Məhkəmə qərarları › İş №e-2(008)-555/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-555/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-555/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «əsassız varlanma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «əsassız varlanma» tələbi barədə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 512,20 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) xx.xx.2022-ci il tarixdə “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmiş, həmçinin kart hesabından digər kart hesablarına köçürmələr etmişdir. Nəticədə cavabdeh banka cəmi 512,20 (beş yüz on iki manat, iyirmi qəpik) ziyan vurmuşdur. Sabunçu Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli e-2(008)-6931/2023 nömrəli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «əsassız varlanma» tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Sabunçu Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək, iddiaçının iddiası ilə razı olmadığını, məhkəmədən bankın tələbini təmin etməməyi xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(008)-6931/2023 nömrəli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «əsassız varlanma» tələbi barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat üzrə e-2(008)-6931/2023 nömrəli mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində rəsmi qaydada xəbərdar edilsə də məhkəmə iclasda iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci və 185.6-ci maddələrinin tələblərinə əsasən, işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan kart hesabının nömrəsi ******************** İddiaçıASC tərəfindən Cavabdeh plastik kart verilmişdir. Həmçinin Cavabdeh plastik kart hesabından “onlayn” əməliyyatlar aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmiş, həmçinin kart hesabından digər kart hesablarına köçürmələr etmişdir. Bu barədə iş materiallarına ödəniş kartı üzrə çıxarış əlavə edilmiş, həmin çıxarışdan da görünür ki, Cavabdeh tərəfindən dövr üzrə 514,13 manat məxaric olunub 1,93 manat mədaxil edilmişdir. İş materiallarına əlavə olunmuş, xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh Kapitalbank ASC-yə 512,20 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş 20 iyun 2023-cü il və 07 iyul 2023-cü il tarixli bildirişlərinin surətindən görünür ki, Cavabdeh borca görə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığından əsassız varlanma kimi qiymətləndirilməlidir. Belə ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, əsassız varlanma üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 512,20 manat pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 512,20 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar