Məhkəmə qərarları › İş №e-2(008)-5808/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5808/2024

26.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5808/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, ərizəçinin nümayəndəsi X3 iştirakı ilə Ərizəçi "atası X2 1945-ci ilin aprel ayından ölmüş elan edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi "1945-ci ilin aprel ayında X8 xəbərsiz itkin düşmüş atası Cəfərov Sabir bəy Cəfər Qulu oğlunun ölüm faktının müəyyən edilməsi və atasının adına ölüm şəhadətnaməsinin verilməsi" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, atası Sabir bəy Cəfər Qulu oğlu 14 aprel 1915-ci ildə Bakı şəhərində anadan olmuş, 1945-ci ilin aprel ayında X8 xəbərsiz itkin düşmüşdür. Sabir bəy Cəfər Qulu oğlunun harada dəfn olunması məlum deyil. Arxivdə Sabir bəy Cəfər Qulu oğlunun ölümü haqqında məlumat aşkarlanmamışdır. Ölüm şəhadətnaməsini almaq üçün qeydiyyat şöbəsinə müraciət etdiyində ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına biləcəyi bildirilmişdir. Atasının ölümü haqqında şəhadətnamə müəyyən məsələləri həll etmək üçün tələb olunur. Bundan sonra Ərizəçi məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək "atası X2 1945-ci ilin aprel ayından ölmüş elan edilməsi" barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə ərizəni qismən əsaslı hesab edir. Müəyyən edildi ki, X4 14 aprel 1915-ci ildə anadan olmuşdur. Onun atası Cəfərqulu Baxışəli oğlu, anası isə Nazıxanım Zeynal qızı olmuşdur. Cəfərov Sabirbəy xx.xx.1939-cu ildə Fatmaxanım Kamil qızı ilə nikah bağlamış və 1940-cı ildə onların X6 adlı övladı doğulmuşdur (hazırkı iş üzrə ərizəçi). X6 xx.xx.1957-ci ildə X10 ilə nikaha daxil olduqdan sonra Vahabova soyadını götürmüşdür. X4 1945-ci ilin aprel ayında X8 vətən uğrunda döyüşlərdə hərbi anda sadiqlik, qəhrəmanlıq və cəsarət nümayiş etdirərək xəbərsiz itkin düşmüşdür. Həmin vaxtdan etibarən onun haqqında məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-TA/2-X-73-6-96/2024 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Balaxanı kənd məscidinin sənədlərində Sabir bəy Cəfərqulu oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuş, doğum tarixi xx.xx.1915-ci il, atası Cəfərqulu Baxışəli oğlu, anası Nazıxanım Zeynal qızıdır. İşdə olan Bakı Şəhəri Lenin Rayon Hərbi Komissarlığının bildirişindən görünür ki, Cəfərov Sabir 1945-ci ilin aprel ayında X8 vətən uğrunda döyüşlərdə hərbi anda sadiqlik, qəhrəmanlıq və cəsarət nümayiş etdirərək xəbərsiz itkin düşmüşdür. İşdə olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-641/2024 nömrəli məktubundan görünür ki, Ərizəçi xx.xx.1915-ci ildə anadan olmuş atası Sabirbəy Cəfərqulu oğlunun 1945-ci ilin aprel ayında X8 xəbərsiz itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi üçün müraciət etmiş, həmin Şöbə isə cavabında şəxsin ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməli olduğunu bildirmişdir. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 133 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanından X9 göndərilmiş Sabirbəy Cəfərqulu oğlu barədə qəsəbə nümayəndəliyində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsində deyilir ki, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə görə, bu Məcəllənin 41.1 və 41.2ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Məhkəmə sadalanan normaların tələblərinə uyğun olaraq bu qənaətə gəldi ki, ərizəçinin atası X4 1945-ci ildə X14 zamanı gedən döyüşlərdə xəbərsiz itkin düşdüyünə, bugünədək ondan heç bir xəbər çıxmadığına və onun ölümü qeydə alınmadığına görə o, ölmüş elan edilməlidir. Onun ölmüş elan edilməsi ölümünün qeydə alınması üçün lazımdır. X2 ölüm günü ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə görə, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Şəxs ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə, yaxud hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdükdə isə, məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. X2 hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyü müəyyən olunur, onun həlakının güman edildiyi ay (1945-ci ilin aprel ayı) bəlli olsa da, dəqiq gün bəlli deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə qeyd edir ki, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxsin həlakının güman edildiyi günü müəyyən etmək mümkün olmadıqda ölüm gününün hansı gün sayılmalı olması Mülki Məcəllə ilə birbaşa tənzimlənmir və tətbiq edilə bilən işgüzar adət mövcud deyil. Ona görə qanunun analogiyası üzrə Mülki Məcəllənin 40.2-ci maddəsi tətbiq olunmalı və ölmüş hesab etmə gününün X4 haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günü, yəni 1945-ci il may ayının 01-i müəyyən olunmalıdır. Beləliklə, ərizəçi atası X2 1945-ci ilin aprel ayından ölmüş elan edilməsini xahiş etdiyi halda, məhkəmə onun 1945-ci il may ayının 01-dən ölmüş elan edilməsi barədə qənaətə gəldiyinə görə ərizə qismən təmin edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. X4 xx.xx.1945-ci ildən ölmüş elan edilsin. X1 ölüm gününün 1945-ci ilin aprel ayı sayılması hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X16.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar