Məhkəmə qərarları › İş №e-2(008)-5151/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5151/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5151/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Shaygan Alanagh Habib Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6500 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında X4 markalı maşina görə 11000 manat məbləğində razılaşma əldə olunmuşdur. Razılaşmaya görə 1000 manat rəsmiləşmə xərci çıxılmaqla cavabdeh tərəfindən iddiaçıya 10000 manat pul ödənilməli idi. Həmin məbləğin 3000 manatı dərhal, 500 manatı sonra ödənilmişdir. 6500 manat isə iddiaçının dəfələrlə tələb etməsinə baxmayaraq ödənilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh bir dəfə məhkəməyə teleqram vuraraq xx.xx.2023-cü il tarixə təyin edilən məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təxirə salmış, lakin cavabdeh gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ilə cavabdehin arasında aşağıdakı qaydada yazılı razılaşma təsdiq edilmişdir. Cavabdeh X4 markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtmobili 10000 manata iddiaçıdan alır, 3000 manatı dərhal ödəyir, qalan məbləği hər ayın 27-nə qədər ***-**** manat arasında ödəməklə avtomobili özündə saxlayır. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh həmin razılaşmanının onun tərəfindən imzalandığını etiraf etmiş, lakin qalan bütün məbləği iddiaçıya ödədiyini, lakin ödənişlərin rəsmiləşdirilmədiyini bildirmişdir. Eyni izahatı cavabdeh Suraxanı RPİ-nin 32-ci PB-yə vermişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumatların kompüter çıxarışlarıdan görünür ki, X4 markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtmobili hazırda 77HA825 dövlət qeydiyyat nişanı ilə təhvil-təslim aktı əsasında Cavabdeh mülkiyyətinə keçmişdir. Hazırda iddiaçı 6500 manatın cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qanuni və əsaslı olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Tərəflərin arasında rəsmi alqı-satqı müqaviləsi olmamışdır, aralarındakı razılaşmanı da borc müqaviləsi kimi qiymətləndirmək olmaz. Cavabdeh məhkəmə hazırlıq iclasında həmin razılaşmanının onun tərəfindən imzalandığını etiraf etmiş, bütün məbləği iddiaçıya ödədiyini, lakin ödənişlərin rəsmiləşdirilmədiyini bildirmiş, lakin buna dair hər-hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı Cavabdehnın hərəkətləri nəticəsində 6500 manat məbləğində zərərə düşmüş, bunun nəticəsində Cavabdeh hüquqi əsas olmadan həmin məbləğdə əsasssız varlanmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6500 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6500 manat pul iddiaçı X2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar