Məhkəmə qərarları › İş №e-2(008)-5282/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5282/2023

20.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5282/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs X7 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin yerinin müəyyn edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs X7 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin yerinin müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası X4 birinci növbə vərəsəsi olaraq onun tərəfindən mirasın qəbulu faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 2004-cü ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində doğulmuşdur. X8 oğlu, anası-X2r. Atası ilə anası nikahından o və xx.xx.2007-ci il təvəllüdlü qardaşı X10 doğulmuşdur. Atası ilə anasının nikahı 2007-ci ildə pozulmuşdur. Atası 2022-ci il yanvarın 11-də vəfat etmişdir. Atasının birinci növbə vərəsələri o və qardaşıdır. Çünki, onun valideynləri vəfat etmiş, anasının nikahları isə pozulmuşdur. Atası vəfat edən zaman o və qardaşı yetkinlik yaşına çatmamışlar. Obyektiv və subyektiv səbəblərdən qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı müraciət etməmişlər. Atasının adına Yapıkredibankda 4500 manat civarında əmanət vardır. Mirasın qəbulu barədə vaxtında müraciət etməmək səbəbindən həmin pulu ala bilmirik. Belə ki, Mingəçevir ASAN Xidmət Mərkəzində Notariat ofisinin xüsusi notariusu vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Mingəçevir şəhər Məhkəməsinə müraciət etmiş, lakin ərazi aidiyyəti məsələsinə görə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1262/2023 saylı qərardadı ilə ərizəsi geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, miras qoyan-ailə başçısı X11 vəfat edərkən miras əmlakın olmaması və vərəsələrin yetkinlik yaşına çatmamış yeniyetmələr olması mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulla həyata keçirilməməsinə vəsilə olmuşdur. Belə ki, miras qoyan X11 11 yanvar 2022-ci ildə vəfat edərkən Ərizəçi yetkinlik yaşına çatmamış yeniyetmə, digər vərəsə X10 azyaşlı olmuşdur. Onların gəncliyi və yeniyetmə olmaları ilə yanaşı atalarının vaxtsız (49 yaş) və qəfləti vəfatı da təsirsiz qalmamışdır. Ş.Əhmədov iş yerində vəfat etmişdir. Bütün bu səbəblərdən mirasın qəbulunun formal üsulu həyata keçirilməmişdir. Yəni notariat ofisinə mirasın qəbulu ilə bağlı müraciət edilməmişdir. Qeyd olunanlara əsasən Ərizəçinin mirasın qəbulu ilə bağlı müraciət etmə müddətini ötürməsi üzrlü sayıla bilər. Mirasın qəbulunun qeyri-formal üsulla həyata keçirilməməsi miras qoyanın başqa miras əmlakının olmaması ilə izah olunur. Belə ki, miras əmlakın tərkibinə yalnız Ərizəçinin xaricdə təhsil alması məqsədilə banka qoyulmuş pul vəsaiti daxildir. Başqa miras əmlak olmadığından banka qoyulmuş pul vəsaitinin faktiki qəbul edilməsi də mümkün olmamışdır. Bütün bunlara rəğmən qeyd etmək lazımdır ki, Ərizəçinin valideynlərinin rəsmi nikahları pozulsa da birgə yaşamışlar. Yaşadıqları ev isə məcburi köçkün statusu olan anası X1 adına olduğundan miras əmlakın tərkibinə daxil olmamışdır. Lakin bütün ailə üzvləri həmin mənzildə yaşamışlar. Ərizəçi və miras qoyan da həmin evdə yaşamışdır. Miras qoyan vəfat etdikdən sonra da ailə üzvləri, yəni vərəsələr həmin mənzildə yaşamışlar. Bu halı bir növ mirasın qismən faktiki sahiblik edilməsi kimi qəbul etmək olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3.-cü maddəsinə əsasən, Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hazırkı işdə hüquq haqqında mübahisə yoxdur. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2022-ci il tarixli qərarında deyilir: Mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və vəzifələrin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında deyilir: Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mirasın qəbulu üzrə müraciət etmə müddətinin ötürülməsinin bir səbəbi də “ölüm haqqında şəhadətnamənin gec alınması olmuşdur.” Belə ki, şəhadətnamə 31 may 2022-ci il tarixdə , yəni miras açıldıqdan 5 ay sonra alınmışdır. X11 11 yanvar 2022-ci il tarixdə Cəbrayıl rayonunun Məzrə kəndində yerləşən "xxxx" MMC-nin düşərgəsində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə öldüyü yer göstərilsə də, bu barədə Cəbrayıl rayon prokurorluğunun 21 yanvar 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ərizəyə əlavə edilmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs X9 Xidmət Mərkəzi Notariat Ofisinin 1965 nömrəli 18 sentyabr 2023-cü il tarixli ərizəsi ilə məhkəməyə müraciət edərək təyin olunmuş məhkəmə iclaslarını onların nümayəndələrinin iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmamalıdır. - İş materiallarında olan AZ-İİİ seriyalı 394139 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, atası X11, anası X5r. - İş materiallarında olan AZE seriyalı 12162436 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, 21 avqust 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 atası Şamil Əhmədov, anasl Vəsilə Maxsudovadır. - İş materiallarında olan AZ-İ seriyalı 229415 saylı xx.xx.2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X1 nikahları xx.xx.2007-ci il tarixdə pozulmuşdur. - İş materiallarında olan AZ-İİ seriyalı 256596 saylı xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Məhəmməd oğlu xx.xx.2002-ci il tarixdə miokard infarktdan vəfat etmişdir. - İş materiallarında olan AZ-İİ seriyalı 300828 saylı xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə insulindən asılı olmayan şəkərli diabet, koma ilə vəfat etmişdir. - İş materiallarında olan AZ-İİ seriyalı 256489 saylı xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - İş materaillarında olan Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin Ərizəçi ünvanladığı məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Notariat hərəkətlərini aparılması qaydaları haqında Təlimatın 99-cu hissəsinə əsasən Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər. Vərəsənin miras açıldıqdan sonra mirasın qəbu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və ya kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Ərizəçi tərəfindən mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt aşkar edilməmişdir. Mirasın qəbul faktının və ya müddətinin bərpası ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2.-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.9-ci maddəsinə əsasən məhkəmə, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılması yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə mülki iş matriallarını araşdıraraq qeyd edir ki, ərizəçi X11 atasının vəfatından sonra atasından qalmış miras əmlakı olan bankda saxlanılan 4500 manat pulun faftiki qəbul edilməsinə dair qətnamə çıxarılması barədə məhkəməyə müraciət etsə də, ərizəçi miras əmlakını faktiki qəbul edilməsi ilə bağlı zərurui sübutları məhkəməyə təqdim etməmişdir. Ərizəçinin nümayəndəsi və vəkili zəruri sübutları məhkəməyə təqdim edilə bilməməsini miras əmlakının pul vəsaiti olması ilə əlaəqləndirsədə, bu hal miras əmlakının formal qəbul kimi nəzərdə tutula bilməz. Bundan başqa məhkəmə ərizənin “vərəsəliyin qəbul yerinin müəyyən edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, ərizəçi ərizənin bu hissəsində vərəsəliyin qəbul yerini hara olması və bu faktın qəbul edilməsi zəruruiliyinin mülki işin matraillarına əlavə etmədiyində tələb bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçi maraqlı şəxs X9 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin yerinin müəyyn edilməsi” tələbi barədə ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi günddddən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar