Məhkəmə qərarları › İş №e-2(008)-4504/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4504/2024

11.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4504/2024 11.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən çıxarılması, həmin ərazinin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun atası X10 Bakı şəhəri X8 İcraiyyə Komitəsinin 4/151 saylı xx.xx.1989-cu il tarixli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 70 saylı X2 üzvü seçilmiş və bunun əsasında 0.12 ha torpaq sahəsi olan 1827 saylı bağın ona ayrılması barədə 1 saylı order verilmişdir. X10 xx.xx.2000-ci ildə vəfat etmişdir. Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu S.Məmmədovun 228 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə X4 miras əmlakı olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1827 saylı bağın üzərində miras qoyanın adına forma 37 arayışın (çıxarışın) ona verilməsi barədə müraciət olunmuşdur. Lakin Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1827 saylı bağ Cavabdeh1 tərəfindən zəbt edilmişdir. O, torpaq sahəsindən istifadə edə bilmir. Buna səbəb Cavabdeh1 torpaq sahəsini zəbt edərək mülkiyyət hüquqlarını məhdudlaşdırmasıdır. O, dəfələrlə cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh torpaq sahəsini ona geri qaytarmamışdır. Cavabdehin bu hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 da cavabdeh kimi işə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı R.Y.Mehdizadənin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 izahat verərək etiraf etmişdir ki, iddia predmeti olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsini o zəbt etmişdir, sonra isə digər Cavabdeh1 adına sənədləşdirmişdir. Hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz hərəkətləri, torpaq sahəsindən qanunsuz sahiblik və istifadə etmələri iddiaçının miras əmlaka olan mülkiyyət hüquqlarının qeydiyyatı üçün maneə yaradır, torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasının qarşısını alır. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən çıxarılmaları, həmin ərazinin boşaldılıb İddiaçı təhvil verilməsi, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən İddiaçı istifadəsi və sahibliyinə, həmçinin torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasına hər hansı maneə yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 iddia tələbinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi xx.xx.2007-ci il tarixdən Cavabdeh1 ilə Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsi arasında imzalanmış 1398A saylı torpaq icarəsi müqaviləsinə əsasən onun istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi icarəyə götürülən zaman hasarsız, baxımsızlıq nəticəsində zibil və məişət tullantılarının yığınağına çevrilmiş boş torpaq sahəsi olmuşdur, yəni həmin torpaq sahəsi bağ kimi heç kimin istifadəsində olmamış, sahəyə bağ-bostan kimi hər hansı qulluq edilməmişdir. Bundan başqa, iş materialında olan Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş cavab məktubunda da qeyd edilmişdir ki, digər Cavabdeh1 ilə Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsi arasında imzalanmış 1398A saylı torpaq icarəsi müqaviləsindən əvvəl həmin torpaq sahəsi kiminsə istifadəsində, icarəsində və ya sahibliyində olması barədə Bələdiyyədə rəsmi məlumat yoxdur. Belə olduğu təqdirdə ortaya bir sual çıxır, əgər iddiaçının iddia etdiyi kimi həmin torpaq sahəsi onun mərhum atasına bağ sahəsi kimi istifadə edilməsi üçün verilmişdirsə, iddiaçının mərhum atası vəfat edən tarixədək (2000-ci il) 11 il ərzində (2000-1989=11) həmin torpaq sahəsini niyə istifadə etməmişdir? Bundan başqa, iddiaçının özü 35 il ərzində həmin torpaq sahəsində heç bir abadlıq və tikinti işləri nə aparmır, nə də ki, aparmağa cəhd belə etməmişdir, hər hansı bir işlər aparmadan 35 ildən sonra hüquqi qüvvəsinin olub-olmaması məlum olmayan orderi əlində əsas tutaraq bağ sahəsinin ona məxsus olmasını iddia edir? İstər qüvvədə olan qanunvericiliyin tələbləri, istərsə də yerli icra hakimiyyətinin verdiyi normativ xarakterli aktlara əsasən iddiaçının iddia tələbinin heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində təsbit edilmişdir ki, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir. Bundan başqa, həmin maddənin digər bəndinə əsasən torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir. Beləliklə də, iş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsinə qoşma sənədlərdə onun tərəfindən iddia etdiyi torpaq sahəsinə dair torpaq vergisinin ödənilməsinə dair hər hansı bir sənəd əlavə edilməmişdir. Bundan başqa, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 941 saylı, xx.xx.2006-cı il tarixli 94 saylı sərəncamlarına əsasən şəhərətrafı qəsəbələrdə bağ salmaq məqsədi ilə istifadə edilməsindən ötrü vətəndaşlara ayrılan torpaq sahələrinin uzun müddət istifadə edilmədiyi üçün vətəndaşların istifadə hüquqlarına xitam verilmişdir. Həmçinin, Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X1 və İstismarı Birliyi tərəfindən AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin ünvanlanmış sorğu məktubuna 01/04-286 saylı xx.xx.2005-ci il tarixli cavab məktubunda da qeyd edilmişdir ki, uzun müddət bağ sahələrindən istifadə etməyənlər və bağlarının sərhədlərinə çəpər-hasar çəkməyən bağ sahələrinə AR Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 8-ci abzasına əsasən torpaq sahəsində 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçı tərəfindən 35 il ərzində mərhum atasına ayrılmış torpaq sahəsindən təyinatı üzrə ümumiyyətlə istifadə etməməsi, həmin torpaq sahəsinə dair bu günə kimi heç bir torpaq vergisi ödənilmədiyi təqdirdə əlində yalnız hüquqi qüvvəsi belə məlum olmayan orderi əsas gətirərək məhkəmədə həmin torpaq sahəsinə dair iddia qaldırması tam olaraq əsassız olduğu üçün iddia tələbi rədd edilməlidir. Bundan başqa, iddiaçı iddia etsə də ki, mərhum atası X6 verilmiş Bakı şəhəri İcra hakimiyyəti aparatının əhaliyyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsi Ləhiş bağlar sahəsindəki 70 №-li kooperativi tərəfindən xx.xx.1989-cu il tarixli 4/151 saylı qərarına əsasən 0,12 ha torpaq sahəsində olan 1827 №-li bağ sahəsinin mülkiyyətçisi onun mərhum atası X7r, lakin həmin hüquq daşınmaz əmlakın dövlət reyestr xidmətində X4 adına dövlət qeydiyyatına alınmamışdır. İkinci məsələ, iddiaçı özünü varis kimi qələmə verərək məhkəməyə iddia ərizəsi ilə müraciət etsə də, onun varisliyini təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının özünün də məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi kimi ondan başqa mərhum atasının digər övladları da var. Belə olduğu təqdirdə iddiaçı tərəfindən məhkəməyə onun vərəsə olmasını təsdiq edən sənədin təqdim edilməsi, həmçinin mərhum atasının digər vərəsələri olduğunu nəzərə alsalar, iddia etdiyi torpaq səhəsinə hansı pay müqabilində iddia etməsini təsdiq edən sənədin məhkəməyə təqdim edilməsi zəruri olduğu halda, iddiaçı tərəfindən həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə nəzərə almalıdır ki, iddiaçı tərəfindən iddia irəli sürülməsi üçün subyektiv hüququ olmadan məhkəmədə iddia qaldırmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin onun mülkiyyətində olmasını və vərəsəlik hüququnu təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmiş, iddiaçı subyektiv hüquqa malik deyildir. Həmin torpaq sahəsi cavabdehə satılmış və onun tərəfindən hasara alınmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 228 nömrəli xx.xx.2024-cü il tarixli məktubun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlaka (Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 1827 saylı bağ sahəsinin torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində mirasqoyan X4 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, miras əmlak üzərində mirasqoyanın adına tərtib edilmiş forma 37 arayışın (çıxarışın) verilməsi xahiş olunmuşdur. - Bakı şəhəri X11 İcraiyyə Komitəsinin 4/151 nömrəli xx.xx.1989-cu il tarixli qərarından görünür ki, BTK № 69-79 bağ-tikinti kooperativinin heyət tərkibinin təsdiq edilməsi və müəyyən olunmuş qaydada onlara bağ sahəsi ayrılması qərara alınmışdır. Ləhiş massivində 70 saylı bağ-tikinti kooperativinin üzvlərinin siyahısında X4 adı vardır. - Ləhiş bağlar sahəsindəki 70 nömrəli kooperativin 1 nömrəli orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli 4/151 nömrəli qərarına əsasən X6 Ləhiş bağlar sahəsində 70 nömrəli BTK-nin nəzdində 0.12 hektar sahəsi olan 1827 nömrəli bağ ayrılmışdır. - xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Kürdəxanı Bələdiyyəsinin torpağın icarəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli qərarından görünür ki, Kürdəxanı qəsəbəsi şimal-şərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaş Cavabdeh1 icarəsinə verilmişdir. - Kürdəxanı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 1398a saylı xx.xx.2007ci il tarixli torpaq icarəsi müqaviləsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbə Bələdiyyəsi xx.xx.2007-ci il tarixli 11 saylı protokol əsasında şimal-şərq hissəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini Cavabdeh1 icarəsinə vermişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının “torpaq sahələri üzərində fiziki şəxslərin hüquqlarına xitam verilməsi barədə” 94 nömrəli xx.xx.2006-cı il tarixli sərəncamının surətindən görünür ki, X9 yerli bələdiyyələrlə və yaxud aidiyyəti rayon icra hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri ilə birlikdə yerlərdə yoxlama reydləri təşkil etsinlər; 1 və daha çox il əvvəl bağ salmaq məqsədilə torpaq sahələri götürmüş, lakin indiyədək üzrlü səbəb olmadan istifadələrindəki sahələrdə heç bir əməli iş görməyən vətəndaşları müəyyənləşdirib akt tərtib etsinlər və akt əsasında da həmin vətəndaşların istifadə hüquqlarına xitam verilsin. İstifadə hüquqlarına xitam verilməsi barədə sərəncam bundan sonra torpaq sahələri ilə təmin ediləcək vətəndaşlara şamil edilsin. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 941 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamının surətindən görünür ki, Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib etsinlər. Akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələri geri alınsın və onlardakı orderlər etibarsız sayılsın. Geri alınmış bağ sahələri Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilsin. - Kürdəxanı bələdiyyəsinin 80 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Kürdəxanı bələdiyyəsi tərəfindən Cavabdeh1 xx.xx.2007-ci il tarixdə 1398a saylı icarə müqaviləsi əsasında 1200 kv.m torpaq sahəsi icarəsinə verilmişdir. Hal-hazırda icarə müqaviləsi bələdiyyənin sənədlər arxivində mövcuddur. Ayrılmış torpaq sahəsi Kürdəxanı bələdiyyəsinin inzibati ərazisi daxilində olsa da, mülkiyyətində deyil. Cavabdeh1 1398a saylı icarə müqaviləsi əsasında ayrılmış torpaq sahəsi, icarə müqaviləsi bağlanmamışdan əvvəl hər hansı şəxsin istifadəsində, sahibliyində və yaxud icarəsində olub-olmamasına dair Kürdəxanı bələdiyyəsində rəsmi məlumat yoxdur. İcarə müqaviləsinin müddəti bitsə də, tərəflər arasında mübahisələndirilmədiyi üçün bələdiyyənin vergi və ödənişlər şöbəsinin məlumatına əsasən Cavabdeh1 2024-cü ilə qədər torpaq icarə haqları ödənilmişdir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Hazırkı işdən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir. - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən çıxarılmaları, həmin ərazinin boşaldılıb İddiaçı təhvil verilməsi; - Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən İddiaçı istifadəsi və sahibliyinə, həmçinin torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasına hər hansı maneə yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan edilməsi. Məhkəmə, iddia tələbinin birinci hissəsinə hüquqi qiymət verməmişdən öncə, iddiaçının belə bir tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olubolmamasını araşdırmağı zəruri hesab edir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan Ləhiş bağlar sahəsində 70 nömrəli BTK-nin nəzdində 0.12 hektar sahəsi olan 1827 nömrəli bağ sahəsi iddiaçının atası X6 ayrılmışdır. X10 xx.xx.2000-ci il tarixdə ölmüşdür. Hazırda isə iddiaçı həmin bağ sahəsinin mərhum atasından ona miras qaldığını iddia edərək, cavabdehlərin bağ sahəsindən çıxarılmalarını və bağ sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Lakin iddiaçı həmin bağ sahəsinin vərəsəlik hüququ əsasında ona keçməsi, bağ sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən çıxarılmaları, həmin ərazinin boşaldılıb ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ olmadığından, iddia tələbi həmin hissədə rədd edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı atasına məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsinə mütəxəssislər tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılmasının cavabdehlərə qadağan edilməsi hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.2000-ci il tarixdə vəfat etmiş atası X3 qalmış miras əmlaka (Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 1827 saylı bağ sahəsinin torpaq sahəsinə) dair adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət etmişdir. Lakin qeyd olunan torpaq sahəsinə dair X4 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bu səbəbdən notariat ofisi tərəfindən miras əmlak üzərində mirasqoyanın adına tərtib edilmiş forma 37 arayışın (çıxarışın) verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilməsinə, ölçmə işlərinin aparılmasına maneçilik törədirlər ki, bu da iddiaçının miras əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını mümkünüz edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § ЫЫ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılması cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılması cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar