Məhkəmə qərarları › İş №e-2(008)-4710/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4710/2024

04.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4710/2024 04.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə inşa edilmiş evə çəkilmiş xərclərin müəyyən edilməsi və bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə inşa edilmiş evə çəkilmiş xərclərin müəyyən edilməsi və bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə inşa etdikləri ünvan 3 evin tikilməsinə çəkilmiş xərclərin müəyyən edilməsi və həmin xərclərin aralarında bərabər həcmdə bölünərək, müəyyən edilmiş məbləğin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.1992-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və nikah Cəbrayıl rayonu, Cocuq Mərcanlı İcra Nümayəndəliyində qeydə alınmışdır. Birgə nikahdan xx.xx.1993-cü ildə qızı Lalə, xx.xx.1996-cı ildə qızı Lamiyə və xx.xx.2008-ci ildə oğlu İsmayıl dünyaya gəlmişdir. Cavabdehlə ailə həyatlarının ilk illərində ünvan 1 ünvanda fərdi yaşayış evi inşa etməyə başlamışlar və həmin çətin illərdə əl-ələ verib evi tikərək, uşaqlarını böyütmüşlər. Cavabdeh dözülməz xasiyyətə malik olsa da, iddiaçı bir Azərbaycanlı qızı olaraq hər əziyyətə dözüb uşaqları böyütmüşdür. Hazırda qızlarının hər ikisi ailəlidir və öz ailələri ilə birlikdə yaşayırlar, oğlu isə azyaşlıdır. ünvan 2 ünvandaki fərdi yaşayış evini 2003-cü ildə inşa edib ora köçmüşlər. Həmin ev sənədsizdir. Evi inşa etdikləri vaxtda onların Cəbrayıl rayonundan məcburi köçkün olmaları nəzərə alınaraq, ev inşa etmələrinə maneəçilik törədilməmişdir. Ötən müddətdə evə dair sənəd ala bilməmişlər və evin kommunal xidmətləri sənədsiz, özbaşına tikilmiş ev kimi cavabdehin adına qeydə alınmışdır və sonradan o, X7 qəsəbəsi Oktyabr küçəsi ev 5 ünvanda yerləşən 80 kv/m tikili və 200 kv/m torpaq sahəsinə görə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Evin cavabdehlə birgə nikah dövründə inşa etmələri həm müvafiq sənədlərlə, həm də qonşuluqda yaşayan sakinlər tərəfindən təsdiq edilə bilər. Belə ki, evdə yaşadıqdan bir müddət sonra pasport qeydiyyatına düşmək üçün məhkəməyə müraciət olunmuş və Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2- 80/06 nömrəli qətnaməsi ilə, onlar ailəlikcə hazırda mübahisə olunan Bakı şəhəri, Zabrat qəsəbəsi Oktyabr küçəsi 5 nömrəli evə pasport qeydiyyatına alınmışlar və hal-hazırda da həmin evdə pasport qeydiyyatındadırlar. Cavabdeh elə cavan vaxtlarında da spirtli içkiyə aludə olmuş və hər dəfə içkili vəziyyətdə evə gələndə dava-dalaş salar, uşaqların gözü qarşısında ona əl qaldırmaqdan belə çəkinməzdi. Onun spirtli içkiyə aludə olması sonda bu ahıl yaşlarında ailənin dağılmasına səbəb olmuşdur. O, spirtli içki qəbul etdikdən sonra elə vəziyyətə düşür ki, gözü heç nəyi görmür həmin vaxt onların həyatları üçün real təhlükə yaranır. Azyaşlı uşaq qorxudan əsəb xəstəliyinə tutulub. Belə bir dözülməz vəziyyətdə məcburiyyət qarşısında məhkəmədə nikahın pozulmasına dair iddia qaldırmış və Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-605/2024 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozularaq, xx.xx.2008-ci ildə anadan olmuş X6 onun himayəsində saxlanılaraq, onun saxlanılması üçün hər ay atasından 220 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh nəinki aliment ödəmir, hətta onları, yəni oğlu ilə onu min bir əzab və əziyyətlə tikib başa gətirdikləri evə buraxmır. İddiaçını evə gələcəyi təqdirdə öldürəcəyi ilə hədələyir. Dəfələrlə Sabunçu Rayon 15-ci Polis Bölməsinə və Daxili İşlər Nazirliyinin “102” Qaynar Xətt Xidmətinə müraciət etmişdir. Ancaq gələn polislər ev mübahisəsi ilə bağlı məhkəməyə müraciət etməklərini məsləhət görmüşlər. Sonuncu dəfə aralarında xx.xx.2024-cü ildə yaranmış münaqişə Cavabdeh tərəfindən böyük zəhmət və əziyyət hesabına tikilmiş həyətdəki evlərinin və həyətlərinin bir hissəsinin başqa bir şəxsə satması və həmin şəxslərin gəlib orada hasar çəkməsi, satılmış evin təmirinə başlaması ilə əlaqədar olmuşdur. Bir neçə vaxtdır ki, çox çətin maddi və psixoloji vəziyyətdə uşaqla birlikdə qohum-qardaş qapısında qalmışlar. Ona görə də, hazırki iddianı qaldıraraq evə çəkilmiş xərclərin müəyyən edilərək aralarında bölünməsindən əldə ediləcək vəsait hesabına heç olmasa kirayədə yaşaya biləcəklərini bildirmişdir. İddiaçı nikah pozulduqdan sonra “Cəfərquliyeva” soyadından qızlıq soyadına, “Səfərova” soyadına keçmişdir. Bu soyada keçməyinin nikahın pozulması haqqında şəhadətnamədə qeyd olunmuşdur. Mübahisəli ev sənədsiz olduğundan və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından həmin evin birgə nikah dövründə əldə edilmiş əmlak kimi aralarında bölünməsi mümkün olmasa da, qanunvericilik birgə nikah dövründə həmin evə çəkilmiş xərclərin müəyyən edilməsi və aralarında bölünməsi imkanını istisna etmir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, həmin evin bazar qiyməti ilə müəyyən edilmiş qiymətinin aralarında bərabər paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək, iş üzrə kifayət qədər sübutlar torplandığını, cavabdehin də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Oktyabr küçəsi 5 nömrəli evə çəkilmiş xərclərin bölünməsinə razı olduğunu, 19 avqust 2024-cü il tarixindəki rəydə evin həm bazar qiyməti, həm də tikintisinə çəkilən xərclərlə bağlı qiymət müəyyən edildiyini,rəyə uyğun olaraq iddia tələbinin həcmini artıraraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Oktyabr küçəsi 5 nömrəli evin bazar qiymətinə uyğun olaraq müəyyən edilmiş qiymətinin tərəflər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bir ildən çoxdur ayrı yaşadıqlarını, bu günədək evə qayıtmaqları üçün cavabdeh tərəfindən heç bir cəhd edilmədiyini, əksinə onları ölümlə hədələdiyini, orada yaşamaqlarının qeyri-mümkün olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaya etiraz etmədiyini, evin satılaraq paylarına düşən hissəsinin verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 03 fevral 2006-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 5 nömrəli evə pasport qeydiyyatına alınması qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-605/2024 nömrəli, 16 yanvar 2024cü il tarixli qətnamənin surətindən görünür ki, iddia tələbi təmin edilərək, X5 ilə, Cavabdeh arasında Cəbrayıl Rayonu, Cocuq Mərcanlı icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.1992-ci il tarixli nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6 iddiaçı X1 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2023-cü il tarixdən etibarən, birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi, 50 (əlli) manat mediyasiya xərci və 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq X2 ödənilməsi qət etmişdir. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 483628 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2024-cü ilin 04 ayının 09 günündə 199 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Cəfərquliyev, qadına Səfərova soyadı verilmişdir. - Bakı şəhəri Zabrat Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 32 nömrəli sorğuya cavab məktubunda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi 5 ünvanındaki fərdi yaşayış evinin tikintisi və ya hər hansı bir məqsədlə (təyinatı baxımından) Zabrat bələdiyyəsi tərəfindən torpaq ayrılmamışdır. Sorğuda cavablandırılması xahiş olunan, həmin fərdi yaşayış evinin nə vaxt və kim tərəfindən inşa edilməsi, habelə həmin tikilidə faktiki olaraq kimlərin yaşaması barədə Bələdiyyədə məlumat olmadığından ətraflı və dəqiq məlumat verilməsi imkanları xaricində olması, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi 5 ünvanında yerləşən 80 kv.metr əmlak (tikili) və 200 kv.metr torpaq sahəsinə görə vətəndaş Cavabdeh tərəfindən 2017-ci ildə iki illik cəmi 42 manat 40 qəpik məbləğində Bələdiyyəyə vergi ödənildiyi, həmin vaxtdan bu günə kimi qeyd edilən ünvandaki tikili və torpaq sahəsinə görə Bələdiyyəyə ödəniş edilmədiyi bildirilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat Qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2024-cü il tarixli, 5-18-10/2-1622/2024 nömrəli sorğuya cavab məktubunda, nümayəndəlikdə həmin ünvanda yerləşən fərdi yaşayış evinə aid heç bir hüquqmüəyyənedicisi sənəd mövcud olmadığından evə aid sualların cavablandırması mümkün olmamış, həmin ünvanda qeydiyyat olan şəxslər barədə 5 saylı ASAN xidmətin xx.xx.2024-cü il tarixli ******* nömrəli arayış verilmiş, nümayəndəlikdə məlumat olmaması səbəbindən ünvanda faktiki yaşayanların dəqiq müəyyən etməyin mümkün olmaması bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 20 nömrəli hesabat məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 5 nömrəli evin bazar qiyməti 65000 (altmış beş min) manat və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 5 nömrəli evin tikilməsinə çəkilmiş xərc 37919,50 (otuz yeddi min doqquz yüz on doqquz manat, 50 qəpik) olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və yamüqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İş materiallarından göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 5 nömrəli ev tərəflərin birgə nikah dövründə və tərəflərin birgə vəsaiti hesabına inşa edilib, lakin müvafiq sənədləşmə olmadığına görə o, özbaşına tikili sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 3.2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin qərarın 4.11-ci bəndinə əsasən Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Mülki iş materiallarından göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 5 nömrəli ev özbaşına tikili olmaqla, tərəflərin birgə nikah dövründə və tərəflərin birgə vəsaiti hesabına inşa edilmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış nikah pozulduğundan, cavabdeh mütəmadi olaraq spirtli ickilər qəbul edərək onu döyməsi, bu barədə dəfələrlə DİN 102 xidmətinə müraciət olunması və ən əsası isə bir evdə yaşamalarıhəyatı üçün real təhlükə doğurduğundan, iddiaçının həmin evdə yaşaması, onun faydalı xassələrindən istifadə etmək imkanından məhrum edir. Həmçinin məhkəmə iddia tələbinin qismən təmin olunması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli 1/2024 nömrəli Qərarının 4.11-ci bəndinə əsasən ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Plenum qərarında vahid məhkəmə təcrübəsinin formalaşması ilə bağlı mövqe ondan ibarət olmuşdur ki, tərəflərin birgə nikah dövründə birgə qazancları hesabına inşa etdikləri tikilinin mövcud bazar qiyməti deyil onun tikintisi ilə bağlı çəkilmiş xərcin bölünməsini nəzərdə tutmuşdur. Belə ki, tikili pulun (ər-arvadın ümumi vəsaitinin) daşınmaz əşyada maddiləşmiş formasıdır və onun yenidən pula çevrilməsi (tikilini faktiki satma, söküb inşaat materiallarına çevirmə və s.) mümkündür. İnşaata sərf edilmiş pulun bölünməsindən imtina edilməsi ona səbəb olacaq ki, pulun (ər-arvadın ümumi vəsaitinin) maddiləşmiş nəticəsi cavabdehdə qalacaq, cavabdeh isə istənilən zaman onu yenidən pula çevirməklə ər-arvadın ümumi vəsaitinə təkbaşına sahiblənə biləcək. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 20 nömrəli hesabat məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 5 nömrəli evin tikilməsinə çəkilmiş xərc 37919,50 (otuz yeddi min doqquz yüz on doqquz manat, 50 qəpik) manatdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, tərəflərin birgə nikah dövründə onların ümumi əmlakı hesabına inşa edilmiş evin tikintisinə sərf olunmuş xərc 37919,50 manatın yarısı cavabdeh X3 tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı ilə, Cavabdeh birgə nikah müddətində inşa etdikləri, ünvan 3 ünvanda yerləşən özbaşına tikilinin inşasına çəkilmiş 37919,50 manatın ½ hissəsi yəni 18959,75 (on səkkiz min doqquz yüz əlli doqquz manat yetmiş beş qəpik) manat Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 3 ünvanda yerləşən özbaşına tikilinin inşasına çəkilmiş 37919,50 manatın ½ hissəsi yəni 18959,75 (on səkkiz min doqquz yüz əlli doqquz manat yetmiş beş qəpik) manat Cavabdeh alınaraq, İddiaçı verilsin. 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilsin. Ekspert rəyinin alınması üçün 200 manat pul tərəflərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar