mümkünsüzdür. İddiaçılar birlikdə cavabdehin payına və ya onların payına uyğun olaraq cavabdehin onlara müvafiq kompensasiya ödənilməsini təklif etsələr də, cavabdeh bununla razılaşmamış, buna görə də iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, evin naturada bölünməsi mümkün deyildir, ona görə kompensasiya ödənilməsinə razıdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, ekspert rəyi ilə razı deyillər, evin qiyməti evin vəziyyətinə uyğun gəlmir. Kompensasiya pulunu ödəyə bilmirlər, ona görə evin açıq hərracda satılmasına etiraz etmədiklərini bildirmişdir. İş materiallarında olan Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 556 nömrəli şəhadətnamədən görünür ki, X12 xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuş, atası X14, anası X4r. - Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 211311 nömrəli ″Ölüm haqqında şəhadətnamə″dən görünür ki, X14 xx.xx.2014-cü ildə vəfat etmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əşrəf Yunisov küçəsində yerləşən 31 nömrəli ev 1/3 hissə payla İddiaçı2, 1/3 payla X11, 1/3 payla İddiaçı1 məxsusdur; - ″Premium Qiymətləndirmə″ MMC-nin xx.xx.2024-cü il tarixli müşayiət məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əşrəf Yunisov küçəsində yerləşən 31 nömrəli evin bazar dəyəri 129948 manat, likvid dəyəri isə 123448 manat təşkil edir; - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/999 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylar üzrə naturada bölünməsi "İnşaat Norma və Qaydaları"nın 2.08.01.89-un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-X8 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün deyildir; - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-117/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, X5 cavabdeh X3 qarşı ünvan 2 ünvanında yerləşən evə dair payının müəyyən edilərək real bölgüsünün keçirilməsi barədə iddiası rədd edilmişdir; - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10970/2015 nömrəli xx.xx.2015cı il tarixli qətnaməsinin surətindən görünür ki,xx.xx.2006-cı ildə Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş, reyestrdə "2V/1-83"mömrəsi ilə qeydə alınmış "qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə payların müəyyən edilməsi hissədə qismən, X7 ilə X6 arasında xx.xx.2006-cı ildə Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontorunda bağlanmış, reyestrdə "4Ə/2-220"nömrə ilə qeyd alınmış bağışlama müqaviləsi bağışlanan əmlakdakı pay hissəsində qismən, Azərbaycan Respublikası DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış" payların müəyyən edilməsi hissəsində qismən etibarsız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, S.Cəfərov küçəsi, 7 saylı fərdi yaşayış evi üzərində X2 5/6 hissədə, X1 isə 1/6 hissədə mülkiyyət payları müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarından görünür ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Sadalanan normalarının birgə təhlilindən görünür ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması müvafiq ardıcıllığa uyğun olaraq həyata keçirilməlidir. Belə ki, ilk öncə paylı mülkiyyətçi əmlakın naturada bölünməsini tələb etməlidir. Bu mümkün olmadıqda, paylı mülkiyyətin digər mülkiyyətçiləri ona payının dəyərini ödəyə bilərlər. Lakin, mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Hazırki işdən də göründüyü kimi, ekspert Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əşrəf Yunisov küçəsində yerləşən 31 nömrəli ev tərəflər arasında paylara uyğun şəkildə bölünməsi texniki cəhətdən mümkün olmadığına dair rəy vermişdir. Payın naturada ayrılması əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əşrəf Yunisov küçəsində yerləşən 31 nömrəli evin qiymətləndirilməsi nəticəsində müəyyən edilmişdir ki, bazar dəyəri 129948 manat, likvid dəyəri isə 123448 manat təşkil edir. Məhkəmə araşdırması zamanı əmlakın digər paylı mülkiyyətçiləri kompensasiya məbləğini ödəyə bilmədiklərini bildirmişlər. Ona görə məhkəmə əmlakın açıq hərracdan satılması məsələsinə baxır. Müəyyən edilmişdir ki, mübahisəli evə iddiaçının müvafiq payı dövlət qeydiyyatdan onu adına keçirilmişdir, ona görə də onun öz mülkiyyətinə sahib olmaq, ondan istifadə etmək və barəsində sərəncam vermək hüququna malikdir. Paylı mülkiyyətdə olan payın ayrılması üçün qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa riayət edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əşrəf Yunisov küçəsində yerləşən 31 nömrəli ev açıq hərracda satılaraq satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında paylarına uyğun 1/3 hissədə bölüşdürülməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat iddiaçı və cavabdehdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməlidir. Həmçinin, keçirilmiş qiymətləndirmənin xərci olan 600 manat tərəflər arasında bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbi qismən təmin edildiyi üçün məhkəmə hesab edir ki, cavabdehdən 50 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməlidir, qalan məbləğ isə iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Yunusov (Yunisov) küçəsi 31 nömrəli ev açıq hərracda satılsın. Satışdan əldə edilmiş pul vəsaiti tərəflər arasında paylarına uyğun 1/3 hissədə bölüşdürülsün. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçı və cavabdehdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. ″Premium Qiymətləndirmə″ MMC tərəfindən keçirilmiş qiymətləndirmənin xərci olan 600 manat tərəflər arasında bölüşdürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-419/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-419/2024
08.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver