Məhkəmə qərarları › İş №e-2(008)-587/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-587/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-587/2023 10.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh akt vurulmuş 885.60 manat zərərin, 2915.63 manat cari borcun, 152.50 manat yeni tarifə keçidlə əlaqədar yaranmış borcun, cəmi 3453.73 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 300 manat xərcin, ödənilmiş 59 manat dövlət rüsumunun, ümumilikdə 3812.73 manat məbləğində pulun məcburi qaydada tutularaq İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində D-4440 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00050 nömrəli abonent kodu verilmişdir. Cavabdeh bağlanmış müqavilənin, “Qazdan istifadə qaydaları”nın və “Qaz təchizatı haqqında” Qanunun tələbləri pozaraq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885.60 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Cavabdehin qeyd olunan aktdan əlavə olaraq faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sərfiyyat üzrə 2915.63 manat cari borcu, yeni tarifə keçidlə əlaqədar isə 152.50 manat borcu qalmaqdadır. Cavabdeh 500 manat məbləğində ödəniş həyata keçirdikdən sonra İddiaçı İB-nə ödənilməli borc məbləği hazırda AGİS üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 3453.73 manat təşkil etməkdədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, onun evinə işlənmiş sayğaclar quraşdırılmışdır. O, sayğac olmadığı üçün qaz xəttinə qeyriqanuni qoşulmuşdur. İddia ərizəsində qeyd olunan borcu qəbul etmir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış D-4440 nömrəli, xx.xx.2020-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885.60 manat zərər hesablanmışdır. Bundan başqa, cavabdehin sayğac üzrə faktiki istifadə etdiyi təbii qaza görə debitor borcu cəmi 3068.13 (2915.63+152.50) manat təşkil etmiş, sonuncu həmin borcdan 500 manat ödəmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Nizami küçəsində istehlakçı Cavabdeh məxsus saylı evə baxış keçirilərkən abonet kodu **********00050 olan abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Beləliklə, işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Cavabdeh tərəfindən bu Qaydaların tələbləri kobud surətdə pozulmuş, qaz sayğacından kənar qeyriqanuni təbii qazdan istifadə olunmaqla iddiaçıya xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885.60 manat zərər vurulmuşdur. Bundan başqa, cavabdeh sayğac üzrə faktiki istifadə etdiyi təbii qaza görə iddiaçıya olan cəmi 3068.13 (2915.63+152.50) manat debitor borcundan 500 manat ödəmişdir. Hazırda cavabdehin ödənilməmiş debitor borcu 2568.13 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885.60 manat dəymiş zərər, 2568.13 manat ödənilməmiş debitor borc olmaqla, cəmi 3453.73 manat məbləğində pul vəsaitinin tutulması hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, pozulmuş hüquqların bərpası ilə çəkilmiş xərcin tutulması hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, İddiaçı pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin tutulmasını tələb etsə də, həmin xərcə dair məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 59 manat məbləğində dövlət rüsumunun 54.53 manatı Cavabdeh alınıb iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 885.60 manat dəymiş zərər, 2568.13 manat ödənilməmiş debitor borc olmaqla, cəmi 3453.73 manat borc və 54.53 manat dövlət rüsumu, ümumilikdə 3508.26 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı hesabına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar