Məhkəmə qərarları › İş №e-2(008)-5202/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5202/2023

25.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5202/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı övladları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, X13, 2-ci sahə, fərdi yaşayış evinə köçürülməsi və həmin mənzildən istifadə hüquqlarının məhdudlaşdırılmasının cavabdehə və digər şəxslərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, cavabdeh X10 ilə nikahı dövlət qeydiyyatına 11 mart 2011-ci ildə alınmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 240 nömrəsi ilə qeyd edilmişdir. Rəsmi nikahdan xx.xx.2011-ci ildə X6 və xx.xx.2014-cü ildə X7 adlı övladları olmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 3741/2023 nömrəli qətnaməsi ilə nikah pozulmuş və hər iki uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 440 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh ona və övladlarına qarşı diqqətsiz olduğundan, ailə qayğısı çəkmədiyindən, uşaqların saxlanmasına maddi yardım göstərmədiyindən, tez-tez onu döyməsi və səbəbsiz yerə qısqanması, ailənin qorunması, maddi təminatlarının ağır olduğu barədə iradlara baxmayaraq öz qazancını istədiyi kimi xərcləyirdi. İddiaçının bütün şəxsi əşyaları, cehiz əşyaları və birgə nikahda olarkən aldıqları əşyaları hal-hazırda cavabdehlə faktiki yaşadığı ünvandadır. Onların birgə nikah dövründə işləyərək yığdıqları pul vəsaiti və Kapital bankdan götürdülkəri 3000 manat kredit hesabına 2013-cü ilin avqust ayında X13 ərazisindən 0,02 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi alaraq orada 4 otaqlı kürsülü fərdi yaşayış evi tikmişlər. O vaxt Cavabdeh Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidmət etdiyindən və özünün dediyi kimi orada ev növbəsinə durduğundan, onun adına torpaq sahəsi olacağı halda evlə təmin edilməyəcəyi üçün, torpaq sahəsini ümumi razılıqla 99 illik icarə hüququ əsasında cavabdehin atası X3 adına rəsmiləşdiriblər. Evin tikilməsində, təmirində və ev əşyaları ilə təmin olunmasında cavabdehlə bərabər iddiaçı, anası və atası da pul xərcləmişlər. Bunu qonşuları da təsdiq edə bilərlər. X2 öləndən sonra qayınanasının təsiri ilə əri onunla pis rəftar etməyə başlayıb. Onun evdə heç bir hüququ olmadığını deyərək, xx.xx.2023-cü ildə evdən uşaqları ilə birlikdə zorla çıxarılıb. Qaynanası daima onların ailə məsələlərinə müdaxilə edir. Cavabdeh isə qazancının yaxşı olmasına baxmayaraq bütün pulunu özünə xərclədiyini, uşaqların baxılmasına köməklik etmədiyindən, iki uşağına 4 aydır ki, onun atası və anası baxır. İddiaçı uşaqlarıyla evdən cavabdehin təhdidlərindən qorxduqları üçün çıxıb. Birgə yaşadıqları dövrdə uşaqları balaca olduğundan və ərinin qısqanclığına görə evlərinin həyətində tikilən salonda saç ustası kimi işləyib. Bütün salona aid əşyaları da orada qalıb. Evdən təkcə paltarlarını götürərək çıxdıqlarına görə heç bir yerdə işləyə bilmir. Maddi durumları ağırdır. Belə vəziyyətdə uşaqlarının baxılmasında, onların təlim-tərbiyəsində cavabdeh iştirak etmir. Hətta uşaqların məktəb çantalarını belə vermədiyindən, uşaqlar məktəbə gedə bilmirlər. Hətta məktəbə getmədikləri üçün uşaqlar sinifdə qalıblar. Uşaqları Ramanada, “Şuşa qəsəbəsində” 4 nömrəli tam orta məktəbdə oxuyurlar. Evləri isə Ramanada, 2-ci sahədə yerləşir. Cavabdehlə bundan öncə də mübahisələri olub, iddiaçının dəfələrlə evdən qovub ki, bu ev anasınındır. Lakin bu yalanlarına baxmayaraq evin su sayğacı və telefon nömrəsi cavabehin adına olub. İndi isə anasının adına keçirilib. Evi birgə nikah dövründə özləri tikdiriblər, cavabdehin atası və anası pensiyaçı olub. Onların belə bir ev tikməyə maddi imkanı ola bilməzdi. İddiaçı və uşaqları Sabunçu qəsəbəsində qeydiyyatda olsalar da, həmin evdə yaşadıqları üçün Ramana Bələdiyyəsindən və Qəsəbə nümayəndəliyindən bu barədə arayış alıblar. İddiaçının Bakı şəhərində başqa ərazidə yaşamağa yeri yoxdur. Ona görə də, iddiaçı bildirib ki, o uşaqları ilə keçmiş əri ilə birgə yaşamağa məcburdur. Cavabdehlə evin özəlləşdirilərək satılmasına və ailə üzvləri arasında pulun bölünməsinə razılaşa bilmillər. Həmçinin evin də mülkiyyət sənədi yoxdur. Çünki ev kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilmişdir. Cavabdehlə danışığı öz müsbət həllini tapmadığından iddiaçı yaşadığı və ailə üzvü kimi istifadə hüququna malik olduğu evə uşaqları ilə birlikdə qayıtmaq istəyir. Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmiyərək, bildirmişdir ki, səs yazıları və sübutlar iddianı təsdiq etmir. Torpaq icarə torpağıdır evin isə heç bir sənədi yoxdur qanunsuz tikilidir. Evi atası tikdiyini onlar isə 2018-ci ildə həmin evə köçüb yaşayıb. Hal-hazırda həmin evdə yaşayanlar var hazırda belə bir iddia qaldırılması üçün heç bir hüquqi əsas olmadığından iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən iddiaçı izahatında iddianı müdafiə etdiyini, aralarında olan səs yazılarını təsdiq edəcək 1 ədəd CD disk təqdim edərək, onun qeyd edilən evin altında salonu olduğunu, Cavabdeh işdən çıxarılandan sonra, həmin salonda işləyib evə onun baxdığını və onunla bağlı fotoşəkillər təqdim etdi. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən cavabdeh izahatında iddiaçının dediklərinin əsassız olduğunu, ailəli olarkən maddi imkanları yaxşı olmadığından həmin evə, yəni atasının adına olan evə köçüblər və orada yaşayıblar. Bildirdi ki, həmin evdə onlardan əvvəl yaşayış olub. Qardaşı öz ailəsi ilə orada yaşayıb. Eyni zamanda ev qeyriqanuni tikilidir. Torpaq sahəsi əvvəl icarəyə götürülmüş torpaq sahəsi idi, daha sonra reyesterdən qeydiyyatdan keçmiş və atasının adına rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının hazırda yaşamağa yeri yoxdur. Əvvəl yaşadıqları mübahisəli ev birgə nikah dövründə tikilmişdir. Hazırda iddiaçı uşaqları ilə orada yaşamağa məcburdur. Bununla kifayət qədər sübutlar təqdim olunmuşdur. Cavabdeh eyni zamanda evin satılaraq iddiaçıya məxsus hissəsinin ona pul şəklində verilməsinə razı deyildir. Evin mülkiyyət sənədi yoxdur. Cavabdeh alimenti vaxtında ödəmir. İddiaçı uşaqları saxlamaqda çətinlik çəkir. Qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin qardaşının arvadı ilə iddiaçıya məxsus səs danışıqlarını təsdiq edən disk təqdim edib. Disk təsdiq edir ki, cavabdehin qardaşı arvadı ilə o mənzildə yaşamır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından olan 31 avqust 2013-cü il tarixli Torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqısının surətindən görünür ki, X12 (satıcı), X8, X16 və X1 (alıcılar) 99 il müddətinə torpaq istifadələrinə verilib. İş materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən *** **** nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, xeyrinə yüklü edilən şəxs X4r. Yüklü edilən əmlakın adı və ünvanı Abşeron rayonu, X15 ərazisində yerləşən 0.02 ha torpaq sahəsidir. İş materiallarına əlavə olunan CD-diskə yazılan vatsapp yazışmalarından və səs yazmalarından görünür ki, Cavabdeh evi İddiaçı ilə birgə nikahda olduqları dövürdə tikdiklərini etiraf edir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinin əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası MM-nin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Həmçinin məhkəmə araşdırması zamanı mübahisə predmeti olan həmin tikiliyə dair hal-hazırda da cavabdehin adına heç bir hüquqi sənəd olmadığı, həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. İşin mübahisəsiz halıdır ki, hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla tərəflərin əmlak hüquqlarının bir hissəsinə çevrilə bilər. Başqa sözlə, iddiaçının və cavabdehin həmin ev üzərində mülkiyyət haqları yaranmasa da, sübut oldunduğu təqdirdə onların həmin evlə bağlı sahib olduqları əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Sadalanan qanunvercilik normalarından göründüyü kimi iddiaçının tələbinin “köçürülmə” hissəsi istisna olmaqla digər - “həmin mənzildən istifadə hüquqlarının məhdudlaşdırılmasının cavabdehə və digər şəxslərə qadağan olunması dair” hissədə təmin edilməsi üçün iddiaçı mübahisəli evə dair hüquqmüəyyən edici sənədlərin mövcudluğunu, hüquqlarının müvafiq qaydada qeydiyyata alındığını, həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, tikilinin yalnız onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud, birgə nikah dövründən əvvəl, ümumi əmlak hesabına deyil, öz vəsaiti hesabına inşa edildiyini, tikilini və ya onun ayrıayrı hissələrini təşkil edən əmlakları nikahdan əvvəl əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında şəxsən və tək iştirak etdiyini sübut etməli idi. Mübahisəli ev özbaşına tikili olsa da, qəbuledilən haldır ki, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Qeyd olunan və iddianın əsaslılığına xidmət edən halların sübut edilməsi vəzifəsi iddiaçının üzərinə düşür ki, məhkəmə araşdırması zamanı iddiaçı tələbinin əsası kimi istinad etdiyi bu halları sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mübahisəli evdə cavabdehlə birgə yaşamış, təsərrüfat aparmışdır, cavabdeh hazırda həmin evdə yaşasa da iddiaçı orada yaşamır, cavabdeh iddiaçının evdə yaşamasına razı deyildir. Həmçinin, cavabdeh iddiaçının mübahisəli evə köçürülüməsinə etirazını bildirsə də onun adına mübahisəli evə dair hüquqmüəyyənedici sənədlərin mövcudluğu, hüquqlarının müvafiq qaydada qeydiyyata alınması, həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların olması, tikilinin yalnız onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud, birgə nikah dövründən əvvəl, ümumi əmlak hesabına deyil, öz vəsaiti hesabına inşa edilməsi, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları nikahdan əvvəl əvəzli əldə etməsi, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında şəxsən və tək iştirak etməsi halları da müəyyən edilməmişdir. İddianın köçürülümə hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə tələb qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Hazırki iş üzrə köçmək istənilən yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar olmadığından, iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının ən az cavabdeh qədər mübahisəli tikilidən yararlanmaq hüququm vardır. Bu yanaşmanın əksi, yəni onun tikiliyə köçürülməsindən özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X9rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdə köçürülməsinə cavabdeh tərəfindən maneə yaradılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və o mübahisəli evə köçürülməlidir. Həmçinin İddiaçı Bakı şəhəri. Sabunçu rayonu, X15. 2-ci sahə fərdi yaşayış evindən istifadə hüququnun məhdudlaşdırılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı övladları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, X13, 2-ci sahə, fərdi yaşayış evinə köçürülsün. 50 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar