Məhkəmə qərarları › İş №e-2(008)-578/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-578/2024

26.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-578/2024 26.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları X4, X7 və X11 ilə birlikdə cavabdehlərin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Cavabdeh3 ilə xx.xx.2011-ci il tarixdə Sabunçu Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 3 övladı xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X11 olmuşdur. Birgə nikah dövründə ünvan 1 ünvanında yaşamışdır. Sabunçu rayon bələdiyyəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 257 nömrəli arayışdan görünür ki, 2006-2007-ci illərdə 600 kv2 torpaq sahəsi üzərində tikilmiş, ümumi sahəsi 165 kv2 olan sənədsiz tikili 2009-cu ildən etibarən iddiaçının qayınatası Cavabdeh1 adına bələdiyyədə vergi qeydiyyatına alınmış və iddiaçı da adları qeyd olunan ailə üzvləri ilə birlikdə 2007-ci ildən həmin evdə yaşayır. Tərəflər arasında ailə münasibətləri pozulduğundan Cavabdeh3 xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Sabunçu rayon məhkəməsinə müraciət edərək nikahın pozulması və birgə nikahdan doğulan xx.xx.2007ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı dövründə cavabdehlərlə münasibətləri korlandığı üçün onu və birgə nikahdan doğulan uşaqları məcburi qaydada evdən çıxarmışlar. O evdən qovulan günə kimi cavabdehlərlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən fərdi yaşayış evidə yaşamış və birgə təsərrüfatı idarə etmişlər. İddiaçı Xocalı rayonundan olan məcburi köçkündür. Hazırda onun övladları ilə daimi yaşayış yeri yoxdur. İddiaçının valideynləri də məcburi köçkündür və həmin evdə yerləşmək üçün şərait olmadığından bu günə kimi özünə və birgə nikahdan doğulan uşaqlara yaşayış yeri tapa bilməmişdir. İddiaçı bir neçə dəfə qeyd olunan yaşayış evinə köçmək istəsə də cavabdehlər buna imkan verməmiş, qapının kilidini dəyişmiş, qapını ona və uşaqlara açmamışlar. Nəticədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X1, X7 və X3 rayonu, Sabunçu qəsəbəsi Anaşkin küçəsi 65 ünvanında yerləşən 148 nömrəli tam orta məktəbin şagirdləridir. Cavabdehlərin əməlləri nəticəsində uşaqların hər gün təhsil müəssisəsinə gedib-gəlməsi olduqca çətinləşmişdir və əksər hallarda məktəbə gedə bilmirlər. Bununla da uşaqların təhsil hüquqları kobud şəkildə pozulmuş, keyfiyyətli təhsil almaq hüququndan məhrum olmuşlar. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehlərə mediasiya sessiyasının keçirilməsi ilə bağlı təklif göndərilmiş, xx.xx.2023-cü il tarixdə təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etmədiyindən razılıq əldə edilməsi mümkün olmamışdır. İşin hallarından da göründüyü kimi, iddiaçı övladları ilə birlikdə köçmək istədiyi mübahisəli fərdi yaşayış evində cavabdehlər tərəfindən hüququ pozulduğu günədək yaşamış, sonuncuların qanunsuz hərəkətləri nəticəsində yaşadığı evdən məhrum edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 iddianı qəbul etməyərək, məhkəmədən rədd edilməsini xahiş etdilər. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. 17 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında iddianı müdafiə etdiyini, tərəflər arasında nikahın pozulduğunu, 2007-ci ildən iddiaçı və uşaqları Cavabdeh1 məxsus evdə yaşadıqlarını və bələdiyyə sənədindən bunu görmək olduğunu bildirmişdir. Etiraza münasibət olaraq bildirib ki, etiraz heç bir hüquqi fakta söykənmir, iddiaçı uşaqları ilə birlikdə həmin evdən qovulmuşdur. İddiaçı izahatında bildirmişdir ki, 2003-cü ildə ailə qurmuş, Dadaşov küçəsində yerləşən evlərinin şəraiti pis vəziyyətdə idi, uşağı dünyaya gəlsə də həmin şəraitə görə vəfat etmiş, daha sonra dövlətə torpaq sahəsi ayrılması üçün müraciət etdiklərini, ikinci övladı dünyaya gələndə onlara torpaq sahəsi ayrıldığını, cavabdehlər mülkün yarısını sataraq indiki qaldıqları evi tikdiklərini və ünvana köçdükdən sonra uşaqları ilə birlikdə yaşadıqlarını bildirmişdir. Həmçinin torpaq sahəsi heç kimin adına olmadığını, işıq və su sayğaclarının onun adına olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında torpağı özünün aldığını, iddiaçının 2004-cü ildən ona məxsus olan ünvan 1 ünvanında evinə gəlin gəldiyini, daha sonra oğlu evin kommunal borclarını ödəməkdə çətinlik çəkdiyindən 2009-cu ildən onların yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə gətirdiyini və 2023-cü ilin dekabr ayına kimi orada yaşadıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında əvvəl Dadaşov küçəsində yaşadıqlarını, dolanmaq mümkün olmadığından Əliyar Əliyevdə yerləşən evə köçdüklərini, həmin ünvanda 2023-cü ilə kimi yaşadıqlarını və evi 2005-ci ildə atasının tikdiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinin arayışdan görünür ki, Cavabdeh3 və İddiaçı nikahları xx.xx.2011-ci il tarixdə Sabunçu Rayon Qeydiyyat Şöbəsində 56 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinin arayışdan görünür ki, X4 25 iyun 2007-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2007-ci il tarixdə Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 2344 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh3, anası İddiaçıdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinin arayışdan görünür ki, X7 15 iyul 2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2009-cu il tarixdə Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 641 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh3, anası İddiaçıdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinin arayışdan görünür ki, X11 21 yanvar 2011-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2011-ci il tarixdə Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 1296 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh3, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Sabunçu Bələdiyyəsinin 01 sentyabr 2023-cü il tarixli 257 nömrəli məktubuna əsasən Sabunçu bələdiyyəsinə daxil olmuş 334/23/02 saylı 25 avqust 2023-cü il tarixli sorğunuza əsasən İddiaçı adına torpaq sahəsi ayrılması barədə bələdiyyədə heç bir sənəd aşkarlanmadı. Lakin 2006-2007-ci illərdə 600 kvm torpaq sahəsi üzərində tikilmiş 165 kvm sənədsiz tikili olan ev 2009-cu ildən Kəmalənin qayınatası Cavabdeh1 adına bələdiyyədə vergi qeydiyyatına alınmışdır. X2 adları qeyd olunan ailə üzvləri ilə birlikdə 2007-ci ildən həmin evdə yaşayıllar. İş materiallarında olan Sabunçu Bələdiyyəsi tərəfindən tərtib edilən 28 avqust 2023cü il tarixli aktdan görünür ki, Sabunçu bələdiyyəsi üzrə Gender bərabərliyi komissiyasının sədri H.Nəcəfov, komissiya üzvü T.Yaqubova, müfəttiş Ç.Hacıyev, ünvan 4 ünvanında qeydiyyatsız yaşayan İddiaçı və həyat yoldaşı Cavabdeh3 iştirakı ilə bu akt tərtib edilib ondan ötəri ki, 1985-ci ildə Ermənistan Respublikası Quqark rayonunda anadan olmuş, hazırda Cavabdeh3 ilə rəsmi nikahda olan İddiaçı bələdiyyəyə ünvanladığı şikayət ərizəsi əsasında Kamilə Fərhad qızı və İsmayıl Valeh oğlu bələdiyyəyə dəvət olunublar. Onlarla ayrı-ayrılıqda söhbət aparılıb. Məlum olub ki, Kamilə ilə İsmayıl 2003-cü ildə ailə qurublar. 2007-ci ildə ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında inşa etdikləri sənədsiz tikili olan evdə yaşayıllar. Onların bu nikahdan 3 uşağı vardır. Lakin ailə-məişət zəmnində yola getmirlər. Tərəflər artıq boşanmaq üçün məhkəməyə müraciət ediblər. İş materiallarında olan "xxxx" ASC-nin bildirişindən görünür ki, A180802770M1 nömrəli sayğac abonent İddiaçının adınadır. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ilə mürcaiət edərək, İddiaçı uşaqları ilə birlikdə cavabdehlərin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Əliyar Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və yamüqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin mübahisəli tikili ilə bağlı münasibətləri 2009-cu ildə yaranmışdır. İddiaçı, Cavabdeh3 və övladları 2009-cu ildən 2023-cü ilin dekabr ayına kimi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev (Rəsulzadə) küçəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Tərəflər 2009-cu ildən mübahisəli tikilidə yaşamaqla birgə təsərrüfat aparmışlar. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. Cavabdehlər hazırda mübahisəli tikilidə yaşasa da, iddiaçı mübahisəli tikilidə yaşamır, cavabdeh idiaçının həmin tikilidə yaşamasına etirazını bildirir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli tikili özbaşına tikili stastusunda olmaqla üzərində tərəflərin və ya hər hansı üçüncü bir şəxsin hüquqları qeydə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, özbaşına tikililərə münasibətdə köçürülmə, çıxarılma, istifadə qaydasının müəyyən edilməsi və s. mübahisələri tənzimləyən konkret hüquq norması olmadığından hazırki mübahisə qanunun analogiyası tətbiq edilməklə həll edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi əsasları Mülki Məcəllənin 180.3-cü maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin iş materiallarından mübahisəli evin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olması müəyyən edilmir. Eyni zamanda, cavabdeh mübahisəli evin onun və ya ailəsi tərəfindən və məhz ona məxsus vəsait hesabına əldə edilməsinə, həmin evə mülkiyyətçi kimi təkçə onun qanuni gözlənti hüququnun olmasına istinad etsə bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, beləliklə də mübahisələndirilən fədri yaşayış evinin, evin yerləşdiyi torpaq sahəsinin onun vəsaiti hesabına əldə edilməsi halı da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, mübahisəli evə aid kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin iddiaçı tərəfindən bağlanması, müvafiq abonent cədvəllərinin onun adına tərtib olunması da tərəflərin xx.xx.2011-ci il tarixdə nikah münasibətlərinə daxil olduqları nəzərə alınsa, ağlabatandır və bu sənədlər məhkəmə tərəfindən müəyyən edilmiş halları təkzib etmir. Bundan başqa qeyd edilməlidir ki, özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olmayan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Beləliklə, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev (Rəsulzadə) küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malikdir. Belə ki, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş yaşayış sahəsindən istifadə hüquqları ilə bağlı münasibətləri birbaşa tənzimləyən qanun norması olmadığı üçün oxşar normaların analogiya qaydasında tətbiq olunması ilə mübahisənin həlli qanunvericiliyin tələbinə uyğundur və oxşar norma olaraq analogiya qaydasında, evin 2009-cu ilə təsadüf etdiyindən, halhazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi əsas götürülməlidir. Bununla əlaqədar məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. İş üzrə İddiaçı, övladları X4, X7 və X13 ilə birlikdə köçmək istədikləri özbaşına tikilidən yaşayış sahəsi kimi 2009-cu ildən 2023-cü ilin dekabr ayına kimi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev (Rəsulzadə) küçəsində yerləşən fərdi yaşayış evində yaşayıblar. Həmçinin iddiaçının övladları ilə birlikdə həmin yaşayış sahəsinə ehtiyacı olması müəyyən edilmişdir. İddiaçının başqa yaşayış yeri mövcud deyil və onun yuxarıda qeyd olunan mübahisəli evdə yaşaması müəyyən edilmişdir. Bü cür vəziyyətdə yaşayış sahəsinə ehtiyyacı yarandığı üçün cavabdehlərin yaşadığı evə köçürülməsi zərurəti yaranmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X10rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdə yaşamasına cavabdeh tərəfindən maneə yaradılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və o mübahisəli evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı, övladları X4, X7 və X13 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən cavabdehlərin yaşadığı fərdi yaşayış evinə köçürülsün. 50 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar