Məhkəmə qərarları › İş №e-2(008)-4347/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4347/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4347/2023 26.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «əsassız varlanma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «əsassız varlanma» tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ondan İddiaçı ASC-nin xeyrinə əssasız varlanma nəticəsində əldə etdiyi 3475,63 manat və ona illik 5 faizlə hesablanmış 86,89 manat əldən çıxmış fayda, 11896,36 ABŞ dolları və ona illik 5 faizlə hesablanmış 346,98 ABŞ dolları əldən çıxmış faydanın xarici valyuta ilə ödənilməli olan məbləğin həmin günə olan məzənnəsi ilə hesablanıb ödənilməsi, həmçinin 163,20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh, İddiaçı ASC-yə məxsus 2 ədəd plastik kart istifadəçisi olmuşdur. Bank tərəfindən verilmiş plastik kartlar cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh kart hesablarından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesablarından xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmişdir. Nəticədə Cavabdeh banka 3475,63 (üç min dörd yüz yetmiş beş manat, altmış üç qəpik) və 11896,36 (on bir min səkkiz yüz doxsan altı dollar, otuz altı sent) ABŞ dolları manat ziyan vurmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh kart hesabından pul çıxardıb xərclədiyini, hazırda tələb olunan məbləği qəbul etdiyini deyərək, hesablanmış faiz və ödənilmiş dövlət rüsumuna etiraz etdi. Məhkəmə iş materiallarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçıASC tərəfindən Cavabdeh **********0099376190 nömrəli və ******************** nömrəli plastik kartlar verilmişdir. İş materiallarına əlavə olunmuş, xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixinədək dövr üzrə 1,224,121,01 ABŞ Dolları məxaric olunub, mədaxil edilib 137,06 ABŞ Dolları. İş materiallarına əlavə olunmuş, xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixinədək dövr üzrə 3,512,64 manat məxaric olunub, mədaxil edilib 10,42 manat. 17 aprel 2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borca görə üzrə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. Mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı ASC tərəfindən 163,20 manat məbləğində dövlət rüsumu ödəmişdir; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi, əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir. Əsassız varlanma nəticəsində itkilərə məruz qalmış şəxsin pozulmuş hüququnun bərpası təmin edilməlidir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdehnın hərəkətləri varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığından əsassız varlanma kimi qiymətləndirilməlidir. Belə ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, əsassız varlanma üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarınm şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayrıd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasmı və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əssasız varlanma nəticəsində əldə etdiyi 3475,63 manat və ona illik 5 faizlə hesablanmış 86,89 manat əldən çıxmış fayda, 11896,36 ABŞ dolları və ona illik 5 faizlə hesablanmış 346,98 ABŞ dolları əldən çıxmış faydanın xarici valyuta ilə ödənilməli olan məbləğin həmin günə olan məzənnəsi ilə hesablanıb ödənilərək, həmçinin 163,20 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 163,20 manat dövlət rüsumunun əvəzi olaraq təmin edilməli, 163,20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əssasız varlanma nəticəsində əldə etdiyi 3475,63 manat və ona illik 5 faizlə hesablanmış 86,89 manat əldən çıxmış fayda, 11896,36 ABŞ dolları və ona illik 5 faizlə hesablanmış 346,98 ABŞ dolları əldən çıxmış faydanın xarici valyuta ilə ödənilməli olan məbləğin həmin günə olan məzənnəsi ilə hesablanıb ödənilərək, həmçinin 163,20 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar