Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4979/2024 02.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndələri Nümayəndə və X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "işə bərpa və əmrin ləğvi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "işə bərpa və əmrin ləğvi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin İddiaçı qarşı "əmrlərin etibarsız hesab edilməsi" tələbinə dair Əmək və Məşğulluq altsistemində (ƏMAS) İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrin etibarsız hesab edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı işə bərpa edilməsi, mediasiya üçün ödənilmiş 50 manat, vəkil orderi üçün 330 manat, cəmi 380 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavadehin xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrin etibarsız hesab edilməsi, Əmək və Məşğulluq altsistemində aparılmış (ƏMAS) İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrin qeydilərinin sistemdən silinməsi, "xxxx" MMC-də iddiaçının müdir vəzifəsinə bərpasını, mediasiya üçün ödənilmiş 50 manat, vəkil orderi üçün 330 manat olmaqla ümümilikdə 380 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci ildə 20K nömrəli əmrlə "xxxx" MMC-də mağaza müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü ildə 72K nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra xx.xx.2023-cü ildə 12K nömrəli əmrlə "xxxx" MMC-nin tərkibində BM Marker MMC-də mağaza müdiri vəzifəsinə qəbul edilmiş və xx.xx.2023-cü ildə 243K nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli 317K nömrəli əmrə əsasən "xxxx" MMC-nin Bizim Marketdə (Əhmədli qəsəbəsi Sarayeva küçəsi 8c (indiki Megastore)) mağaza müdiri vəzifəsinə qəbul edilmişdir. O, marketi təhvil alan zaman “Bizim Əhmədli 1” mağazasında şirkət daxili sayım keçirilərkən əksik məhsullar olduğu qeyd edilmişdir. xx.xx.2024-cü ildə marketin daxilində sayım keçirilərkən aydın olur ki, mağazada əksik var. Öz araşdırması nəticəsində aydın olur ki, mağazada olan sayımda əksik olan məhsullar və sayımda səhv sayılan məhsullar sistemə səhv yerləşdirilib. Üstəlik heç bir səbəb olmadan 10000 manatlı məhsullar sayımda sayılmamışdır. İş prosesi zamanı heç bir əksiyin olmadığını sübut etsə də, qəbul etməyərək mağazada 22 min əksiyin olduğunu qeyd edərək ona "12 min manat pulu sən ödəməlisən, ödəmədiyin təqdirdə səni Əmək Məcəlləsinin 70 ç bəndi ilə işdən azad edəcəyik" deyə bildiriblər. O, "marketdə aksik yoxdur, yenidən sayım keçirilsin" desə də, xx.xx.2024-cü ildə heş bir səbəb olmadan Əmək Məcəlləsinin 70 ç bəndi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.2024-cü ildən "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Qeyd olunan əmrlərin mövcudluğu İddiaçı yalnız xx.xx.2024-cü ildə məlum olmuşdur. Əmək və Məşğulluq Altsistemində (ƏMAS) yerləşdirilmiş xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrləin məzmunu da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə də uyğun deyil. xx.xx.2018-ci ildən xx.xx.2024-cü ilədək 6 il müddətində haqqında heç bir tənbeh tədbiri görülməmişdir. Bütün marketlərdə sayım nəticəsində adında heç bir əksik olmadan təhvil vermişdir. Yalnız son 6 ay müddətinə işlədiyi marketdə 22 min manat maddi ziyan həqiqəti əks etdirmir. O, xx.xx.2024-cü ildə "Mediasiya prosesinin tətbiqi barədə təklifin" hazırlanması üçün mediasiyaya müraciət etmişdir və xx.xx.2024-cü ildə mediasiya prosesinə müraciət üçün ərizəsi daxil olmuşdur. Həmin tarixdən etibarən mediasiya prosesi başlamışdır. Mediasiya prosesindən keçərkən bu barədə mediator X9 tərəfindən xx.xx.2024-cü ildə "X2 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə" arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, əgər təqsirli hərəkət edibsə, o zaman cavabdeh onu işdən çıxarılmaqda haqlıdır, lakin stok məsələsi qarışıq məsələdir. Belə ki, 4819 manat məbləğində çatışmazlıq ondan əvvəl var idi. O, heç bir yeyinti etməmiş, borcunu etiraf etməmişdir. İzahatı aprel ayında alınmış, əmr isə 1 ay sonra verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı maddi məsliyyət müqaviləsinə uyğun olaraq tam məsuliyyət barədə imza etmiş, təhvil təslim düzgün aparılmamışdır. Əmrin forması Əmək Müfəttişliyinin sistemlə tələb etdiyi əmr formasıdır. xx.xx.2023-cü ilə 4819 manat məbləğində çatışmayan məbləğ var idi, həmin çatışmayan məbləğ xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək olan dövrü əhatə etmişdir. İzahatla əmr arasında tarix fərqi kənar audit rəyinin alınması səbəbindən olmuşdur. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1 nömrəli "Təhvil-təslim haqqında tam sayım" aktından görünür ki, yaranmış artıq fərqin miqdarı və məbləği 4819,16 manat təşkil edir. Təhvil verən mağaza müdiri vəzifəsində olan X7, təhvil alan mağaza müdiri vəzifəsində olan İddiaçı olmuş və imza etmişlər. - "xxxx" MMC-nin İnsan Resursları Departamentinin xx.xx.2023-cü il tarixli 317K nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü ildən satış departamentinə mağaza müdiri vəzifəsinə işə qəbul edilmişdir. - xx.xx.2023-cü il tarixli xxxxxxx000600 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC-yə "mağaza müdiri" vəzifəsinə işə qəbul olunmuşdur. - xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, həmin tarixdən etibarən işdən azad edilmiş bölgə müdirləri X5 və X6 tabeliyindən olan mağazalar müvvəqəti olaraq "Megastore Xalqlar" mağazasının müdiri X4 və "Bizim Əhmədli" mağazasının müdiri İddiaçı arasında bölünmüşdür. - İddiaçı oğlunun xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü ildə sayım nəticəsində 39339 manat əskik gəlib, o maksimum hədiyyəni nəzərə almadan 12000-dir, 5000 sağlam sayılmayan məhsul, 3800 depo məhsullar, 3500,2 göyərti, yerdə qalan isə ümumi işlədiyi dövrdə çəki məhsullarının itki faizi və müştəri oğurluqlarıdır. Yerdə qalan əksiyin öz üzərinə düşəni ödəməyə hazırdır. - xx.xx.2024-cü il tarixli "Təhvil-təslim haqqında tam sayım" aktından görünür ki, yaranmış artıq fərqin miqdarı və məbləği 39339,50 manat təşkil edir. Təhvil verən mağaza müdiri vəzifəsində olan İddiaçı, təhvil alan mağaza müdiri vəzifəsində olan X11 olmuş və imza etmişlər. - xx.xx.2024-cü il tarixli 21/01 nömrəli Azərbaycan Respublikasının Auditorlar palatasının sərbəst auditor X12 tərəfindən aparılmış audit nəticəsində tərtib edilmiş "Audit rəyi"ndən görünür ki, "xxxx" MMC-nin mağaza müdiri İddiaçı xx.xx.2024-cü ilə öhdəsindəki 39339,50 manat ehtimal olunan çatışmazlıq ilkin sənədlərə uyğun olaraq onda düzgün və ədalətli təsəvvür yaradır. - "xxxx" MMC-nin İnsan Resursları Departamentinin xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda maddəsinə əsasən "xxxx" MMC-nin mağazalar şəbəkəsində mağaza müdiri vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü ildən xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-M-38731/2024 nömrəli məktubundan görünür ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci ilədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2023-cü ildə "xxxx" MMC-də "mağaza müdiri" vəzifəsinə keçmişdir. Bundan əvvəl xx.xx.2023-cü ildə "xxxx" MMC-yə məxsus "Bizim-Əhmədli 1 (303)" mağazasının təhvil-təsilim zamanı tam sayım nəticəsində yaranmış fərqin və məbləği 4819,16 manat təşkil etmiş və iddiaçı tərəfindən imzalanaraq təhvil alınmışdır. xx.xx.2024-cü ildə "xxxx" MMC-yə məxsus "Grandmart Əhmədli 1 (403)" mağazasının təhvil-təsilim zamanı tam sayım nəticəsində yaranmış fərqin və məbləği 39339,50 manat təşkil etmiş və iddiaçı tərəfindən imzalanaraq təhvil verilmişdir. Bunun nəticəsində cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xx.xx.2024-cü ildən xitam verilmişdir. İşin mübahisəli halı həmin əmrin əsaslı olub-olmamasıdır. Məhkəmə hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 76 (2-ci hissə). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 79 (1-ci hissə). İşəgötürən tərəfindən: ... əmək qabiliyyətini müvəqqəti itirən işçilərin ... bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv etmək. Maddə 187 (1-ci hissə). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 189 (2-ci hissə). İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Maddə 300 ("Qeyd" hissəsi). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş "dəymiş zərərin məbləği" dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Sadalanan normaların birgə təhlilindən görünür ki, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsaslardan biridir (Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi). Lakin işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin 70-ci maddənin "ç" bəndində nəzərdə tutulan əsasla ləğv edilməsi üçün yetərli deyil. Bunun üçün tələb olunan şərt ondan ibarətdir ki, işçinin sadalanan hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bundan başqa, əmək müqaviləsinə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilməsi qadağandır. Məcəllədə olan digər qadağa isə əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsinin yolverilməzliyindən ibarətdir. Həmçinin, işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə, o cümlədən "ç" bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsini ləğv edərkən bunun zəruriliyini əmrdə (sərəncamda, qərarda) əsaslandırmaq öhdəliyi daşıyır. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununa dair tələblər də Əmək Məcəlləsində nəzərdə tutulmuşdur. Belə ki, əmrdə (sərəncamda, qərarda) digər məlumatlarla yanaşı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, eləcə də əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Əmək Məcəlləsinin 84-cü maddənin 1-ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı birinin və ya bir neçəsinin göstərilməməsi əmrin (sərəncamın, qərarın) məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün əsas sayılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi zamanı Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2024-cü il tarixli əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə istinad olunsa da, əmək müqaviləsinin ləğv edilməsinin əsası, yəni iddiaçı tərəfindən törədilmiş pozuntunun konkret nədə ifadə olunması göstərilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı verdiyi izahatda törədilmiş pozuntunun iddiaçının fəaliyyət göstərdiyi dövrdə mağazada olan malların sayımda əskikliyin olmasından ibarət olduğunu bildirmişdir. Lakin məhkəmə bunu keçərli hesab etmir və bildirir ki, Əmək Məcəlləsi əmək müqaviləsinin ləğvinə əsas verən pozuntunun məhkəmə baxışı zamanı izah olunmasını deyil, bilavasitə əmrdə göstərilməli olduğunu tələb edir. Həmçinin, əmrdə onun verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Cavabdehin nümayəndəsi əmrin elektron sistemə uyğun tərtib edildyini qeyd etsə də, məhkəmə bir daha vurğulayır ki, Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmri tərtib olunarkən yalnız Əmək Məcəlləsinin tələbləri əsas götürülməlidir. Beləliklə, müəyyən olundu ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. Bu isə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin qanuni sayılmasını istisna edir. Ona görə də həmin əmr ləğv edilməli, İddiaçı "xxxx" MMC-də mağaza müdiri vəzifəsinə bərpa olunmalıdır. İddianın mediasiya üçün ödənilmiş 50 manat, vəkil orderi üçün ödənilmiş 330 manat, cəmi 380 manat məbləğində pul vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə aid məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə 51 manat Bakı 8 saylı Mediasiya Təşkilatına, xx.xx.2024-cü ildə 330 manat 3 saylı Vəkil Bürosuna ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən həmin məbləğlər cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.1-ci maddəsinə görə, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı iddia ilə əlaqədar ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat təşkil edir, lakin iddiaçı bu rüsumu ödəməkdən azad edildiyinə və iddia tələbi təmin edildiyinə görə həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin "Əmək müqaviləsinə xitam verilməsi barədə" xx.xx.2024cü il tarixli 199K nömrəli əmri ləğv edilsin. Əmək və Məşğulluq altsistemində (ƏMAS) İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrin qeydləri sistemdən silinsin. İddiaçı "xxxx" MMC-də "mağaza müdiri" vəzifəsinə işə bərpa edilsin. Mediasiya xərci üçün ödənilmiş 50 manat və vəkillə bağlanan müqavilə üçün ödənilmiş 330 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 100 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-4979/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4979/2024
02.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver