Məhkəmə qərarları › İş №e-2(008)-4918/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4918/2025

21.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4918/2025 21.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 Seyfəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 qızının katibliyi, İddiaçı2 Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürülmə və mənzildən istifadəyə qanunsuz müdaxilələrə son qoyulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə köçürülmə və mənzildən istifadəyə qanunsuz müdaxilələrə son qoyulması" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 ünvan 1 ünvanda yerləşən mənzilə əşyaları ilə birlikdə köçürülmələri, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən mənzildən istifadəyə qanunsuz müdaxilələrə son qoyulması və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə erməni işğalçı qüvvələri tərəfindən Ağdan rayonu işğal edildikdən sonra iddiaçılar və ailə üzvləri məcbur qalaraq Ağdam rayonunu tərk etmiş və məcbur qalaraq Bakı şəhərində məskunlaşmışlar. 2018-ci ildə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən onlara ailə üzvləri ünvan 1 ünvanda yerləşən mənzil verilmiş və həmin vaxtdan onlar və ailə üzvləri həmin mənzildə yaşayırlar. Həmin mənzil verilərkən mənzilə iddiaçılar, əri X3, oğlu Cavabdeh2 köçürülmüşdür. Həmin vaxtı Cavabdeh2 subay olmuşdur. Bir neçə il sonra Cavabdeh2 Cavabdeh1 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar və ailə qurandan təxmini bir il sonra Cavabdeh1 da qeyd edilən mənzilə köçərək orada yaşamağa başlamışdır. 2025-ci ilin yanvar ayından oğlu Cavabdeh2 və gəlini Cavabdeh1 iddiaçının ərinin xəstəliyinə görə Şəki şəhərində olmağından istifadə edərək onlara məxsus əşyaları həmin mənzildən çıxardaraq çölə atmışlar və iddiaçılara həmin mənzilə daxil olmağa icazə vermirlər. İddiaçılar dəfələrlə onlardan bu qanunsuz əməllərinə son qoyulmasını tələb etməyinə və bununla bağlı müxtəlif instansiyalara müraciət etməyinə baxmayaraq cavabdehlər hal-hazıradək onları həmin mənzilə daxil olmağa və mənzildən istifadə etməyə imkan vermirlər. Ona görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə еdərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və qızının həmin tələbi müdafiə etməməsindən asılı olmayaraq, özünün ora köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 anası İddiaçı2 evə köçürülməsinə etiraz etmədiyini, lakin bacısının öz ailəsi və yaşayış yeri olduğu üçün onun köçürülməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil – Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 349 nömrəli arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün düşmüş İddiaçı2 Bakı şəhəri, ünvan 3ndə məskunlaşmışdır. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli 85/10 nömrəli arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün düşmüş Cavabdeh2 Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maşınqayırma pansionatında məskunlaşmışdır. xx.xx.2024-cü il tarixli, 1/39 N-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810, ev 1, mənzil 39 haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla) müvəqqəti yaşamaq üçün AR Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə İddiaçı2, Cavabdeh2, İddiaçı1, Cavabdeh1 və X4 ibarət ailə üzvü olan X1 və istifadəsinə verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar Ağdam rayonundan məcburi köçkündür və onlara Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismarı Departamenti tərəfindən xx.xx.2024-cü il tarixli, 1/39 N-li "Xüsusi təyinatlı kirayə müqaviləsi"nə əsasən Bakı şəhəri, ünvan 3 yaşamaq üçün verilmişdir. İddiaçı ərinin xəstəliyinə görə Şəki şəhərində olanda cavabdehlər onun əşyalarını mənzildən çıxarmış sonradan iddiaçını həmin mənzilə yaşamağa buraxmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.2-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyası 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göründüyü kimi sözügedən mənzil iddiaçıya dövlətin mənzil fondundan “Dövlətqaçqınkom” tərəfindən kirayəyə verilmiş və onun həmin evdən yaşamaq hüququ var. Belə olan halda iddiaçı qeyd olunan evə köçürülməlidir. Beləliklə də iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə tələbin İddiaçı1 həmin mənzilə köçürülməsi ilə bağlı hissədə qeyd edir ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı1 ailəlidir ona məxsus başqa yaşayış sahəsi mövcuddur və həmin yaşayış sahəsi faktiki yaşayış üçün yararlıdır. Beləliklə də iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə tələbin Cavabdeh1 ünvan 1 ünvanda yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı2 məcburi köçkün statuslu şəxsdir və ona dövlət tərəfindən ailə üzvləri ilə birgə yaşamaq məqsədilə müvəqqəti istifadə üçün Sabunçu rayonu, Kürdəxanı qəs, 810YYK, bina 1, mənzil 39 ünvanda yerləşən mənzil verilmişdir. İddiaçının oğlu isə Cavabdeh1 ilə rəsmi nikahdadır və ailə üzvü kimi həmin mənzildə yaşayır. Beləliklə də iddia tələbi bu hissədə də əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı2 Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evə köçürülsün. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı 810 YYK ünvanda yerləşən 1 saylı binanın 39 saylı mənzildən istifadəyə qanunsuz müdaxilələrə son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar