Məhkəmə qərarları › İş №e-2(008)-4561/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4561/2024

27.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4561/2024 27.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və ailə üzvlərinin iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsi 7B (yeni qaydalarla – ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 458,5 kv.m olan fərdi yaşayış evindən məcburi çıxarılmaları və fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fikrət Tağıyev küçəsi 7B (yeni qaydalarla – Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fikrət Tağıyev küçəsi 19 ünvanında yerləşən, ümumi sahəsi 458,5 kv.m olan fərdi yaşayış evini 400000 manata cavabdehdən satın almışdır. Tərəflər arasında bağlanmış müqavilənin 11-ci bəndinə əsasən satıcı, yəni iş üzrə Cavabdeh fərdi yaşayış evini xx.xx.2023-cü ilədək alıcıya, yəni iş üzrə İddiaçı təhvil verməyə öhdəlik götürmüşdür. Müqavilə əsasında iddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirərək əmlakın razılaşdırılmış dəyərini tam şəkildə ödəsə də, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini bu günədək icra etməyərək, daşınmaz əmlakı iddiaçıya təhvil verməmişdir. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaçının Konstitusiya ilə qorunan hüquqları pozulmaqda davam edir. Pozulan hüquqlarının başqa cür bərpa olunmayacağını gördüyündən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, öhdəliyə əsasən cavabdeh 1 ay ərzində evi təhvil verməli idi. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsi 7B (yeni qaydalarla – ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 458,5 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət üzrə alıcı İddiaçı mülkiyyətinə verir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakixanov qəsəbəsi Fikrət Tağıyev küçəsi 7B (yeni qaydalarla – ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fikrət Tağıyev küçəsi 7B (yeni qaydalarla – ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü ildə cavabdeh tərəfindən iddiaçıya alqı-satqı müqaviləsi əsasında satılmışdır. Hal-hazırda mübahisəli ev İddiaçı mülkiyyətindədir. Cavabdehin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışla təsdiq edilir. Buna baxmayaraq o, cavabehin hərəkətləri nəticəsində öz mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sadalanan normalardan və iş üzrə müəyyən edilmiş hallardan görünür ki, mübahisəli ev iddiaçıya tam mülkiyyət hüququ əsasında məxsusdur. Cavabdeh əvvəl özünə məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakixanov qəsəbəsi Fikrət Tağıyev küçəsi 7B (yeni qaydalarla – ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən İddiaçı satmışdır. İddiaçının mülkiyyət hüququ qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmişdir. Beləliklə, cavabdehin və onun ailə üzvlərinin mübahisəli evə nə mülkiyyət, nə də istifadə hüququ qalmamışdır. Cavabdeh satmış olduğu əmlakı təhvil verməməklə iddiaçının mülkiyyət hüquqlarını pozmuş olur. Ona görə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh və onun ailə üzvləri Bakı şəhəri Sabunçu rayonu Bakixanov qəsəbəsi Fikrət Tağıyev küçəsi 7B (yeni qaydalarla – ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh və onun ailə üzvləri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsi 7B (yeni qaydalarla – ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar