Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-566/2023 02.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin hissəvi etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakda payın tanınması, yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin hissəvi etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakda payın tanınması, yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik hüququnun tanınması, 16 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 2V-İ/96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Cavabdeh2 aid hissədə etibarsız hesab edilməsi, onun adına verilmiş xx.xx.2004-cü il tarixli çıxarışın ləğv edilməsi, həmin hissədə miras əmlak olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə onun 1/3 payının tanınması, bu barədə yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-566/2023 nömrəli 02 fevral 2023-cü il tarixli qərardadına əsasən “dövlət reyestrindən çıxarışın verilməsi” hissəsində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli sərəncamına, keçmiş Lenin rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1959-cu il tarixli 100/a nömrəli qərarına, Bakı şəhəri 4 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən ilkin olaraq xx.xx.2000-ci il tarixdə X11 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 16 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 2V-İ/96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2004-cü il tarixdə Cavabdeh2 və X3 adlarına qeydiyyatdan keçmişdir. xx.xx.1997-ci il tarixdə vəfat etmiş X11 vərəsəlik işində Cavabdeh2 və X6 digər vərəsə olan onu aldadaraq, guya heç bir vərəsəlik işi açılmayacaq və əmlak X11 adında qalacaq, onun adını gizlədərək və saxta arayışlar əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə bərabər paylarda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş və bundan sonra adlarına müvafiq çıxarış almışlar. Bakı şəhəri 16 saylı dövlət notariat kontorunda isə mülkiyyətçi olan X11 vərəsələrinin dairəsi müəyyən edilmədən və araşdırma aparılmadan cavabdehin və anasının təqdim etmiş olduqları sənəd əsasında qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bu zaman o, məlumat əldə etmişdir ki, əmlak tam olaraq X11 adında olmayıb, paylı mülkiyyətlə cavabdeh və anasına məxsusdur. Bundan sonra o, X3 payına münasibətdə vərəsəlik işi açdırmışdır. Həmin hissədə pay hüququ tanınmışdır. Cavabdeh2 münasibətdə isə qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsızdır. Çünki Cavabdeh2 payının 1/3 hissəsinə iddiaçının qanun üzrə vərəsəlik hüququ vardır. O, atası vəfat etdiyi gündən bəri həmin əmlakda yaşamışdır. Eyni zamanda, xx.xx.2002-ci il tarixdən həmin mənzildə qeydiyyatdadır. Cavabdeh2 tərəfindən verilmiş iddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı atası vəfat edən zaman miras əmlakda yaşamamış, mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməmişdir. İddiaçının əvvəllər həmin evdə yaşaması faktı özlüyündə mirasın qəbul edilməsi demək deyil, evdə yalnız yaşama evin miras olaraq qəbul edilmiş sayılması üçün kifayət deyil. Əgər şəxs evdə yalnız yaşayırsa, lakin evi faktiki surətdə idarə etmirsə və ya evə yiyələnmirsə o, evi miras olaraq qəbul etmiş sayılmır. Bundan başqa, iddia tələbi iddiaçı tərəfindən iddia müddətinin ötürülmüş olması səbəbi ilə də əsaslı hesab oluna bilməz. Belə ki, iddiaçı bilmişdir ki, atası xx.xx.1997-ci il tarixdə vəfat etmiş və atasının vəfatından sonra miras əmlakla maraqlanmış və həmin əmlakla bağlı aparılan bütün hərəkətlərdən məlumatlı olmuşdur. Belə olan halda, iddiaçının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlumatsız olması, bu barədə yalnız son zamanlar məlumat əldə etmiş olması inandırıcı hesab edilə bilməz və bu hal onun iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi kimi qəbul edilməlidir. Etirazda 1964-cü il tarixdə qəbul edilmiş Mülki Məcəllənin müvafiq maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinad olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etmədi, etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZ-İİ seriyalı 278696 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 33/4840 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2006 giriş-xx.xx.2006 çıxış; xx.xx.2007 girişxx.xx.2007 çıxış; xx.xx.2017 giriş-xx.xx.2017 çıxış; xx.xx.2021 giriş-xx.xx.2021 çıxış; xx.xx.2021 giriş. -Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi Konsulluq Şöbəsinin 3727/ko nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Krım Respublikası üzrə DİN məlumatına əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Krım Respublikası üzrə DİN qərarına əsasən xx.xx.2002-ci il tarixli 62-ФЗ saylı “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” RF Federal qanununun 14-cü m. 2-ci h. “b” b. əsasən Rusiya Federasiyasının vətəndaşlığına qəbul edilmişdir. xx.xx.2021-ci ildən RF ərazisində Krım Respublikası Baxçisaray rayonu Baştanovka kəndi Bir May küçəsi ev 33 ünvanında qeydiyyatdadır. -yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olan digər şəxlər X7, X8, X9 və Cavabdeh2dur. -Bakı şəhəri Sabunçu RİHB-nın Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 518-1/2-50 nömrəli xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, hal-hazırda ünvan 1 ünvanında tək Cavabdeh2 qeydiyyatdadır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi İnşaatçılar küçəsində yerləşən 25 saylı fərdi yaşayış evi xx.xx.2000-ci il tarixdə X11 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 16 saylı DNKnun 2V-1/96 reyestr nömrəli xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2004-cü il tarixdə Cavabdeh2 və X3 adlarına qeydiyyatdan keçmişdir. ünvan 4 ünvanda yerləşən 0.0384 ha torpaq sahəsinə dair Cavabdeh2 və X3 adlarına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-14744H nömrəli xx.xx.2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən evin yerləşdiyi torpaq sahəsi xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinə yeni ünvan – ünvan 5akı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi İnşaatçılar küçəsi ev 39) verilmişdir. Hazırda Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi İnşaatçılar küçəsi 25C saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.0384 ha torpaq sahəsi Cavabdeh2 və X3 ümumi birgə mülkiyyətindədir. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-772/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdehlər Cavabdeh2, Bakı şəhər 16 saylı dövlət notariat kontoru və və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin hissəvi etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi, miras əmlakda paynı tanınması, yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın verilməsi tələblərinə dair iddiasının rədd edilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5291/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-772/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Notariat işi qovluğunda olan: -V -ЖГ seriyalı 291394 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində ölmüşdür. -Bakı şəhəri İcra Hakmiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 008487 nömrəli xx.xx.2000-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi X11 adına qeydiyyatdan keçmişdir. -Bakı şəhəri Sabunçu RİHB-nın Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 145 nömrəli xx.xx.2004-cü il tarixli arayışın (forma 2) surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Əsədova Qalina və Cavabdeh2 qeydiyyatdadırlar. -xx.xx.2004-cü il tarixli ərizələrin surətlərindən görünür ki, X6 və Cavabdeh2 Bakı şəhər 16 saylı dövlət notariat kontoruna müraciət edərək xx.xx.1997-ci il tarixdə ölmüş X2 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. -xx.xx.2004-cü il tarixli 2V-İ/96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X1 və Cavabdeh2 adına bərabər paylarla miras əmlak olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçı qeyd olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin cavabdehə nisbətdə etibarsız hesab edilməsini, onun əsasında verilmiş çıxarışın ləğv edilməsini, payının tanınaraq adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarından görünür ki, İddiaçı və Cavabdeh2 qardaşdırlar, onların anaları X6 və ataları X12r. X17 xx.xx.1997-ci il tarixdə ölmüşdür. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan 1964-cü ildə qəbul olunmuş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Adıçəkilən Məcəllənin: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. 556-cı maddəsinə əsasən qanun üzrə və vəsiyyət üzrə vərəsə, miras açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı miras əmlakı nə rəsmi, nə də faktiki qəbul etməmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumumunun xx.xx.2014-cü il tarixli qərarında faktiki sahibklik aşağıdakı kimi əsaslandırılmışdır: Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İddiaçı miras əmlaka faktiki sahiblik və ya faktiki idarə etməsini sübut edə bilməmişdir. Məhkəmə, iddiaçının miras əmlakda atasının öldüyü gündən bəri yaşaması ilə bağlı dəlillərini əsassız hesab edir və bu hal işdə olan sənədlərlə təkzib olunur. Belə ki, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə məlumatlara əsasən sonuncunun xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikasında olmadığı müəyyən olunur. İddiaçı atasının ölümündən sonra notariat kontoruna müraciət etməmişdir. Anası və qardaşı tərəfindən aldadıldığına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edildiyi kimi, miras əmlak mülkiyyət hüququ üzrə iddiaçının atasının adına onun ölümündən bir neçə il sonra keçmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, X17 xx.xx.1997-ci il tarixdə ölən zaman iddiaçının anası tərəfindən əmlakı öz adına keçirməsi barədə aldadılması ağlabatan deyil, çünki qeyd edildiyi kimi, miras əmlak o zaman mülkiyyət hüququ üzrə ölənin adında olmamışdır. Bundan başqa, iddiaçı bilməli idi ki, miras əmlakın bir vərəsənin adına keçməsi üçün digər vərəsələrin miras paylarından imtina etməsi lazımdır. Lakin iddiaçı belə bir imtinanı rəsmiləşdirməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı hətta miras əmlaka atasının ölümündən sonra sahiblik və idarə etməyə başlamış olsa belə, hazırkı iddianı qaldırmaq üçün iddia qaldırıldığı günə qədər sahiblik və idarə etmə davam etməli idi. İddiaçı isə xx.xx.2002-ci il tarixdən Rusiya Federasiyasının vətəndaşıdır, 2006, 2007, 2017 və 2021ci illər ərzində qısa müddətdə Azərbaycan Respublikasında olmuş, daha sonra ölkəni tərk etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin hissəvi etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakda payın tanınması, yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ərizə rədd edildiyindən, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin hissəvi etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakda payın tanınması, yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-566/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-566/2023
02.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver