Məhkəmə qərarları › İş №e-2(008)-4658/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4658/2024

26.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4658/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 22A saylı evin 6 saylı mənzilindən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y. Əliyev küçəsində yerləşən 22A saylı evin 36.28 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 6 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzil 1425 nömrəli reyestr kitabının 213952 səhifə 30/213952 nömrəli vərəqində qeydiyyata alınmaqla ona 27 yanvar 2006-cı il tarixdə ÖM seriyalı 255664 blank nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Göstərilən və onun mülkiyyətində olan mənzildə o, onun oğlu, 1978-ci il təvəllüdlü X8, xx xxxx 2000-ci il təvəllüdlü nəvəsi Cavabdeh və oğlu Romanın ikinci həyat yoldaşından doğulan xx.xx.2009-cu il təvəllüdlü X4 qeydiyyatdadırlar. X14 ilk dəfə 1999-cu ildə X5 ilə nikah bağlamışdır. Oğlu Romanın onunla birgə nikahından xx xxxx 2000-ci il təvəllüdlü nəvəsi Cavabdeh doğulmuşdur. Daha sonra, yəni xx.xx.2004-cü il tarixdə oğlu X10 Sapunova arasında bağlanmış nikah pozulmuşdur. Onların birgə nikahdan doğulan övladları Cavabdeh anası Yelena Sapunovanın yanında saxlanılmışdır. Buna baxmayaraq Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Onun mülkiyyətində olan mənzilə qeydiyyata alınmasına baxmayaraq, cavabdeh onun mənzilində yaşamamışdır. Cavabdeh 2010-cu ildə anası Sapunova (Levaşyeva) Yelena Aleksandrovna ilə daimi yaşamaq üçün Rusiya Federasiyasının Krasnodar diyarına getmişlər. Daha sonra isə, yəni 2021-ci ildən daimi yaşayış yerini dəyişmişdir. Liliyanın verdiyi məlumata əsasən hal-hazırda X6-Peterburq şəhərində yaşayırlar. Cavabdeh 2010cu ildən hal-hazıradək Azərbaycana 5-6 dəfə qonaq kimi, hər dəfə bir həftə müddətinə gəlmişdir. Azərbaycana gələndə isə ata nənəsinin, yəni onun evində deyil, ana nənəsinin edində qalmışdır. Cavabdeh 2018-ci ildən Rusiya vətəndaşıdır. O, Azərbaycana gələn zaman Rusiya pasportundan istifadə edirdi. Cavabdeh 2011-2024-cü illərdə hansı dövlətin, o cümlədən Rusiyanın vətəndaşı qismində Azərbaycanın sərhədini keçməsi barədə ona rəsmi məlumat verilməsi barədə Dövlət Sərhəd Xidmətinə sorğu verilmişdir. Ancaq Cavabdeh dövlət sərhədindən hərəkəti barədə məlumatların əldə olunması üçün AR Vəkillər Kollegiyasından Cavabdeh hüquqi yardımın göstərilməsi barədə orderin və məhkəmə tərəfindən müvafiq sorğunun verilməsi bildirilmişdir. Yəni onun hərəkətləri və vətəndaşlığı haqqında vəkil sorğusuna imtina cavabı verilmişdir. Artıq uzun müddətdir ki, Cavabdeh onun mülkiyyətində olan mənzildə yaşamır. 2004-cü ildən onun hansı ünvanda yaşaması ona məlum deyil. Bu müddət ərzində o, cavabdehin də yerinə kommunal xidmətləri üçün haqq ödəyir. O, pensiyaçıdır. Cavabdehin əvəzinə kommunal xidmət xərclərininin ödənilməsi onun üçün əlavə xərcdir və bu ona maddi cəhətdən çətinlik törədir. Eyni zamanda mülkiyyət hüquqları pozulur. Cavabdeh onun xüsusi mülkiyyətində olan mənzilə qeydiyyatı formal xarakter daşıyır. Buna görə də onun mülkiyyətində olan mənzilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, o, 15 ildən çoxdur ki, Yavər Əliyev küçəsi ev 22A mənzil 8 ünvanında yaşayır. İddiaçını və oğlu Romanı da həmin vaxtdan tanıyır. İddiaçı üçüncü, o isə dördüncü mərtəbədə yaşayır. İddiaçı daha əvvəl həmin binada yaşayır, o isə 2008-ci ildə ailə qurduqdan sonra indi yaşadığı mənzilə köçərək iddiaçı ilə qonşu olmuşdur. Liliya adlı şəxsi tanımır, iddiaçının evində həmin adda şəxsi heç vaxt görməmişdir. Hazırda iddiaçının evində özü, Roman, onun həyat yoldaşı, qızı yaşayır. 2008-ci ildə həmin binaya köçəndən iddiaçının mənzilində yalnız həmin şəxsləri görmüşdür. İddiaçının Liliya adlı nəvəsinin olduğunu heç vaxt eşitməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə qonşudur. O, 1991-ci ildə yaşadığı Yavər Əliyev küçəsi 22A nömrəli evin 4 nömrəli mənzilinə gəlin gəlmişdir. İddiaçı öz mənzilində anası ilə yaşayırdı. O, aşağı mərtəbədə, iddiaçı isə üst mərtəbədə yaşayır. Gəlin gələn vaxtdan iddiaçını tanıyır. Sonradan iddiaçının oğlu ailə qurmuş və qız övladı doğulmuşdur. İddiaçının nəvəsini körpə vaxtı görmüş, sonradan heç görməmişdir. İddiaçını sonuncu dəfə gördüyü vaxtdan 20 il keçmiş olar. İddiaçının nəvəsinin iddiaçının evinə gəlib-getdiyini görməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İ-AZ seriyalı 156029 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X8, anası X1. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* №-li xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. - ÖM seriyalı 255664 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən 22A nömrəli evin 6 nömrəli mənzili xx.xx.2006-cı il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - AZ-İ seriyalı 019340 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 X2 nikahı pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 243 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2010 çıxış, xx.xx.2013 giriş, xx.xx.2013 çıxış, xx.xx.2016 giriş, xx.xx.2016 çıxış, xx.xx.2019 giriş, xx.xx.2019 çıxış, xx.xx.2022 giriş, xx.xx.2022 çıxış. Məhkəmə, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən 22A nömrəli evin 6 nömrəli mənzilində qeydiyyatda olsa da, həmin mənzildə yaşamır, orada formal olaraq pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ-İV bəndlərinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun” 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxsi öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Beləliklə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh qeydiyyatda olduğu Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən 22A nömrəli evin 6 nömrəli mənzilindən 2004-cü ildə könüllü olaraq getmiş və bir daha oraya qayıtmamış, 20 ildir ki, həmin mənzillə əlaqəsini kəsmiş və mənzilə olan istifadə hüququnu itirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən 22A nömrəli evin 6 nömrəli mənzilindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən 22A nömrəli evin 6 nömrəli mənzilində yaşayış sahəsinə istifadə hüququna xitam verilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar