Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-547/2023 18.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı X1, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X3, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh X4 qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini bununla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı iki övladı olmuşdur. O, ailə qurduğu zaman cavabdehə məxsus fərdi yaşayış evinə gəlin köçmüş, sonradan isə birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışlar. Həmin evin hüquqmüəyyənedici sənədləri olmasa da, onlar həmin evə qeydiyyata alınmış və köçüb həmin evdə yaşamağa başlamışlar. Biz bir müddət mehriban yaşasalar da, cavabdehin sonradan pis vərdişləri yaranmışdır. Bundan sonra cavabdeh evdə özünü aqressiv aparmış, onu dəfələrlə döymüşdür. O, dözərək bu cür vəziyyətin müvəqqəti olduğunu düşünsə də, artıq həmin halın davam etdiyini, cavabdehin öz ailəsinə və uşaqlarına biganə qaldığını görüb, aralarında olan nikahın pozulması qərarına gəlmişdir. Nikahın pozulması tələbinə dair qaldırdığı iddia hal-hazırda məhkəmənin icraatındadır. Cavabdeh onları evdən qovub çıxarmış, əmlaklarını da, bir otağa yığaraq ona verməyəcəyini, evi əmlaklarla birlikdə satacağını bildirmişdir. O, cavabdehlə ailə quraraq onun yaşadığı evə gəlin köçən zaman özünə məxsus əmlaklarını həmin evə aparmış, yeni evə köçən zaman da həmin əmlaklar yeni evə daşınmış və hal-hazırda həmin evdədir. O, dəfələrlə həmin evə daxil olmaq istədikdə cavabdeh onu öz yaşadığı evə buraxmamışdır. Hal-hazırda valideynlərinin evində yaşamağa məcbur olmuşdur. Cavabdeh onu nəinki evə buraxmır, hətta onun əmlaklarını da həmi evdən çıxarmağa çalışır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verib təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçının köçürülmək istədiyi fərdi yaşayış evi qanunsuz tikili olsa da, həmin ev yaşayış sahəsi olduğuna və tikintisi onların birgə nikahda olduqları dövrdə həyata keçirildiyinə və onun öz ailəsi ilə yaşaması üçün nəzərdə tutulduğuna görə onun da həmin evdə yaşamaq hüququ vardır. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə mübahisə predmeti olan, birgə vəsaitləri hesabına inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələblərinə uyğun olaraq özbaşına tikili olsa da və həmin tikilini aparmış şəxslər kimi, tərəflər ona mülkiyyət hüququ əldə edə bilməsələr də, qanunverici özbaşına tikinti aparmış şəxslərin həmin tikilidə yaşamasını qadağan etməmişdir. Bu baxımdan da, iddiaçının özbaşına tikili olan birgə nikah dövründə aldıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsini mümkünsüz edən heç bir hal yoxdur. Nümayəndə və vəkil qeyd olunan hallara əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X7, iddia tələbini qəbul edərək izahatında iddiaçı ilə aralarında barışıq əldə olunduğunu, onun birgə yaşadıqları evə köçürülməsinə etirazı olmadığını bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəflər arasında barışıq əldə olunduğundan, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 005654 saylı, xx.xx.2014-cü il tarixli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X2 xx.xx.2014-cü il tarixdə 1264 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı 4 saylı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 892794 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il tarixdə X5 anadan olmuşdur. İş materiallarında olan Bakı 4 saylı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 271770 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2018-ci il tarixdə X6 anadan olmuşdur. İş materiallarında olan DİN-in Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından iki övladları doğulmuşdur. Tərəflərin ailə münasibətləri pisləşmiş, hazırda nikahın pozulması barədə mülki iş məhkəmənin icraatındadır. İddiaçının bildirməsinə görə, cavabdeh onu qeyri-könüllü evdən çıxarmışdır. Cavabdeh isə, iddianı qəbul edərək iddiaçının birgə yaşadıqları evə köçürülməsinə etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmçinin məhkəmə araşdırması zamanı iddia predmeti olan həmin tikiliyə dair halhazırda da cavabdehin adına heç bir hüquqi sənəd olmadığı, həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehin ev üzərində hüquqlarının mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, onun iddiaçını evdən çıxarması qanunsuzdur. Çıxarılma o halda qanuni ola bilər ki, bunu tələb edən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəyidi) bu halda, cavabdehin istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa, fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən”məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa, çıxarılma qanunsuz hesab edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla, cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamasını təmin etmək məqsədilə, iddia təmin edilərək, iddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə qeyd olunan fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı, yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (özbaşına tikili olduğundan ünvan şərtidir) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-547/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-547/2023
18.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver