Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5976/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "vurulmuş maddi ziyanın əvəzi olaraq 9443,5 manat, ödənilmiş 60 manat mediasiya xərcinin və 99 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "vurulmuş maddi ziyanın əvəzi olaraq 9443,5 manat, ödənilmiş 60 manat mediasiya xərcinin və 99 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən, baş satıcı vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən, administrator vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə "Tam maddi məsuliyyət haqqında müqavilə" bağlanmışdır. İddiaçının xx.xx.2023-cü il tarixli 161x nömrəli əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehlə bağlanmış "Tam maddi məsuliyyət haqqında" müqavilənin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. "xxxx" MMC-nin "Növbədənkənar inventarizasiyanın aparılması haqqında" xx.xx.2023-cü il tarixli 1686 nömrəli əmrindən göründüyü kimi, "OBA-Zabrat 4" mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2023cü il - xx.xx.2023-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş "İnventarizasiya nəticələrinə dair akt"a əsasən, cavabdehin iddiaçıya 7548,97 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş "İnventarizasiya siyahısı", "İnventarizasiya nəticələrinə dair akt" və yekun iltizamnamə cavabdeh tərəfindən imzalanmaqla, onun iştirakı ilə aparılmış inventarizasiya prosedurunun və əldə edilmiş nəticələrin, inventarizasiya zamanı tərtib edilmiş rəsmi sənədlərin düzgünlüyünü təsdiq etmiş, habelə qeyd edilən yoxlama ilə bağlı inventarizasiya komissiyasına heç bir iradının olmadığını ifadə etmişdir. "xxxx" MMC-nin "Növbədənkənar inventarizasiyanın aparılması haqqında" xx.xx.2023-cü il tarixli 2181 nömrəli əmrindən göründüyü kimi, "OBA-Zabrat 4" mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvil alan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2023-cü il xx.xx.2023-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş "İnventarizasiya nəticələrinə dair akt"a əsasən, cavabdehin iddiaçıya 3361,04 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş "İnventarizasiya siyahısı", "İnventarizasiya nəticələrinə dair akt" və yekun iltizamnamə cavabdeh tərəfindən imzalanmaqla, onun iştirakı ilə aparılmış inventarizasiya prosedurunun və əldə edilmiş nəticələrin, inventarizasiya zamanı tərtib edilmiş rəsmi sənədlərin düzgünlüyünü təsdiq etmiş, habelə qeyd edilən yoxlama ilə bağlı inventarizasiya komissiyasına heç bir iradının olmadığını ifadə etmişdir. "xxxx" MMC-nin "Təbii itki normalarının tətbiqi haqqında" xx.xx.2023-cü il tarixli 349 nömrəli əmrindən göründüyü kimi, mağazada keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkar edilmiş yekun nəticələrin "təbii itki normaları" çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs olan cavabdehdən tələb olunması tapşırılmış, təbii itki norması satış dövriyyəsinin 0,25 faizi miqdarında müəyyən edilmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli maliyyə arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdehnın yekun olaraq qalıq borcu 9443,5 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etməyərək bildirmişdir ki, o, iddiaçıya məxsus əmlakı mənimsəməmiş və hər hansı üsulla iddiaçıya maddi ziyan vurmamışdır. Mağazada onunla birlikdə Aynur adlı satıcı da işləmiş və o, işdən çıxarıldıqdan sonra mağazanın videoçəkilişlərini əldə edib baxdıqda mənimsəmənin həmin satıcı tərəfindən edildiyini öyrənmişdir. Lakin iddiaçıdan dəfələrlə tələb etməsinə baxmayaraq, həmin satıcı ilə bağlı araşdırma aparılmamış və polisə müraciət edilməmişdir. Yoxlama sənədlərini isə o, bu səbəbdən imzalamış və hətta borcu hissə-hissə ödəməyə razılaşmışdır ki, işdən çıxarılmasın və maaş ala bilsin, maaşın bir hissəsini iddiaçıya ödəsə də, qalanı ilə ailəsini dolandıra bilsin. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehin məsul olduğu mağazalara iki dəfə yoxlama keçirilmiş, nəticədə məhsul çatışmazlığı aşkar edilmişdir. Cavabdeh yoxlama sənədlərini imzalamaqla borcu etiraf etdiyinə görə mağazada yerləşdirilmiş kameraların yazılarına baxılmamışdır. Mağazada mənimsəmənin başqa bir satıcı tərəfindən edilməsinə gəldikdə isə cavabdeh özü bununla bağlı polisə müraciət edə bilər. Cavabdeh tam maddi məsuliyyət haqqında müqavilə imzaladığına görə mənimsəmə edib-etməməsindən asılı olmayaraq məsuliyyəti özü daşıyır, bu səbəbdən iddiaçının polisə müraciət etmək fikri yoxdur. Bundan sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatların yekun çıxış kimi qəbul edilərək tələbin təmin olunmasını xahiş etmişdir. Ona görə də sonuncu məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci ildə satıcıkassir vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci ildə baş satıcı vəzifəsinə, xx.xx.2022-ci ildə isə administrator vəzifəsinə keçirilmişdir. Cavabdeh iddiaçı ilə xx.xx.2022-ci ildə tam maddi məsuliyyət haqqında müqavilə bağlamışdır. Cavabdehin məsul olduğu "OBA-Zabrat 4" mağazasında xx.xx.2023-cü il xx.xx.2023-cü il tarixlərində, xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixlərində inventarizasiya aparılmış, nəticədə müvafiq olaraq 7548,97 manat və 3361,04 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. Güzəştlər tətbiq edildikdən sonra cavabdehdən iddiaçı tərəfindən 9443,5 manat məbləğində borc tələb olunur. İşdə olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 683 nömrəli əmrdən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-nin Satış departamentinin satış şöbəsinə xx.xx.2021-ci ildən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli "Əmək müqaviləsi"ndən görünür ki, Cavabdeh "xxxx" MMC-nin Satış departamentinin satış şöbəsinə xx.xx.2021ci ildən etibarən 1 ay müddətinə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 147 nömrəli "Vəzifə dəyişikliyi haqqında" əmrdən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMCnin Satış departamentinin satış şöbəsində xx.xx.2022-ci ildən etibarən baş satıcı vəzifəsinə keçirilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli "Əmək müqaviləsinə əlavə"dən görünür ki, Cavabdeh "xxxx" MMC-nin Satış departamentinin satış şöbəsinə xx.xx.2022-ci ildən etibarən baş satıcı vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 316 nömrəli "Vəzifə dəyişikliyi haqqında" əmrdən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMCnin Satış departamentinin satış şöbəsində xx.xx.2022-ci ildən etibarən administrator vəzifəsinə keçirilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli "Əmək müqaviləsinə əlavə"dən görünür ki, Cavabdeh "xxxx" MMC-nin Satış departamentinin satış şöbəsinə xx.xx.2022-ci ildən etibarən administrator vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli "Maddi məsuliyyət haqqında müqavilə"dən görünür ki, cavabdeh ona etibar edilmiş əmlakı, maddi sərvətlərin tam qayğısına qalmağı, işəgötürənə ziyan vurmamağı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmağı və rəhbərliyə təqdim etməyi öz öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli "Administratorun vəzifə təlimatı"ndan görünür ki, Cavabdeh həmin təlimatla tanış olaraq öz imzası ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli "İnventarizasiya nəticələrinə dair yekun akt"dan görünür ki, cavabdehin məsul şəxs olduğu "OBA-Zabrat 4" mağazada aparılmış növbədənkənar inventarizasiya nəticəsində 7548,99 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli "İnventarizasiya nəticələrinə dair yekun akt"dan görünür ki, cavabdehin məsul şəxs olduğu "OBA-Zabrat 4" mağazada aparılmış növbədənkənar inventarizasiya nəticəsində 3361,05 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 161x nömrəli "İşdən azad haqqında" əmrdən çıxarışdan görünür ki, "xxxx" MMC-nin Satış departamentinin satış şöbəsinin administratoru Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "a" (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən xitam verilmişdir. Həmçinin istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli "Xəbərdarlıq" məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə 9443,5 manat ziyanın ödənilməsi təklif olunmusdur. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli "Arayış"ından görünür ki, cavabdehin işlədiyi dövrdə aşkarlanmış çatışmazlıq məbləğinə güzəştlər tətbiq edildikdən sonra borcun ümumi məbləği 9443,50 manat təşkil edir. Məhkəmə hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 191 (1-ci hissə). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191 (2-ci hissə). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192 (2-ci hissə). Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 203 (1-ci hissə). İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Maddə 203 (2-ci hissə). Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında aşağıdakılar qərara alınmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda aşağıdakı hüquqi mövqeyi ifadə etmişdir: "Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir. ... Qeyd edilməlidir ki, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipi həm əmək münasibətlərinin yaranması, həm dəyişdirilməsi, həm də xitamı ilə əlaqədar bütün mərhələlərinə eyni dərəcədə şamil edilir. Həmin prinsipdən irəli gələrək qanunverici tərəfindən bir sıra münasibətlərin bilavasitə əmək münasibəti hesab edilməsi və həmin münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsi). Xüsusilə də Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.8-ci hissəsinə görə, müqavilədə bu Məcəllənin 10, 77, 112, 179 və 186-cı maddələrində göstərilən məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda, belə müqavilə (münasibətlər) mülki hüquqi müqavilə qaydasında rəsmiləşdirilə bilməz. Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin (ç) bəndinə əsasən isə işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Əmək Məcəlləsinin "İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti" adlanan Vİİİ bölməsinin normaları işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətini, habelə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s. Ümumiyyətlə, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub, işəgötürənin məsuliyyəti isə bundan fərqli olaraq Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən tam xarakter daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda mövcud olması zəruridir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin "b" və "c" bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir ("Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 2011-ci il 15 iyul tarixli Qərar). Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa bütün digər hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinə görə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri). Beləliklə, işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər. Belə ki, Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər." Hazırkı mülki işdə iddiaçı "xxxx" MMC-nin dəlillərindən biri bundan ibarətdir ki, cavabdeh tam maddi məsuliyyət haqqında müqavilə imzaladığına görə maddi ziyana görə məsuliyyəti yalnız o daşıyır. Məhkəmə bununla razılaşmır və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarda ifadə edilmiş hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, işçi ilə işəgötürən arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin mövcudluğu ziyanın vurulmasında işçinin təqsirliliyi prezumpsiyasını yaratmır. Ziyanın işçidən tələb edilə bilməsi üçün, həmin müqavilə mövcud olsa belə, ziyanın vurulmasında işçinin təqsiri işəgötürən tərəfindən sübut olunmalıdır. Tam maddi məsuliyyət haqqında müqavilə, işçinin təqsiri sübuta yetirildiyi halda, yalnız onun maddi məsuliyyətinin həcmini müəyyən etməyə xidmət edir. Lakin iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə ona maddi ziyanın məhz Cavabdeh təqsiri nəticəsində vurulduğunu təsdiq edən sübut təqdim olunmamışdır. İddiaçının təqdim etdiyi sənədlər, o cümlədən inventarizasiya aktları maddi ziyanın kim tərəfindən vurulduğunu deyil, yalnız onun məbləğini və təqribi vaxtını müəyyən etməyə yardım edə bilər. Həmçinin, müəyyən edildi ki, iddiaçı "xxxx" MMC inventarizasiya keçirərək ona ziyan vurulduğunu müəyyən etsə də, cavabdehdən bununla bağlı yazılı izahat tələb etməmiş və almamış, eləcə də dəymiş ziyanla cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni araşdırmamışdır. İddiaçının bir dəlili də ondan ibarətdir ki, Cavabdeh inventarizasiya zamanı tərtib olunan bütün sənədləri imzalamaqla ziyan vurduğunu etiraf etmişdir. Məhkəmə bununla da razılaşmır və qeyd edir ki, əvvəla, həmin sənədlərin heç birində cavabdehin maddi ziyan vurduğunu etiraf etməsinə dair hər hansı müddəa yoxdur, cavabdeh imzaladığı sənədlərdə yalnız mağazada çatışmazlığın aşkar edildiyini təsdiqləmişdir. Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun yuxarda istinad olunan Qərarında işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılmasının istisna edildiyi göstərilmişdir. İşçinin işəgötürənə vurduğu ziyana görə məsuliyyət daşıması məsələsi əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, mülki qanunvericiliyin normaları, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilənin normalarının tətbiq edilməsi yolverilməzdir. Belə olan halda, cavabdeh borcun etirafına dair sənəd imzalamış olsa belə, bu, iddiaçının tələbini təsdiq edən müstəsna bir sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı cavabdehdən maddi ziyanın ödənilməsini tələb etməkdə haqlı deyil, bu səbəbdən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edilmədiyinə görə iddiaçı tərəfindən ödənilmiş 99 manat dövlət rüsumu və 60 manat mediasiya xərci ona aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qət etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "vurulmuş maddi ziyanın əvəzi olaraq 9443,5 manat, ödənilmiş 60 manat mediasiya xərcinin və 99 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi" barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X3.
Məhkəmə qərarları › İş №e-2(008)-5976/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5976/2024
28.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver