Məhkəmə qərarları › İş №e-2(008)-478/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-478/2023

01.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-478/2023 01.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş hasarın cavabdehin hesabına dərhal sökülməsi, habelə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisin xx.xx.2023-cü il tarixli, **********88 nömrəli məktubuna əlavə edilmiş izahlı eskizdə göstərilən ümumi sahəsi 57,5 kv.m olan torpaq sahəsinin boşaldılması və iddiaçının torpaq sahəsindən istifadə və sahibliyinə olan maneələrin dayandırılması, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, ekspertiza xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0295 ha olan torpaq sahəsinin mülkiyyətçisidir. Mülkiyyətçi hüquqları Daşınmaz əmlakın dövlət reyestrində 922 nömrəli reyestr kitabının 87418 nömrəli vərəqində qeydiyyata alınmış, Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İddiaçı torpaq sahəsini 3 tərəfdən hasarlamış, ümumi istifadədə olan yol dar olduğundan, bir tərəfi tikinti işləri apara bilmək üçün hasarlamamışdır. Bir müddət sonra iddiaçı qanunla sahiblik etdiyi torpaq sahəsinə gəldikdə məlum olmuşdur ki, qonşu sahənin mülkiyyətçisi onun hasarlamadığı tərəfdən torpaq sahəsininin bir hissəsini, habelə onun torpaq sahəsinə gedən ümumi istifadədə olan yolu zəbt etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, hazırkı iş materiallarında üç mötəbər, etibarlı hüquqi sənəd mövcuddur. İş materiallarında həmin sənədlərin mötəbər, etibarlı olmamasını sübut edən hər hansı sənəd yoxdur. Onlardan ikisi, yəni İddiaçı adına olan torpaq sahəsinin plan və ölçüsü və Cavabdeh adına olan torpaq sahəsinin plan və ölçüsü - hüquq müəyyənedicidir, yəni tərəflərin qanun və müqavilə üzrə mövcud mülkiyyət hüquqlarının həddlərini, sərhədlərini müəyyən edən sənədlərdir. Həmin sənədlər sərhədlərin sənədlər üzrə necə olmalı olduğunu göstərir. Yerdə qalan bir sənəd-mütəxəssis rəyindəki izahlı eskiz, sərhədlərin həm sərhədlərin sənədlər üzrə necə olmalı olduğunu, həm də faktiki vəziyyətini göstərir. Həmin eskizdə tərəflərin həm hüquqlarının çatdığı torpaq sahələrinin uzunluqları, eni, həm də cavabdeh tərəfindən zəbt olunan sahənin uzunluğu, eni göstərilib. Bu üç sənədi diqqətlə araşdırdıqda müəyyən olunur ki, tərəflər arasında yalnız bir tərəfdən hasar ola bilər. Cavabdeh iddiaçının torpağını yalnız bir tərəfdən zəbt edə bilər. Belə ki, tərəflərin torpaq sahələrinin plan və ölçüsündə həmin sənədin aid olduğu şəxsin sahəsi "nöqtə" ilə işarələnmişdir, həmin nöqtənin aid olduğu sahənin tərəflərinin sayı, uzunluqları, eni göstərilmişdir. Eskizdə də tərəflərin torpaq sahələrinin uzunluqları və eni göstərilmişdir. Hər iki tərəfə mülkiyyət hüquqlarını verən sənədlərlə bağlı - hər iki tərəfin torpaq sahələrinin ilkin plan və ölçüsü bağışlanma müqavilələrinə əsasən verilmiş, iddiaçı və cavabdehin hazırda mülkiyyətçiləri olduqları torpaq sahələrinin əvvəlki mülkiyyətçisi Qədir Seyfulla oğlu olmuşdur. xx.xx.2018-ci il tarixli çıxarışa əsasən onun 0,0953 ha (953 kv.m) sahəsi olmuşdur. xx.xx.2019-cu il tarixli bağışlama müqavilələrinə əsasən Qədir Seyfulla oğlu həmin torpağın 0,0295 (295 kv.m) hissəsini bir oğluna (torpaq sahəsini iddiaçıya satan X2), 0,04 ha hissəsini digər oğlunun arvadına bağışlamış, qalan hissəsini özündə saxlamışdır. Nəticədə, yuxarıda göstərilən bağışlama müqavilələrinə, habelə müvafiq çıxarışlara əsasən eyni tarixdə bağışlanmış hər iki torpağın plan və ölçüsü eyni tarixdə xx.xx.2019-cu ildə verilmişdir. xx.xx.2019-cu ildə X3 mülkiyyətində olan torpaq sahəsini alğı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. Yəni həmin torpaq sahəsindən nə çox, nə az, bütünlüklə mülkiyyətində olan torpaq sahəsini satmışdır. xx.xx.2019-cu il tarixdə də həmin sahənin iddiaçının adına olan plan və ölçüsü verilmişdir, heç bir dəyişiklik edilməmişdir. Göründüyü kimi, sənədlər üzrə heç bir uyğunsuzluq yoxdur və ola bilməz. Uyğunsuzluq faktiki vəziyyətin hüquqi vəziyyətə uyğun olmamasındadır, yəni cavabdeh mülkiyyətində olan torpaq sahəsindən artıq olan sahədən, iddiaçının torpaq sahəsinə keçməklə istifadə edir, bu isə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Bu hərəkətin qanunvericikdə adi “özbaşına tutulma”, “zəbt”dir. Üç sənədin eyni zamanda, birgə analizi - tərəflərin torpaq sahələrinin kəsişdiyi tərəfi müəyyən etmək üçün hər iki torpaq sahələrinin plan və ölçüsünə baxır. İddiaçının plan və ölçüsünə əsasən onun torpaq sahəsinin “3-4” tərəfi, cavabdehin plan və ölçüsünə əsasən onun torpaq sahəsinin “2-3” tərəfi ilə üst-üstə düşür. Bu isə o deməkdir ki, cavabdeh iddiaçının torpağını yalnız bu hissədə qanunsuz istifadə edə bilər, hasar yalnız bu hissədə ola bilər, belə ki, “hasar”ın qonşu torpaq sahələrinin sərhədləri boyunca çəkildiyini nəzərə alaraq, bu iki tərəf arasında qonşuluq hissəsi yalnız bir tərəfdəndir. Eyni zamanda, mütəxəssis eskizində torpaqların hüquqi sənədlər üzrə ölçüləri və həmin uzunluq və enlərin cavabdeh tərəfdən hansı hissədə, nə qədər hüquqmüəyyənedici sənəddən kənaraçıxmalar göstərilmişdir. Bu üç sənədi analiz etdikdə görünür ki, cavabdeh iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Xüsusilə qeyd etmək istəyir ki, cavabdeh tərəf iddiaçının torpağını zəbt etdiyini bilir, sadəcə əsassız dəlillərə əsaslanaraq iddiaya etiraz edir. Cavabdeh tərəfin dəlilləri: 1) “ilkin sənədi kim alıbsa, hüquq ondadır”. Dəlilə münasibət: həm iddiaçının, həm də cavabdehin torpaq sahələrinin sənədləri eyni tarixdə xx.xx.2019-cu ildə verilib. Torpaq sahələrinin uzunluğu, eni, sahəsi eyni tarixdə müəyyən olunub. Sənədlərdə verilən parametrlər də üstüstə düşmür ki, ilkinlikdən söhbət getsin, ilkinlik o vaxt olardı ki, sənədlər eyni parametrləri olan torpaq sahəsinə verilsin, hazırkı vəziyyətdə sənəd üzrə müxtəlif olan torpaq sahələrindən söhbət gedir. 2) “Ekspert hasarın tikinti normasına uyğun tikildiyini yazıb”. Dəlilə münasibət - ekspert rəyində konkret maddə göstərilmişdir ki, həmin maddədə hasarın hündürlüyündən söhbət gedir. Tikinti Məcəlləsi tikinti normalarını tənzimləyir, mülkiyyət hüquqlarını tənzimləmir. Hazırkı mübahisənin predmeti pozulmuş mülkiyyət hüquqlarının bərpasıdır. 3) “İddia Cavabdeh qarşı deyil, hüquqi sənədi verən orqana yönəlməlidir”. Dəlilə münasibət: iddiaçının mülkiyyət hüquqlarını pozan tərəf plan və ölçünü verən orqan deyil, cavabdehdir. Belə ki, iddiaçı həmin torpağı aldıqda həm cavabdehin, həm də iddiaçının torpağı aldığı şəxsin (satıcı) mülkiyyət hüquqlarının həddləri müəyyən idi. Orqanın verdiyi həmin sənədlərin etibarlı olmamasına dəlalət edən heç bir sübut yoxdur. 4) “Eskizdə “zəbt”, ekspert rəyində isə “istifadə” yazılıb”. Dəlilə münasibət: Torpaq Məcəlləsinin 111-ci maddəsinin məzmunundan da müəyyən olunur ki, “zəbt”, “özbaşına tutumuş”, “qanunsuz istifadə” eyni mənanı verir, sadəcə tavtalogiyaya yol verməmək üçün müxtəlif sözlərdən istifadə olunub. Bundan başqa, maddənin məzmunundan, qanunvericilikdən də müəyyən olunur ki, torpaqdan istifadə qanuni və qanunsuz olur, qanunsuz istifadə “zəbt” adlanır, istifadənin qanuni ya qanunsuz olmasını isə ekspert deyə bilməz, ekspert öz rəyində sadəcə təsdiq edə bilər ki, “bəli, mütəxəssisin yazdığı həmin 57,5 kv.m-in cavabdeh tərəfindən istifadə olunduğunu gördüm”, qanuni ya qanunsuz istifadə olmasını isə mütəxəssis öz eskizində göstərib (“zəbt”), belə ki, mülkiyyətçilərin torpaq sərhədlərini müəyyən edən sənədi verən orqanın əməkdaşı odur. Göstərilənlərə əsasən, nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddia tam əsassızdır. İş üzrə nə mütəxəssis rəyində, nə də ekspert rəyində cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilməsinə toxunulmamışdır, zəbtlə bağlı hər hansı müddəa yoxdur. Ekspert rəyinə əsasən hasar qanunauyğun olaraq tikilmişdir. Təqdim edilmiş foto şəkilərdən də göründüyü kimi, hasar əvvəllər orada mövcud olmuş, hasarın mövcudluğu iddiaçının həmin torpaq sahəsinə hüquqlarının realizəsinə maneə yaratmır. Cavabdehin həmin torpaq sahəsinə hüquqları iddiaçının hüquqlarından əvvəl yaranmışdır. Digər tərəfdən hazırkı iddia tələbi Cavabdeh qarşı deyil, hüquqi sənədi verən müvafiq dövlət orqanına yönəlməlidir. Qeyd olunanlara əsasən, nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X4 və İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, sonuncuya ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0295 ha olan torpaq sahəsi satılmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0295 ha olan torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - XXX Qədir Seyfulla oğlu və Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış bağışlanma müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, ev 3C (yeni qaydalarla - ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,0953 ha olan torpaq sahəsinin 0,04 ha sahəsi Cavabdeh bağışlanmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubundan aydın olur ki, **********91 reyestr nömrəli torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. - Bakı şəhəri Sabunçu RİH-nin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yaşayış evinin tikintisi ilə bağlı layihə razılaşdırılmaq üçün həmin quruma təqdim edilmişdir. - A 455693 seriya nömrəli, xx.xx.2019-cu il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 62B saylı sahənin 1:1000 miqyasda planı, torpaq sahəsinin döngə nöqtələri və aradakı məsafə göstərilmişdir. - xx.xx.2019-cu il tarixdə tərtib edilmiş A455692 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində sahəsi 0,0295 ha olan torpaq sahəsinin 1:1000 miqyasda planı, torpaq sahəsinin döngə nöqtələri və aradakı məsafə göstərilmişdir. - Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2(008)-5014/2022 nömrəli qəradadı əsasında, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və ona əlavə edilmiş izahlı eskiz nəzərə alınmaqla məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/1868 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 62A saylı torpaq sahəsinin və qonşuluqda yerləşən Cavabdeh mülkiyyətində olan **********91 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış torpaq sahəsinin hər birinin ayrı-ayrılıqda olmaqla sərhədləri və sahələri müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan 0.0295 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan 0.04 ha torpaq sahələri qonşu torpaq sahələri olmaqla sənəd üzrə üst-üstə düşmür. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən mübahisə predmeti olan hasar tikilisinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun inşa edildiyi müəyyən olunur. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xdimətinin 1 saylı Ərazi idarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemdə hasar tikilisinə dair hər hansı bir məlumat olmadığından, qeyd olunan hasar tikilisinin iddiaçıya məxsus torpaq sahəsinin, yaxud ümumi istifadədə olan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin, yuxarıda qeyd olunan mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən İddiaçı mülkiyyətində olan 0,0295 ha torpaq sahəsinin 57.5 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə olunur. - xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı ünvan 5 ünvanında Cavabdeh yaşadığı iki mərtəbədən ibarət ev, evin həyətyanı sahəsi və sağ tərəfdə daş hasarın olduğu, həmçinin həmin hasardan sağ tərəfdə iddiaçıya məxsus daş hasarla əhatələnmiş dörd hissədən ibarət torpaq sahəsinin yerləşdiyi müəyyən edilmişdir. Ekspert və mütəxəssisin iştirakı təmin edilmədiyindən, sözügedən hasarın iddiaçıya məxsus torpaq sahəsində inşa edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Bununla belə, Cavabdeh mübahisənin sülh yolu ilə həlli, qonşular arasında gərgin münasibətin davam etməməsi üçün tərəfindən həmin hasarın yerinin bir neçə santimetrlik dəyişdirilməsinin mümkün olduğunu məhkəmənin diqqətinə çatdırmış, lakin iddia tərəfi həmin təklifi qəbul etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə baxışı zamanı iddia tələbinin əsası araşdırılarkən, həmçinin ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh mülkiyyətində olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsi ünvanında yerləşən torpaq sahələrinin hər birinin ayrı-ayrılıqda olmaqla sərhədləri və sahələri müəyyən olunmuş, tərəflərin mülkiyyətində olan sözügedən torpaq sahələri sənəd üzrə üst-üstə düşmür. Lakin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsi ünvanında yerləşən, ümumi sahəsi 0,0295 ha olan 62A saylı torpaq sahəsinin 57,5 kv.m torpaq hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Mübahisə predmeti olan sərhəd tikilisi ilə bağlı ekspert belə nəticəyə gəlmişdir ki, o, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğundur. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi idarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemdə hasar tikilisinə dair hər hansı bir məlumat olmadığından qeyd olunan hasar tikilisinin iddiaçıya məxsus torpaq sahəsinin, yaxud ümumi istifadədə olan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, ekspert rəyini nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla tərtib edilmişdir və işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları ilə üst-üstə düşür. Məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz və hərtərəfli olaraq qiymətləndirməklə, həmçinin iş üzrə müəyyən olunmuş halları da araşdırmaqla belə qənaətə gəlir ki, iddia qismən - sübuta yetirilən hissədə təmin edilərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsi ünvanında yerləşən, ümumi sahəsi 0,0295 ha olan 62A saylı torpaq sahəsinin faktiki Cavabdeh qanunsuz istifadəsində olan 57,5 kv.m torpaq hissəsi cavabdehin hesabına boşaldılmalı və iddiaçının həmin hissədə torpaq sahəsindən istifadə və sahibliyinə olan maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 60-cı maddələrinin 1-ci hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bununla belə, iddia tələbinin qalan hissədə əsaslı olmasına dair sübutlar yetərli olmadığından, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş hasarın cavabdehin hesabına dərhal sökülməsi tələbi təmin edilə bilməz. Belə ki, ekspert rəyində hasar tikilisinin iddiaçıya məxsus torpaq sahəsinin, yaxud ümumi istifadədə olan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etməyin mümkün olmadığı, eyni zamanda sözügedən hasarın Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun inşa edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 manat dövlət rüsumu ödəmiş, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edir ki, iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının-Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsi ünvanında yerləşən, ümumi sahəsi 0,0295 ha olan 62A saylı torpaq sahəsinin Cavabdeh faktiki istifadəsində olan 57,5 kv.m hissəsi cavabdehin hesabına boşaldılaraq, iddiaçıya qaytarılsın. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 62A ünvanında yerləşən və Cavabdeh faktiki istifadəsində olan 57,5 kv.m torpaq sahəsindən iddiaçının istifadə və sahibliyinə cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar