Məhkəmə qərarları › İş №e-2(008)-4829/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4829/2024

09.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4829/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 1 saylı Bakı Ərazi İdarəsini cəlb etdiyi “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 1 saylı Bakı Ərazi İdarəsini cəlb etdiyi “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ sahəsinin onun sahiblik və istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ sahəsinə sahiblik, ondan istifadə və onun üzərində sərəncam verməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bağlar Təsərrüfatı İdarəsi ilə ərizəçi arasında 07 fevral 1977-ci ildə bağlanmış 12629 nömrəli müqaviləyə əsasən ona Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 815 nömrəli bağ torpaq sahəsi ayrılmışdır. Həmin tarixdən də bağ onun istifadəsindədir. Bundan başqa, həmin ərazidə yerləşən 817 nömrəli bağ sahəsinə dair qohumu X5 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında 09 fevral 1979-cu ildə bağlanmışdır və torpaq sahəsi onun istifadəsində olmuşdur. Qonşuluqda yerləşən 818 nömrəli bağ sahəsinə dair isə qardaşı X9 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında 04 fevral 1977-ci ildə müqavilə bağlanmışdır və torpaq sahəsi onun istifadəsində olmuşdur. Bundan başqa, Bağlar Təsərrüfatı İdarəsi ilə X17 arasında 22 yanvar 1979-cu ildə bağlanmış 12631 nömrəli müqavilə əsasında X13 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ torpaq sahəsi ayrılmışdır. Daha sonra X17 ərizəçiyə məxsus torpaq sahəsinin (815 nömrəli bağ) qonşuluğunda yerləşən torpaq sahəsini aralarında olan şifahi razılaşmaya əsasən 1985-ci ildə ona satmış, o, torpağın dəyərini ona ödəmiş, torpağa dair müqavilənin əslini ərizəçiyə təqdim etmişdir. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsində olmuşdur. Torpağa dair vergiləri də hazırda nəvəsi X14 ödəyir. Qonşuluqda yerləşən torpaq sahə mülkiyyətçiləri qohumdurlar. 816 nömrəli bağ sahəsi də əvvəlki mülkiyyətçisi tərəfindən satıldıqdan sonra ərizəçinin istifadəsində olmuşdur. Hətta, Bakı İnzibati Məhkəməsində 2(112)-1622/22 nömrəli işə baxılarkən cavabdeh orqan 818 nömrəli bağ sahəsinin 817, 816 və 726 nömrəli bağların ərazisinə uyğun gəldiyini bildirmişdir. Məhkəmə iclasında nəvəsi X6 adından ərizə verilmiş və həmin ərizədə qeyd olunmuşdur ki, X14 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ 816 ünvanında yerləşən sahəsi 0,25 ha olan torpaq sahəsinin faktiki onun istifadəsində olduğunu və qonşuluqda olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ 818 ünvanında yerləşən sahəsi 0,25 ha olan torpaq sahəsinin özəlləşdirilməsinə etiraz etmədiyini, razı olduğunu bildirmişdir. Kürdəxanı bələdiyyəsi tərəfindən Kürdəxanı qəsəbəsi, Ləhiş bağ 816 ünvanına dair verilmiş **********71576 nömrəli Tədiyyə bildirişi üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökumət Ödəniş portalı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə aparılmış ödənişlə bağlı ********* nömrəli mədaxil qəbzinin surətindən müəyyən olunur ki, həmin ödəniş Bələdiyyə torpaq vergisi olaraq X14 tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi, məhkəmə də 816 nömrəli bağ sahəsinə dair nəvəsinə, dolayısı ilə ərizəçiyə məxsus olmasını qəbul etmiş, razılıq ərizəsinə uyğun olaraq iddiaçının iddia tələbini təmin etmişdir. Həmin qərar apellyasiya və kassasiya instansiyalarında da qüvvədə saxlanılmışdır və yuxarı instansiya məhkəmələri tərəfindən də torpağın istifadəçisi olmağı qəbul edilmişdir. Ərizəçi Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatına alınması, plan ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə maraqlı şəxsə müraciət etsə də, ünvanladıqları xx.xx.2024-cü il tarixli cavab məktubunda, təqdim edilən sənədlərin digər şəxsin adına olması qeyd edilmişdir. X1 harada yaşaması məlum deyil. Ona görə də, həmin müqavilə üzrə müəyyən edilmiş torpaq sahəsini adına keçirə bilmir. Müqavilə üzrə torpaq sahəsinin ona məxsus olmasını başqa yolla təsdiq etmək mümkün deyildir. Odur ki, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizədə qeyd olunanları bir daha vurğulayaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində ərizəçi onun atası olduğunu, atasının bağı Sehran xanımdan aldığını və hal-hazırda oğlunun bağın kommunal vergisini ödədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində ərizəçi onun əmisi olduğunu, Ləhic bağlarında atasının adına bağ sahəsi olduğunu, vərəsəlik işi açılandan sonra öz adına keçirtdiyini, qonşuluqda əmisinin adına da bağ sahəsi olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, 816 nömrəli bağ sahəsi qonşuluqda olan Sehran xanımın adına olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1621/22 nömrəli, 12 may 2022-ci il tarixli qərarı ilə, Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı olan iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 2290 kvm. olan 815 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinə aid plan ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qeyd olunan qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-565/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2(112)-1622/22 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarı ilə, iddiaçının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı olan iddia tələbi təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 818 nömrəli bağ sahəsinə dair mərhum Mirzəyev X19 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qeyd olunan qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-69/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2(112)-3437/24 nömrəli, 16 fevral 2024-cü il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 891/817 nömrəli bağ sahəsinin mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən görünür ki, Ərizəçi tərəfindən təqdim edilmiş sənədlər digər şəxsin adınadır. Odur ki, torpaq sahəsinə dair ərizəçinin adına olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X8 və İstismarı Birliyi ilə X18 arasında bağlanmış xx.xx.1979-cu il tarixli, 12631 nömrəli müqavilə idarənin arxivində mövcuddur. İş materiallarında olan Bağlar Təsərrüfatı İdarəsi ilə X17 arasında 22 yanvar 1979-cu ildə bağlanmış 12631 nömrəli müqavilənin surətindən görünür ki, X13 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri X29 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,2290 ha olan 815 nömrəli bağ sahəsi xx.xx.2023-cü il tarixdən Ərizəçi xüsusi mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri X29 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 818 nömrəli bağ sahəsi xx.xx.2023-cü il tarixdən X2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 nömrəli plenum qərarının 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. 7.1. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların dövlət bağçılıq təssərüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin” 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə qeyd olunan normaları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, torpan sahəsi üzərində hüquqlar əvvəlki mülkiyyətçiyə məxsus olmuşdur. Bundan başqa, 08 avqust 1999-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 34-cü maddəsinə əsasən tikiliyə, qurğuya mülkiyyət hüququ başqasına keçərkən həmin obyektin müvafiq torpaq sahəsinə mülkiyyət hüququ da keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X3rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Şərh olunan normaların məzmunundan göründüyü kimi istər əvvəllər, istərsə də hal – hazırda qüvvədə olan qanunvericilikdə tikiliyə, qurğuya mülkiyyət hüququ başqasına keçərkən həmin obyektin müvafiq torpaq sahəsinə də hüquqların həmin şəxsə keçməsi nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ərizənin təmin olunması üçün hüquqi əsaslar mövcuddur. Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ sahəsinin mövcud vəziyyətdə Ərizəçi sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermə faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Hazırki ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 816 nömrəli bağ sahəsinə Ərizəçi tərəfindən sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermə faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar