Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4492/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakimi Əsədova Tahirə Əlif qızı İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 300 manat borcun, 56 manat tərcümə üçün xərcinin, eyni zamanda 21 manat iddianın məhkəməyə verilməsi üçün çəkilən vəsaitin, ümumilikdə 376 manat pul vəsaitinin, həmçinin 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Əliyeva (Rzazadə) Nəzrin Ədalət qızı xx.xx.2014-cü ildə X1 ilə rəsmi nikahda olmuşdur. Nikahları Rusiya Federasiyası, Dağıstan MR-sı, Dərbənd şəhər Dairəsi Administrasiyasının VVAQ şöbəsi tərəfindən İİ-BD 505571 akt qeydi ilə rəsmiləşdirilmişdir. Onların birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü Əliyev Məhəmməd-Bağır Cavanşiroviç adlı övladı anadan olmuşdur. Əliyeva (Rzazadə) Nəzrin Ədalət qızı nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və alimentin müəyyən edilməsi bağlı hüquqi yardımın göstərilməsi üçün ona müraciət etmiş və aralarında xx.xx.2019-cu il tarixdə hüquqi yardım göstərilməsi haqqında 09 nömrəli müqavilə bağlanmışdır. Tərəfindən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edilmiş və həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşağın ananın himayəsinə verilməsi və xx.xx.2016-cı il təvəllüdlü Əliyev Məhəmməd-Bağır Cavanşiroviçin saxlanılması üçün ayda 180 manat alimentin hüquqlarını müdafiə etdiyi Əliyeva (Rzazadə) Nəzrin Ədalət qızına ödənilməsi qət edilmişdir. Müqaviləyə əsasən iddiaçının Bakı şəhəri Sabunçu rayon məhkəməsində Əliyeva (Rzazadə) Nəzrin Ədalət qızının hüquqlarının müdafiəsinə görə haqq qarşılığı razılıqla 600 (altı yüz) manat müəyyən olunmuş, cavabdeh tərəfindən 300 manat ödəniş edilmiş olsa da, qalan 300 manat indiyədək ödənilməmişdir. Qalan borc-300 manatən ödənilməsi üçün cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq hər dəfəsində müxtəlif bəhanələrlə, gah atasını xəstə olduğunu, xalasının rəhmətə getdiyini, anasının xəstə olduğunu, işdən çıxarıldığını, işə düzəldikdən sonra isə uşağın məktəb xərclərinə görə çatdıra bilmədiyini, 2022-ci ilin oktyabr ayında mütləq şəkildə ödəyəcəyini bildirmiş, sonra isə nömrəsini bloka atmışdır. Müqavilənin tələblərinə uyğun olaraq tərəfindən bütün məhkəmə proseslərində iştirakı tam formada təmin olunmuşdur. Cavabdeh tərəfindən hüquqi yardımın göstərilməsi üçün xidmət haqqının yarısı, eyni zamanda iddianın məhkəməyə verilməsi üçün xərclənən 21 manat dövlət rüsumu, eyni zamanda məhkəmə tapşırığının tərcüməsi üçün xərclənən 55 manat ödənilməmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddia üzrə iddianın qiyməti 376 manat təşkil edir. Azəırbaycan Respublikası MPM-nin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-5.4-cü maddəsinə əsasən qarşılıqlı iddia verilərəsə, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə,tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-6.1-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-cü maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə iş materiallarını araşdıraraq, yuxarıda sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, iddia sadələşdirilmiş icraat qaydasında baxılaraq təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə (VÖEN № **********) verilmişdir. İş materiallarından görünür ki, İddiaçı vəkildir (206-VK №-li vəkil vəsiqəsi). İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli hüquqi yardım göstərilməsi haqqında 09 №-li müqavilə bağlanmışdır (boşanma, uşağın himayəyə verilməsi, aliment tələbi). Müqavilənin 2-ci bölməsinin birinci bəndində xidmət haqqı qarşılıqlı razılıqla 600 manat məbləğində müəyyən edilmişdir. Sabunçu rayon Məhkəməsinin 2(008)-111,2022 №-li iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qətnamə ilə Cavabdeh iddiasının təmin edilməsi, nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və onun saxlanılması üçün ayda 180 manat alimentin ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh vəkilinin İddiaçı olduğu görünür. İddiaçı tərfindən xx.xx.2020-ci il tarixdə «Kapital Bank» vasitəsilə 56 manat tərcümə haqqı ödənilmişdir ( 103-234 №-li mədaxil qəbzi). İddiaçı tərfindən xx.xx.2019-cu il tarixdə 21 manat rüsum ödənilmişdir ( 9285 №-li qəbz). Hazırda iddiaçı Cavabdeh 300 manat borcun, 56 manat tərcümə üçün xərcinin, 21 manat iddianın məhkəməyə verilməsi üçün çəkilən vəsaitin, ümumilikdə 376 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulmasını istəyir. İş materiallarından borcun cavabdeh tərəfindən ödənilməsi görünmür. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. “ Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19cu maddəsinin birinci hissəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir, ikinci hissəsinə əsasən vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 300 manat məbləğində əsas borc, 56 manat tərcümə üçün xərc, 21 manat iddianın məhkəməyə verilməsi üçün çəkilən vəsait, ümumilikdə 376 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçınun xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 300 manat borc, 56 manat tərcümə üçün xərc, 21 manat iddianın məhkəməyə verilməsi üçün çəkilən vəsait, ümumilikdə 376 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçınun xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-4492/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4492/2023
20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver