Məhkəmə qərarları › İş №e-2(008)-4447/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4447/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4447/2024 15.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 3397,3 manat məbləğində pul vəsaitinin, mediasiya üçün ödənilmiş 60 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh "satıcı-kassir" vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavəyə əsasən "baş satıcı" vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən "administrator" vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə "Tam maddi məsuliyyət haqqında" müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2023-cü il tarixli 88x saylı əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehlə bağlanmış "Tam maddi məsuliyyət haqqında" müqavilənin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. "xxxx" MMC-nin "Növbədənkənar inventarizasiyanın aparılması haqqında" xx.xx.2023-cü il tarixli 711 nömrəli əmrindən göründüyü kimi, "Oba – Ramana 6" mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvilalan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdeh xx.xx.2023-cü ildə keçirilmiş inventarizasiya yoxlaması zamanı tərtib edilmiş "İnventarizasiya komissiyasına İltizamnamə"ni imzalamaqla və müvafiq qeydlərini aparmaqla, sayımda tam olaraq iştirak etdiyini, mallarla tam tanış olduğunu, sayım qrupundan heç bir narazılığının olmadığını bildirmişdir. Həmin yoxlama zamanı siyahıya alınmış mal-material qiymətlərinə dair (xx.xx.2022-ci il – xx.xx.2023-cü il tarixləri üzrə) faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi nəticəsində tərtib edilmiş "İnventarizasiya nəticələrinə dair yekun Akt"a əsasən cavabdehin Cəmiyyətə 6067,6 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Bununla belə, cavabdeh həmin inventarizasiya zamanı tərtib edilmiş "İnventarizasiya Siyahısı"nı və "İnventarizasiya nəticələrinə dair Akt"ı imzalamaqdan imtina etmişdir ki, bununla bağlı cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və komissiya üzvləri tərəfindən imtina aktı tərtib edilmişdir. "xxxx" MMC-nin "Təbii itki normalarının tətbiqi haqqında" xx.xx.2023-cü il tarixli 178 nömrəli əmrindən göründüyü kimi, mağazada keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkar edilmiş yekun nəticələrin "təbii itki normaları" çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs olan cavabdehdən tələb olunması tapşırılmış, təbii itki norması satış dövriyyəsinin 0,45 faizi miqdarında müəyyən edilmişdir. Cəmiyyətin xx.xx.2023-cü il tarixli maliyyə arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra cavabdehin yekun olaraq qalıq borcu 3397,3 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli "Əmək müqaviləsi"ndən görünür ki, tərəflər arasında xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək əmək müqaviləsi bağlanmış, cavabdeh Satış Departamentində "satıcı-kassir" vəzifəsinə təyin edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 358-K saylı "İşə qəbul etmə haqqında" əmrdən çıxarışdan görünür ki, cavabdehin Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2019-cu ildən "satıcı-kassir" vəzifəsinə işə qəbul edilməsi, əmək haqqı ştat cədvəlinə əsasən 195 manat olmaqla ödənilməsi əmr edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 432-K saylı "Vəzifə dəyişikliyi haqqında" əmrdən çıxarışdan görünür ki, cavabdehin Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2019-cu ildən "baş satıcı" vəzifəsinə işə qəbul edilməsi, əmək haqqı ştat cədvəlinə əsasən 280 manat olmaqla ödənilməsi əmr edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli "Əmək müqaviləsinə əlavə"dən görünür ki, cavabdeh xx.xx.2019-cu ildən Cəmiyyətin baş satıcı vəzifəsinə keçirilmişdir. - "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 407 saylı "Vəzifə dəyişikliyi haqqında" əmrdən çıxarışdan görünür ki, cavabdehin xx.xx.2020-ci ildən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində administrator vəzifəsinə keçirilməsi, əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi əmr edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli "Əmək müqaviləsinə əlavə"dən görünür ki, cavabdeh xx.xx.2020-ci ildən Cəmiyyətin administrator vəzifəsinə keçirilmişdir. - "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2020-ci ildə bağlanmış "Tam maddi məsuliyyət haqqında müqavilə"nin əsli ilə düzdür olan surətindən görünür ki, Cavabdeh maddi məsul şəxs olaraq ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işin layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi və bununla bağlı vəzifələri icra etməyi barədə öhdəliyi öz üzərinə götürmüşdür. - "xxxx" MMC-nin "Satış departamenti – vəzifə təlimatı"ndan görünür ki, Cavabdeh həmin təlimatla tanış olaraq, şəxsən öz imzası ilə təsdiq etmişdir. - xx.xx.2023-cü il tarixli "İnventarizasiya nəticələrinə dair yekun akt"dan görünür ki, cavabdehin cəmiyyətə 3397,3 manat məbləğində maddi ziyan vurması aşkar edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 88x saylı "İşdən azad haqqında" əmrdən çıxarışdan görünür ki, cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2023-cü ildən AR Əmək Məcəlləsinin 68.2 "a" (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. - xx.xx.2023-cü il tarixli "İmtina aktı"ndan görünür ki, "Oba – Ramana 6" mağazasında xx.xx.2023-cü ildə maddi məsul şəxs Cavabdeh öhdəsində olan ticari malların yoxlanılması məqsədi ilə inventarizasiya prosesində iştirak etsə də, müvafiq aktları təsdiqləməkdən imtina etmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli DW2331 nömrəli "Xəbərdarlıq" məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdə "Oba – Ramana 6" mağazasında xx.xx.2023-cü ildə keçirilmiş inventarizasiya yoxlamasının nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya yoxlamasının nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalamağı mütləq olması barədə xəbərdarlıq edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü ildə 6067,60 manat çatışmazlıq müəyyən edilmişdir, güzəştlər tədbiq edildikdən sonra ümumi olaraq 3397,3 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iş üzrə iddiaçı olan "xxxx" MMC-də işçi olduğundan və onlar arasında tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlandığından o, "xxxx" MMC-yə vurduğu maddi ziyana görə tam maddi məsuliyyət daşıyır. Buna görə də Cavabdeh işəgötürən "xxxx" MMC-yə vurduğu ziyanın faktiki həcminə uyğun olaraq tam ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3397,3 manat məbləğində pul vəsaiti, mediasiya üçün ödənilmiş 60 manat pul vəsaiti "xxxx" MMC -nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar