Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5731/2024 05.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi vəkili Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 12B nömrəli mənzildən cavabdehin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ruhulla Axundov küçəsi ev 10-da yerləşən 12B nömrəli mənzil xüsusi mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin verdiyi çıxarışa əsasən tərəflərin mülkiyyət hüququ **********23-05101-093043 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdehin mənzildə yaşaması səbəbindən mülkiyyətçi, mənzilin ona məxsus olmasına rəğmən xüsusi mülkiyyət hüququndan tam istifadə edə bilmir, sərəncam və sahiblik hüququ kifayət dərəcədə məhdudlaşır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 4 saylı ASAN Xidmət tərəfindən verilmiş AR DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından göründüyü kimi, o, anası X1 ilə birlikdə yaşayır və hər ikisi mənzildə qeydiyyatdadırlar. Cavabdeh isə o biri mənzildə qeydiyyatda və yaşamalı olduğu halda burada yaşayır, daim münaqişə yaradır, onu və anasını vurur. İddia ərizəsinə əlavə edilmiş AR DİN BPQMİ-nin MAPS şöbəsinin arayışından görsənir ki, Cavabdeh Sabunçu rayonu Bakıxanov qəsəbəsi Axundov küçəsi ev 10 mənzil 12-də qeydiyyatdadır. Həmin mənzil oğlu X3 məxsusdur. İddia ərizəsinə əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 noyabr 2013-cü il tarixli 1(008)-404/2013 saylı hökmündən görünür ki, Cavabdeh zərərçəkmiş Məmmədova (Binnətova) Fatma Məhərrəm qızına xəsarət yetirdiyinə görə AR CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş və məhkəmə onun barəsində ittihamedici hökm çıxarmışdır. İddia ərizəsinə əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2015-ci il tarixli 1(008)-267/2015 saylı hökmündən görünür Cavabdeh zərərçəkmiş Məmmədova (Binnətova) Fatma Məhərrəm qızına xəsarət yetirdiyinə görə AR CM-nin 128-ci maddəsi ilə təkrarən məsuliyyətə cəlb olunmuş və məhkəmə onun barəsində ittihamedici hökm çıxarmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili Vəkil1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, ev naturada bölünmüşdür, giriş çıxışları ayrıdır. Daim mübahisə edirlər, polisə dəfələrlə şikayət olunmuşdur. 2 oğlunun ayrı evləri vardır, qaldığı ev böyük və geniş evdir. Cavabdeh barəsində 2 dəfə hökm çıxarılmışdır. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək cavabdehin başqa yaşayış yerinin olmadığını bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək hazırda Maqomayev küçəsində tək başına yaşayır. Oğlanları ilə qalmağı mümkün deyildir, ailəsi böyükdür, ev isə kiçik. Heç vaxt qızını döyməmişdir. 500 manat kiyarə haqqı verir. İş materiallarında olan Azərbaycan Respublikasının “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakixanov qəsəbəsi R.Axundov küçəsi ev 10 mənzil 12B (yeni qaydalarla – ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(008)-404/2013 nömrəli hökmündən görünür ki, Cavabdeh AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, 250 manat məbləğində cərimə edilmişdir. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(008)-267/2015 nömrəli hökmündən görünür ki, Cavabdeh AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-84/2019 nömrəli qiyabi qətnamədən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Axundov küçəsindəki 10 saylı evin 12 saylı mənzilinin mülkiyyətçisi olduğu 17.26 kv.m 1 otaq, 18 kv.m yardımçı sahə və eyvan naturada ayrılaraq İddiaçı və 15.67 kv.m 1 otaq və eyvan naturada ayrılaraq X2 mülkiyyətinə verilməsi qərara alınmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehin qızıdır, mübahisəli ev əvvəl cavabdehə məxsus olmuş, daha sonra evi naturada bölərək bir hissəsini iddiaçıya bağışlamışdır. İddiaçı mübahisəli evin bağışlanmış hissəsinə mülkiyyət hüququnu qeydiyyatdan keçirmiş, çıxarış əldə etmişdir. O, anası ilə birlikdə həmin evdə yaşayır. Eyni zamanda məhkəmə araşdırılması zamanı tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, cavabdeh evin İddiaçı məxsus hissəsində yaşayır. İddiaçı cavabdehin ona məxsus evdə yaşayaraq mülkiyyət hüquqlarını pozduğunu iddia edir və onun həmin mənzildən çıxarılmasını tələb edir, işin mübahisəli halı cavabdehin evə dair istifadə hüququnun olub-olmamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sadalanan normalardan və iş üzrə müəyyən edilmiş hallardan görünür ki, mübahisəli ev əvvəl cavabdehə məxsus olmuş, daha sonra ev naturada bölünərək bir hissəsi cavabdeh tərəfindən iddiaçıya bağışlamışdır. Cavabdeh tamhüquqlu mülkiyyətçi olaraq əşya barəsində sərəncam vermiş, onu iddiaçıya bağışlayaraq özgəninkiləşdirmişdir. Beləliklə, əşyaya dair mülkiyyət hüququnun ehtiva etdiyi bütün səlahiyyətlər, istifadə hüququ da daxil olmaqla İddiaçı keçmişdir. Cavabdehin həmin evdə iddiaçının razılığı olmadan yaşaması, mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olması əsassızdır. Cavabdeh mübahisəli evin orada yaşaması şərti ilə İddiaçı bağışlanmasına dair gətirdiyi əsasa qarşı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Göründüyü kimi, bağışlama müqaviləsində şərt nəzərdə tutula bilər. Lakin hazırki işdə tərəflər arasında olan bağışlama müqaviləsində cavabdehin iddia etdiyi şərtin nəzərdə tutulduğunu təsdiq edən sübut təqdim etməmişdir. Ona görə məhkəmə həmin etirazı əsassız hesab edir. Beləliklə, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən 12B nömrəli mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 12B nömrəli mənzildən çıxarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-5731/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5731/2024
05.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver