Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4536/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmrin etibarsızlığı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmrin etibarsızlığı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2024-cü il tarixində verilmiş 2971-K nömrəli əmrin etibarsızlığı, iş yerində qısnamalar və qanunsuz əmr nəticəsində ona dəymiş 5000 manat dəyərində mənəvi zərərin, hüquqlarının bərpa edilməsi üçün çəkilmiş hüquqi və digər xərclər üçün 500 manat və məhkəmə və mediasiya dövlət rüsumları üçün ödənilmiş 160 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X4 şəxsin adından, Baş direktor Orxan Cəfərovun imzası ilə PŞ-in Psixiatrik Yolxucu xəstəliklər şöbəsinin həkim-epidemioloqu İddiaçı barəsində məsuliyyət tədbirinin tətbiqinə dair xx.xx.2024-cü il tarixində 2971-K №-li əmr verilmişdir. Əmrə əsasən, PŞ-in Psixiatrik Yolxucu xəstəliklər şöbəsinin həkim epidemioloqu İddiaçı əmək funksiyalarını və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyinə, xəstəxanadaxili intizam qaydalarını pozduğuna görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə uyğun olaraq, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Verilən əmr qanunsuz və əsassızdır. Belə ki, töhmətin əsası olaraq, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X4 şəxsi Tibb Şurasının 2 saylı iclas protokolu göstərilmişdir. Protokola əsasən “Əmək müqaviləsi üzrə öhdəliklərini, əmək funksiyasını tam yerinə yetirmədiyi, nizam-intizam qaydalarını pozduğu, olacaq nəticə barədə düşünməyərək öz vəzifəsinə səhlənkar yanaşdığı üçün komissiya üzvləri tərəfindən səhlənkarlığa yol verən işçiyə intizam tənbeh verilməsi qərarının müdriyyətə təklif edilməsi ilə əlaqədar olaraq fəaliyyətində bu xarakterli əməllərin baş verməsinin qarşısını almaq məqsədi ilə həkim epidemioloq İddiaçı intizam tənbehi olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi qərara alınmışdır. Həkim epidemioloq İddiaçı intizam tənbehi məhz psixiatriya xəstəxanasında müalicədə olan pasiyent barəsində sosial şəbəkədə yaydığı məlumata əsaslanmışdır. Sorğusuna cavab olaraq verilmiş cavab məktubunda qoşma olaraq hansısa (bilinməyən) votsap səhifəsində gözlə görünməsi mümkün olmayan, kompüterdə “word office” proqramında yazılmış, hansı nömrədə paylaşılması məlum olmayan bir səhifənin A4 formatında əks olan nüsxəsi əlavə olunmuşdur. Göstərilən səhifənin məhz İddiaçı məxsus olmasını, hansı digər nömrənin votsap səhifəsindən bu məlumatın görünməsi və digər nömrənin kimə məxsus olması halları gizli olaraq qalır. Şiddətli töhmətin məhz anonim məlumatlar əsasında tərtib edilməsi təəssüratı yaradır. Həmin əmr qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı rəsmi qaydada təqdim edilməmiş, yalnız onun sorğusu əsasında təqdim edilmişdir. Eyni zamanda, İddiaçı iş yeri üzrə daxili təlimatlara və vəzifə səlahiyyətləri çərçivəsində apardığı araşdırma nəticəsində, çoxlu sayda qanun pozuntuları, uyğunsuzluqlar və s. müəyyən etdiyi və rəhbərliyə və lazımi qurumlara verdiyi məlumatlara görə, əlavə olaraq qısnamaya məruz qalır, iyerarxik tabe olduğu şəxslər, hətta qeyriləri tərəfindən şiddətə, təzyiqə bəzən də təhqirə məruz qalır. Nümayəndə və vəkil qeyd edilənlərə əsasən, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, pasiyent haqqında məlumatları heç bir sosial şəbəkədə, o cümlədən votsap tətbiqində status vasitəsilə paylaşmamışdır. O, həmin məlumatları yalnız Səbinə adlı əməkdaşa göndərmişdir. Səbəb də bu olmuşdur ki, Səbinə xanım ondan təcili olaraq iş istəmiş, o da həmin vaxt əlində başqa iş olduğunu bildirmiş və bunun təsdiqi üçün üzərində işlədiyi həmin materialı çəkib votsap vasitəsilə ona yollamışdır. O, qeyd edilənlərə əsasən, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, tərəflərindən xx.xx.2024-cü il tarixində yoluxucu xəstəliklər şöbəsinin həkim epidemioloqu İddiaçı izahat verməkdən imtina olunmasına dair 1 saylı akt tərtib edilmişdir. İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi ilə bağlı əmr xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Əmr qanunvericiliklə müəyyən edilmiş qaydada işçi İddiaçı elan olunmuş və rəsmi qaydada təqdim edilmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin İddiaçı əmrdən şikayət müddətini ötürmüşdür. Hesab edir ki, qəbul edilmiş 2971-K nömrəli, xx.xx.2024-cü il tarixli əmr əsaslıdır. Belə ki, həkim olmaq istəyən hər kəs həkim sirrinin saxlanılması ilə bağlı Hippokrat andı içmişdir. Yoluxucu xəstəliklər şöbəsinin həkim epidemioloqu İddiaçı bu andın tələblərini pozmuşdur. İddiaçı kompüterdə yerləşən daxili sənədlərdən pasiyent haqqında məlumatları telefonla çəkmiş və votsap tətbiqində status vasitəsi ilə paylaşmışdır. “Psixiatriya yardımı haqqında” Qanunun 7.3-cü maddəsinə əsasən, psixiatriya yardımı göstərən mütəxəssislər pasiyent barəsində məlumatlardan yalnız həmin peşə dairəsində və psixiatriya yardımı göstərmək üçün zəruri olan həddə istifadə edə bilərlər. Peşə fəaliyyəti ilə əlaqədar bu məlumatlara malik olan şəxslər onların yayılmasına görə məsuliyyət daşıyırlar. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu qanunu pozan hüquqi və fiziki şəxslər qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bundan əlavə olaraq, “intizam xətaları və onlara görə verilən intizam tənbehləri haqqında təlimat cədvəlinə” əsasən PYHQ bəndlərini pozma, pasiyentlər haqqında məlumatları, foto, videoçəkilişləri digər mənbələrdə istifadə etmə və sosial şəbəkələrdə paylaşma nizam-intizam xətası hesab olunur. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş X5 Qaydalarının 36-cı maddəsinə əsasən, “həkim öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə qanunvericiliyə uyğun olaraq intizam, inzibati, cinayət və digər məsuliyyətə cəlb oluna bilər. İddiaçı qanunvericiliklə müəyyən edilmiş tələbləri pozmuş və şiddətli töhmət verilməsi ilə nəticələnən intizam xətasını törətmişdir. Bu səbəbdən hesab edir ki, şiddətli töhmətin verilməsi ilə bağlı İddiaçı barəsində qəbul edilmiş əmr əsaslıdır. Qeyd olunanlara əsasən, nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 385 saylı məktubundan görünür ki, həkim epidemioloq İddiaçı verilən intizam tənbehi psixiatriya xəstəxanasında müalicədə olan pasiyent barəsində sosial şəbəkədə yaydığı məlumata əsaslanmışdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 1997-ci il 25 iyul tarixli Fərmanı, həmin Qanunun 29-cu və 53-cü maddələrinə görə, şəxsin tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar şəxsiyyəti barədə informasiya həkim sirrini təşkil edir. - “İntizam xətaları və onlara görə verilən intizam tənbehləri haqqında təlimat cədvəlinə” əsasən PYHQ bəndlərini pozma, pasiyentlər haqqında məlumatları, foto, videoçəkilişləri digər mənbələrdə istifadə etmə və sosial şəbəkələrdə paylaşma nizamintizam xətası hesab olunur və işdən azad etmə intizam tənbehinə səbəb olur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 2971-K nömrəli İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında əmrindən görünür ki, əmək funksiyalarını və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyinə, xəstəxanadaxıli intizam qaydalarını pozduğuna görə, "Respublika Psixiatrıya Xəstəxanası" publik hüquqi şəxsinin Psixiatrik yoluxucu xəstəliklər şöbəsinin Həkim-epidemioloqu İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi Tibbi Şuranın 2 saylı xx.xx.2024-cü il tarixli iclas protokolundan görünür ki, əmək müqaviləsi üzrə öhdəliklərini, əmək funksiyasını tam yerinə yetirmədiyi, nizamintizam qaydalarını pozduğu, olacaq nəticə barədə düşünməyərək öz vəzifəsinə səhlənkar yanaşdığı üçün komissiya üzvləri tərəfindən səhlənkarlığa yol verən işçiyə intizam tənbehi verilməsi qərarı müdiriyyətə təklif edilməsi ilə əlaqədar olaraq sadalanan müraciətləri, sübut və dəlilləri nəzərə alaraq gələcəkdə xəstəxananın fəaliyyətində bu xarakterli əməllərin baş verməsinin qarşısını almaq məqsədilə həkim epidemioloq İddiaçı intizam tənbehi olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin yoluxucu xəstəliklər şöbəsinin həkim epidemioloqu İddiaçı izahat verməkdən imtina olunmasına dair akt tərtib edilməsi barədə xx.xx.2024-cü il tarixli 1 saylı aktdan qeyd olunmuşdur ki, “Biz aşağıda imza edənlər: baş direktor Orxan Cəfərov, baş direktorun müavini Mayıl İsmayılov, baş direktorun müavini vmə Rəna İsmayılova, baş tibb bacısı Ramila Muradova, 13-cü p\kişi şöbəsinin müdiri Nihad Məmmədov, yoluxucu xəstəliklər şöbəsinin müdiri Dilarə Cabbarova, kadrlar şöbəsinin müdiri Gülşən İsmiyeva bu aktı tərtib etdik ondan ötəri ki, həkim epidemioloq Məmmədova X1 Yardımı haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 7.2 və 7.3 bəndlərini kobud şəkildə pozaraq xəstəxananın 1-ci herontoloji şöbəsində müalicə alan pasiyent haqqında məlumatları “WhatsApp” şəbəkəsinin status bölməsində paylaşması ilə bağlı xx.xx.2024cü il tarixdə izahat yazmaqdan imtina etmişdir.” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.1-ci maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinin b yarımbəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək işəgötürən verə biləcəyi intizam tənbehlərindən biridir. Həmin Məcəllənin 189.3-cü maddəsinə əsasən, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Həmin Məcəllənin 190.1-ci maddəsinə əsasən, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Həmin Məcəllənin 190.2-ci maddəsinə əsasən, işçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər. Həmin Məcəllənin 190.3-cü maddəsinə əsasən, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin həkim epidemioloqu İddiaçı verilən intizam tənbehi onun psixiatriya xəstəxanasında müalicədə olan pasiyent barəsində sosial şəbəkədə yaydığı məlumata əsaslanmışdır, yəni o, kompüterdə yerləşən daxili sənədlərdən pasiyent haqqında məlumatları telefonla çəkmiş və votsap tətbiqində status vasitəsi ilə paylaşmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, iş üzrə İddiaçı pasiyent haqqında məlumatları votsap tətbiqində status vasitəsi ilə paylaşdığını təsdiq edən mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş votsap statusundan paylaşımın əks olunduğu iddia olunan A4 formatında vərəqdir. Həmin paylaşımın hansı şəxs(lər)in statusunda görünməsi və “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin rəhbərliyinə kim tərəfindən təqdim edilməsi, yəni mənbəyi barədə məlumatlar iş materiallarında mövcud deyil, məhkəməyə də təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənbəyi aşkar olmayan məlumata görə, şəxs barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək növündə intizam tənbehinin tətbiqi yolverilməzdir. Digər tərəfdən, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “İntizam xətaları və onlara görə verilən intizam tənbehləri haqqında təlimat cədvəli”nin 8-ci bəndinə əsasən, PYHQ bəndlərini pozma, pasiyentlər haqqında məlumatları, foto, videoçəkilişləri digər mənbələrdə istifadə etmə və sosial şəbəkələrdə paylaşma nizam-intizam xətası hesab olunur və işdən azad etmə intizam tənbehinə səbəb olur. Göründüyü kimi, işəgötürən “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən həmin xəstəxananın həkim epidemioloqu İddiaçı onun psixiatriya xəstəxanasında müalicədə olan pasiyent barəsində sosial şəbəkədə yaydığı məlumat səbəbindən, yəni onun kompüterdə yerləşən daxili sənədlərdən pasiyent haqqında məlumatları telefonla çəkməsi və votsap tətbiqində status vasitəsi ilə paylaşmasına görə, barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək növündə intizam tənbehi tətbiq edilmişdir. Halbuki həmin xəstəxananın “İntizam xətaları və onlara görə verilən intizam tənbehləri haqqında təlimat cədvəli”nin 8-ci bəndinə əsasən həmin hallar şəxsə işdən azad etmə növündə intizam tənbeh verilməsi üçün birbaşa əsas olmuşdur. Yəni xəstəxananın həkim epidemioloqu İddiaçı doğrudan da, həmin qanun pozuntusuna yol vermişdirsə, bu hal onun barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək növündə intizam tənbehi tətbiq üçün deyil, əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək üçün hüquqi əsas olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununa dair tələblər müəyyən olunmuşdur. Həmin maddənin 2-ci hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Hazırkı işin halları intizam tənbehinin tətbiqinə dair işəgötürənin əmrinin etibarsızlığı barədə olsa da, məhkəmə hesab edir ki, intizam tənbehinin tətbiqindən daha ağır nəticələrə səbəb olan əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin etibarsızlığına aid müddəalar mübahisəyə anoloji olaraq tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi xx.xx.2024-cü il tarixli, 2971-K nömrəli əmrin etibarsız sayılması hissəsində əsaslıdır və təmin edilməlidir. İddianın qanunsuz əmr nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi hissəsində münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanunəsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Göründüyü kimi, qanunvericilikdə fiziki şəxslərə münasibətdə vurulmuş mənəvi ziyanın ödənilməsi imkanı, şərtləri və s. nəzərdə tutulmuşdur. Qeyd olunan halları və iddiaçının keçirdiyi mənəvi sarsıntını nərəzə alaraq, məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərə görə, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdən 300 manat məbləğində pul kompensasiyasının tutulmasını ədalətli, tərəfin maddi vəziyyətinə uyğun və ağlabatan hesab edir. İddiaçı iş yerində qısnamalara məruz qalması məhkəmə baxışı zamanı təsdiqini tapmadığından, yəni sübuta yetirilmədiyindən, həmin əsasa görə mənəvi ziyanın tutulması hissəsində iddia təmin edilə bilməz. Eyni zamanda iddiaçı bütövlükdə ona vurulmuş mənəvi ziyana görə, 5000 manat tələb etsə də, məhkəmə həmin hissədə iddianı qanuni, əsaslı və işin hallarına uyğun hesab etmir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 2971-K nömrəli əmr etibarsız hesab edilməli, qanunsuz əmr nəticəsində iddiaçıya dəymiş 300 manat dəyərində mənəvi zərər cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın qismən təmin edildiyini nəzərə alaraq, hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin 30 manat hissəsi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə aid edilməklə, ondan tutularaq, İddiaçı ödənilməli, dövlət rüsumunun qalan hissəsi və 60 manat mediasiya xidmət haqqı iddiaçıya aid edilməlidir. İddiaçı hüquqlarının bərpa edilməsi üçün çəkilmiş hüquqi və digər xərclər üçün 500 manat tələb etsə də, bunu təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 2971-K nömrəli əmr etibarsız hesab edilsin. Qanunsuz əmr nəticəsində iddiaçıya dəymiş 300 (üç yüz) manat dəyərində mənəvi zərər cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə aid edilərək, ondan iddiaçının xeyrinə tutulsun. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. 60 (altmış) manat mediasiya xidmət haqqı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-4536/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4536/2025
23.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver