Məhkəmə qərarları › İş №e-2(008)-4271/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4271/2023

01.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4271/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərdən müştərək qaydada 10215 manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə verilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Məmmədova (Qarayeva) Aytən Nazim qızına və Cavabdeh2 qarşı "cavabdehlərdən müştərək qaydada 10215 manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə verilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh1 soyadı "Qarayeva" olmuş, işdəki bəzi sənədlərdə də məhz "Qarayeva" kimi göstərilmiş və iddiaçı bu səbəbdən iddia ərizəsində onun soyadını "Məmmədova (Qarayeva)" kimi göstərmişdir. Lakin bundan sonra iddiaçı iddia ərizəsinin həmin cavabdehin soyadı ilə bağlı hissəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10215 manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə verilməsini xahiş etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdir ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu ildə əmək müqaviləsi bağlanmış və həmin cavabdeh göstərilən tarixdən xəzinədar vəzifəsində işləmişdir. Eləcə də iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci ildə əmək müqaviləsi bağlanmış və həmin cavabdeh göstərilən tarixdən operator vəzifəsində işləmişdir. xx.xx.2022-ci ildə audit yoxlaması nəticəsində məlum olmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 əlbir olaraq, "xxxx" MMC-yə məxsus 10215 manat pulu mənimsəmişlər. Belə ki, "xxxx" MMC tərəfindən audit yoxlamasının nəticəsinə dair tərtib edilmiş xx.xx.2022-ci il auditor hesabatına əsasən, X4, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2021-ci ilin sentyabr ayında satışdan əldə edilmiş 16875 manat faktiki pul vəsaitindən 6660 manatı sistemə daxil edərək uçota almış, 10215 manat satış pulunu isə sistemə mədaxil etməmiş və uçotdan yayındıraraq mənimsəmişlər. İddiaçı tərəfindən cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu bugünədək ödəməmişlər. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 iddianı etiraf etmədi və izahatında bildirdi ki, "xxxx" MMC-nin "Razinklass" mağazasında xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək xəzinədar vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində malların kreditlə və nağd satışını etmiş, satılmış malların ödənişini kassaya mədaxil etmiş və onun qarşılığında kassa qəbzi çap edib alıcıya vermişdir. Hər günün sonunda gün ərzində satılmış mallara dair kassa apartından "Zet" adlanan sənəd verilirdi. Mühasibatlıq onun verdiyi pul ilə "Zet" çıxarışı arasında çatışmazlığın olmadığını bildirmişdir. Əgər təhvil verdiyi pul vəsaitində çatışmazlıq olsaydı, həmin vaxt bunu mühasibatlıqdan bildirməli idilər. Həmçinin xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-nin 8-ci mikrorayonda yerləşən "Klass" mağazasında kassir olaraq işə başlasa da, əmək müqaviləsi üzrə iş yeri "Razinklass" olaraq qalıb və bunu bildirməsinə baxmayaraq, heç kim əhəmiyyət verməyib. xx.xx.2021-ci ildə mühasibatlıqdan Elnarə xanım zəng edərək öz istəyi ilə işdən çıxma ərizəsi yazmağı, ya da araşdırılma aparılması üçün ödənişsiz məzuniyyətə çıxmaq barədə ərizə yazmağı bildirmişdir. xx.xx.2021-ci ilədək ödənişsiz məzuniyyətə çıxmaq haqqında ərizə və xx.xx.2021-ci ildən işdən çıxmaq haqqında ərizə yazmışdır. Bundan başqa, o, mağazada işlədiyi müddətdə "xxxx" MMC-nin rəhbərliyində işləyən bəzi şəxslər, o cümlədən Jalə, Fidan, Eldar adlı işçilər 1500 manatlıq mebelləri 300 manata alırdılar. MMC-də aşkar edilmiş çatışmazlıq da məhz həmin mallarla bağlı yaranmışdır. Cavabdeh2 iddianı etiraf etmədi və izahatında bildirdi ki, o, ümumiyyətlə, İddiaçındə işləməmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu ildə müddətsiz əmək müqaviləsi bağlanmış və Cavabdeh1 "Razinklass" mağazasında xəzinədar vəzifəsinə götürülmüşdür. Həmin əmək müqaviləsinə iddiaçı "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli əmri ilə xitam verilmişdir. X5 adlı işəgötürən fiziki şəxslə Cavabdeh2 arasında xx.xx.2020-ci ildə müddətsiz əmək müqaviləsi bağlanmış və Cavabdeh2 "Maqnit" mağazasında operator qəbul edilmişdir. Həmin əmək müqaviləsinə işəgötürən fiziki şəxs X3 xx.xx.2021-ci il tarixli əmri ilə xitam verilmişdir. İddiaçı "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC-də audit yoxlaması aparılmış və nəticədə xx.xx.2022-ci il tarixli auditor hesabatı tərtib edilmişdir. Həmin hesabatda X4, Cavabdeh1, Cavabdeh2 tərəfindən 2021-ci ilin sentyabr ayında satışdan əldə olunmuş 16875 manat faktiki pul vəsaitindən 6660 manatın sistemə mədaxil edilərək uçota alınması, 10215 manat satış pulunun sistemə mədaxil edilməməsi, naməlum səbəbdən uçotdan yayındırılması və naməlum şəxslər tərəfindən götürülməsi göstərilmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən Cavabdeh1 yazılı izahat alınmış, lakin sonuncu pul mənimsədiyini inkar etmişdir. Daha sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli "Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi"ndən görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu ildə müddətsiz əmək müqaviləsi bağlanmış, cavabdehin iş yeri kimi "Razinklass", vəzifəsi kimi isə xəzinədar göstərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli "Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi"ndən görünür ki, işəgötürən fiziki şəxs X5 ilə Cavabdeh2 arasında xx.xx.2020-ci ildə müddətsiz əmək müqaviləsi bağlanmış, cavabdehin iş yeri kimi "Maqnit", vəzifəsi kimi isə operator göstərilmişdir. İşdə olan, işəgötürən fiziki şəxs X3 xx.xx.2021-ci il tarixli 113K nömrəli əmrindən görünür ki, Cavabdeh2 tutduğu vəzifədən öz təşəbbüsü ilə azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 128K nömrəli əmrindən görünür ki, Cavabdeh1 tutduğu vəzifədən öz təşəbbüsü ilə azad edilmiş və onunla bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan, "xxxx" MMC tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli auditor hesabatından görünür ki, "xxxx" MMC-də menecer, ticarət mərkəzi və satış üzrə menecer vəzifəsində xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək işləmiş X2 və həmin mağazada xəzinədar, mağazada hesablama kassasının müdiri vəzifəsində xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək işləmiş Cavabdeh1, operator vəzifəsində xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək işləmiş Cavabdeh2 fəaliyyəti "Excel" formatında olan uçotuna dair təqdim olunmuş dövriyyə cədvəlinə əsasən audit yoxlaması aparılmışdır. Audit yoxlaması təsərrüfat subyektinin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılmışdır və həmin sənədlərdə olan məlumatların düzgünlüyünə təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır. Problemli kreditlər şöbəsi tərəfindən təqdim olunmuş 82 adda mal qalıqlarına dair cədvələ əsasən, ilk qalıq 123358 manat, həmin şöbə tərəfindən aparılmış dəqiqləşdirmədən sonra 10195 manat qalıq azaldılaraq faktiki qalıq 113163 müəyyən edilmişdir. Audit yoxlamasına təqdim olunmuş problemli kreditlər şöbəsi tərəfindən 82 adda mal qalığına əsasən, X4, həmin mağazada xəzinədar vəzifəsində işləmiş Cavabdeh1, operator Cavabdeh2 tərəfindən 2021-ci ilin sentyabr ayında satışdan əldə olunmuş 16875 manat faktiki pul vəsaitindən 6660 manatı sistemə mədaxil edilərək uçota alınmış, 10215 manat satış pulu sistemə mədaxil edilməmiş, naməlum səbəbdən uçotdan yayındırılmış və naməlum şəxslər tərəfindən götürülmüşdür. Hesabatda qeyd olunan hallar ziddiyyətli olduğu üçün hüquqi qiymət verilməsi məqsədə müvafiq hesab edilmişdir. İşdə olan, Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə yazılmış xx.xx.2022-ci il tarixli izahatından və həmin izahata xx.xx.2022-ci il tarixli əlavəsindən görünür ki, cavabdeh xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək "xxxx" MMC-nin inşaat malları, mebel və məişət texnikası satılan "Bakıxanovklass" mağazasında xəzinədar vəzifəsində işlədiyini bildirmişdir. Onun işlədiyi dövrdə əhaliyə mallar həm kreditlə, həm də nağd olaraq satılmış və satılan malların ödənişləri ona verilmişdir. O, kassaya çek vururdu və çeki alıcıya verirdi. Günün sonunda satılmış mallara dair kassa aparatının "Zet" adlanan, yəni yekun çekləri kassadan çıxarılmış pul vəsaiti ilə birlikdə ofisə təhvil vermişdir. Əgər təhvil verdiyi pul vəsaitində çatışmazlıq olsaydı, həmin an ona mühasibatlıqdan zəng edilərdi. İşlədiyi dövrdə nağd təhvil verdiyi pul vəsaiti ilə həmin tarixə kassa çekində olan məbləğ düzgün olmuşdur. O, heç bir pul vəsaiti mənimsəməmişdir və onların etdiyi oyunlardan məlumatı yoxdur. O, xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-nin 8-ci mikrorayonda yerləşən "Klass" mağazasında kassir olaraq işə başlasa da, əmək müqaviləsi üzrə iş yeri "Razinklass" olaraq qalmış və bunu bildirməsinə baxmayaraq heç kim əhəmiyyət verməmişdir. O, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək məzuniyyətdə olmuş, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək yenidən 8-ci mikrorayon mağazasında işləmişdir. Mühasibatlıqdan Elnarə xanım xx.xx.2021-ci ildə zəng edərək öz istəyi ilə işdən çıxma ərizəsi, yaxud araşdırılma aparılması üçün ödənişsiz məzuniyyətə çıxma ərizəsi yazmağı tapşırmışdır. O, xx.xx.2021-ci ilədək ödənişsiz məzuniyyətə çıxmaq haqqında ərizə, xx.xx.2021-ci ildən işdən çıxmaq haqqında ərizə yazmışdır. İddiaçı hər iki cavabdehin İddiaçı işçisi olduğunu bildirsə də, onlardan yalnız birinin, yəni Cavabdeh1 həmin MMC ilə əmək müqaviləsinin olması müəyyən edildi. Ona görə də məhkəmə iddianın Cavabdeh1 aid hissəsinin həlli üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarının tətbiq olunmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 198. İşçinin orta aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyəti Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Maddə 199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.

3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir.

4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.

5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Maddə 201. İşçinin maddi məsuliyyətini istisna edən hallar

1. İşçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

2. İşçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır.

3. Əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər. Maddə 205. İşəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydası

1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.

2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

3. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Maddə 206. Vurulan ziyanın ödənilməsi üçün hakimin prosessual tədbirləri

1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər.

2. Əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görür. Digər Cavabdeh2 ilə bağlanmış əmək müqaviləsindən göründüyü kimi, həmin müqavilədə işəgötürən kimi "xxxx" MMC deyil, X5 adlı fiziki şəxs göstərilmişdir. İddiaçı hər iki işəgötürənin birgə fəaliyyət göstərdiyini bildirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı müqavilə, yaxud digər sənəd təqdim etməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddianın Cavabdeh2 aid hissəsinin həlli üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Sadalanan normalara uyğun olaraq, iddiaçının vurulmuş ziyanın ödənilməsini cavabdehlərdən tələb edə bilməsi üçün ziyanın vurulmasında cavabdehlərin təqsirinin müəyyən olunması vacibdir. İddiaçı pulun mənimsənilmə mexanizmini belə təsvir etmişdir ki, mağazada satılmış malların dəyəri alıcılar tərəfindən kassaya ödənildiyi zaman cavabdehlər ödənilən məbləğin yalnız bir hissəsini mağazanın qeydiyyat sisteminə mədaxil etmiş, bir hissəsini isə mədaxil etməyərək mənimsəmişlər. İddianın əsaslandırılması üçün iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar yalnız "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli auditor hesabatından və həmin hesabatdakı rəqəmləri əks etdirən "Sentyabr 2021-ci il üçün faktiki daxil olan məbləğlərin mənimsənildiyi kredit satışlarının siyahısı"ndan ibarətdir. Auditor hesabatının mətnində 81 nəfər alıcı ilə bağlı məlumatlar əks olunmuşdur. Onlardan birincisi aşağıdakı məlumatdır: "- X6 tərəfindən xx.xx.2019-cu il tarixdə alınmış mala görə kredit borcundan 215 manat kassaya ödənilmiş, ödənilmiş pul vəsaitindən 40 manat sistemə işlənilmiş və uçota alınmış, qalan 175 manat pul vəsaiti sistemə işlənilməmiş və uçotdan yayındırılaraq talanmışdır." Göründüyü kimi, iddiaçının elektron qeydiyyat sistemində alıcı X6 tərəfindən ödənilmiş 40 manat pulun sistemə mədaxil olunduğu görünür. Lakin hesabatda həmin alıcıdan 40 manat deyil, bundan 175 manat artıq, yəni 215 manat alındığı göstərilsə də, bu məlumatın nə ilə təsdiq olunduğu qeyd olunmamışdır. Eyni zamanda, məhkəmə iclası zamanı iddiaçının nümayəndəsinə alıcılardan faktiki alınmış məbləğlərin sistemə daxil edilən məbləğlərdən artıq olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməsi təklif olunsa da, nümayəndə belə bir sübutun mövcud olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, auditor hesabatındakı digər məlumatlarda da adlar və rəqəmlər fərqli olsa da, məzmun eynidir. İddiaçı məhkəməyə hesabatda göstərilən digər alıcılardan alınmış məbləğləri də təsdiq edən sübut təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iddiaçıya məxsus vəsaitin cavabdehlər tərəfindən mənimsənilməsini təsdiq edən hər hansı sübut təqdim edilmədiyinə görə məhkəmə bu nəticəyə gəldi ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə hissəsi:

Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərdən müştərək qaydada 10215 manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə verilməsi" barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçınə aid edilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar