Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5762/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1966-ci il tarixdə X6 ilə X4 arasında 4 saylı Bakı Dövlət Notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi üzrə Bakı şəhəri,Yeni-Raman qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə dair aparılmış notariat əməliyyatının həmin ünvanda yerləşən 3 "A” saylı evlə aparılması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yeni-Raman qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3 №-li fərdi yaşayış evi üzrə xx.xx.1966-ci il tarixdə X6 ilə həyat yoldaşı X4 arasında 4 saylı Bakı Dövlət Notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmış, lakin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını əldə etmədən 1995-ci ildə vəfat etmişdir. Ərindən qalmış miras evə vərəsəlik işinin açılması ilə əlaqədar Bakı şəhəri 4 saylı Notariat ofisinə müraciət etmişdir. Notariat ofisi tərəfindən“Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən Ərizəçi hüququn ölmüş şəxsə (X1) məxsus olması haqqında arayışın verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli 58 №-li məktub ünvanlanmışdır. Həmin məktub və digər sənədlərlə birlikdə Əmlak Xidmətləri Məkana ərizə ilə müraciət etmiş, lakin ünvanlarda fəqlilik olduğundan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməyi tövsiyyə etmişlər. Bundan sonra o, sözügedən inzibati orqana rəsmi ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilir ki, Bakı şəhəri, Yeni-Raman qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3 "a” saylı fərdi yaşayış evinə dair X5 adına texniki pasport aşkar olunmuşdur. Sözügedən fərdi yaşayış evinin X1 adına keçməsinə dair məlumat arxiv əsaslarında aşkar edilməmişdir. Beləliklə Bakı şəhəri, Yeni-Raman qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi üzrə xx.xx.1966-ci il tarixdə X6 ilə həyat yoldaşı X4 arasında 4 saylı Bakı Dövlət Notariat kontorunda alqı-satqı müqaviləsi bağlanarkən texniki səhvə yol verilmiş, evin ünvanı 3 "A” əvəzinə 3 qeyd olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1939-cu il tarixdə doğulmuşdur, Bakı şəhəri, Ramana qəsəbəsi, Bünyatzadə küçəsi, ev 3-də qeydiyyatdadır (0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). Salnikova (Fesenko) X3 Yuriy Aleksandroviç ilə xx.xx.1963-cü il tarixdə evlənmişdir (010176 №-li evlənmək haqqında şəhadətnamə). X6 ilə X4 arasında xx.xx.1966-ci il tarixdə 4 saylı Bakı Dövlət Notariat kontorunda Bakı şəhəri, Yeni-Raman qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3 №-li fərdi yaşayış evi üzrə alqı-satqı müqaviləsi bağlanmışdır. X4 xx.xx.1995-ci il tarixdə ölmüşdür (İİ-JQ seriyalı 417673 №-li ölüm haqqında şəhadətnamə). Bakı şəhəri 4 saylı Notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli 58 №-li məktubla müraciət edilərək, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən Ərizəçi hüququn ölmüş şəxsə (X1) məxsus olması haqqında arayışın verilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yeni-Raman qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3 "a” №-li fərdi yaşayış evinə dair X5 adına texniki pasport aşkar olunmuş, sözügedən fərdi yaşayış evinin X1 adına keçməsinə dair məlumat arxiv əsaslarında aşkar edilməmişdir. Hazırda ərizəçi alqı-satqı müqaviləsi üzrə Bakı şəhəri, Yeni-Raman qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3 №-li fərdi yaşayış evinə dair aparılmış notariat əməliyyatının həmin ünvanda yerləşən 3 "A” №-li evlə aparılmasının müəyyən edilməsi istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən isə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndi ilə müəyyən edilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün ərizə təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə Bakı şəhəri,Yeni-Raman qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə dair aparılmış notariat əməliyyatının həmin ünvanda yerləşən 3 "A” saylı evlə aparılması hüquqi faktı müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1966-ci il tarixdə X6 ilə X4 arasında 4 saylı Bakı Dövlət Notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi üzrə Bakı şəhəri, Yeni-Raman qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 3 №-li fərdi yaşayış evinə dair aparılmış notariat əməliyyatının həmin ünvanda yerləşən 3 "A” №-li evlə aparılması hüquqi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-5762/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5762/2023
31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver