Məhkəmə qərarları › İş №e-2(008)-4457/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4457/2023

12.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4457/2023 12.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 596 manat əsas borcun, 60 manat mediasiya xərcinin və 150 manat hüquqi yardımın göstərilməsi ilə çəkilmiş xərcin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia müdafiə edərək onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə, Cavabdeh arasında xx.xx.2022-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Müqavilədə cavabdehin əsas iş yeri kimi İddiaçı QSC, vəzifə olaraq isə satıcı qismində fəaliyyət göstərəcəyi qeyd edilmişdir. Cavabdeh İddiaçı QSC-nin satış şöbəsində çalışdığı zaman ona 1900 manat məbləğində bilet təhvil verilmişdir. Təhvildən bir müddət sonra cavabdeh tərəfindən ona təhvil verilmiş biletlərin bir qisminin mənimsənildiyi müəyyən olunmuşdur. Belə ki, cavabdeh verdiyi izahat zamanı ehtiyacı olduğu üçün 1246 manat məbləğində pulu icazəsiz götürdüyünü etiraf etmiş və borcu qısa müddətdə qaytaracağına söz vermişdir. Bununla da, əmək funksiyasını yerinə yetirən zaman qanun pozuntusuna yol verilmişdir. Lakin borc bu günə kimi tam olaraq qaytarılmamışdır. xx.xx.2023-cü tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı QSC-yə olan borcu 596 manat təşkil edir. İşçinin təqsirli hərəkətləri nəticəsində, işəgötürənə 596 manat məbləğində maddi ziyan vurulmuşdur. Beləliklə, nümayəndə göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən məcmu halında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli, 000027 nömrəli malların təhvil-təslim aktından görünür ki, Cavabdeh dəyəri 1900 manat məbləğində biletləri İddiaçı QSC-dən təhvil almışdır. - Cavabdeh İddiaçı QSC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə həyat yoldaşının vəziyyəti pisləşdiyi, ehtiyacı olduğu və məcbur qaldığı üçün 1246 manat məbləğində pulu kassadan icazəsiz götürmüşdür və yaxın müddətdə borcunu qaytaracaqdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından məlum olur ki, həmin tarixə əmək müqaviləsinə xitam verildiyi Cavabdeh İddiaçı QSC-yə 596 manat əsas borcu vardır. İşin məhkəmə iclasında araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh İddiaçı QSC-də əmək müqaviləsi üzrə işləmiş və işlədiyi müddətdə o, cəmiyyətə məxsus 1246 manat məbləğində pul vəsaitini şəxsi məqsədləri üçün sərf etmiş və bunun etirafı barədə xx.xx.2022-ci il tarixdə işlədiyi quruma izahat təqdim etmişdir. Məhkəmə təqdim edilmiş sübutları tədqiq edib belə nəticəyə gəlir ki, Cavabdeh göstərilən məbləğdə pulu əldə etməsinin nə müqavilə, nə də qanuni əsası vardır, odur ki, İddiaçı QSC hazırkı iddia tələbini qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutları iddianın təmini üçün kifayətedici hesab edib belə qənaətə gəlir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli və 596 manat əsas borc məbləği sonuncudan tutulub iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mediasiya sessiya üzrə 60 manat, hüquqi yardımın göstərilməsi ilə əlaqədar isə 150 manat məbləğində xərc şəkilmişdir. İddia tələbi tam təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş cəmi 210 manat xərc məbləği də tutulub iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 596 (beş yüz doxsan altı) manat borc, 60 (altmış) manat mediasiya xidmət haqqının və 150 (yüz əlli) manat hüquqi xidmət haqqının əvəzi olmaqla, cəmi 806 (səkkiz yüz altı) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar