Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-613/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 9.355,84 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış xx.xx.2022 - ci il tarixli 20 saylı əmək müqaviləsinə uyğun olaraq, Cavabdeh İnformasiya Texnologiyaları şöbəsində kiçik mütəxəssis vəzifəsində çalışmağa başlamışdır. Bundan sonra, həmin əmək müqaviləsinə xx.xx.2023 - cü il tarixli, 134/K nömrəli xitam əmri ilə xitam verilmişdir. Müqavilənin qüvvədə olduğu müddət ərzində cavabdeh ilə xx.xx.2022 - ci il tarixli 20 saylı tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və bu müqavilə ilə ona informasiya texnologiyaları şöbəsinə təhkim edilmiş əmlak və avadanlıqlar etibar edilmişdir. Bundan sonra, aparılan daxili audit yoxlaması zamanı aydın olmuşdur ki, Cavabdeh olduğu xx.xx.2022 - ci il tarixində alınan, alış və qalıq dəyəri 1.090,32 manat olan 254410, 254411, 254412, 254413 və 254414 barkod nömrəli BİOLGİOSAYAR_8GB_1C7P4ES_HP290 G4 MİCR._HP markalı toplam 5 ədəd 5.451,60 (beş min dörd yüz əlli bir manat altmış qəpik) dəyərində kompüterləri, xx.xx.2022 - ci il tarixdə alınan, alış və qalıq dəyəri 1.952,12 manat olan 254377 barkod nömrəli Laptop Lenovo TP L15 G2 İ5 8G 512G 10P markalı və xx.xx.2022 – ci il tarixdə alınan, alış və qalıq dəyəri 1.952,12 manat olan ******* barkod nömrəli Laptop Lenovo TP L15 G2 İ5 8G 512G 10P markalı toplam 2 ədəd 3.904,24 manat dəyərində noutbukları, ümumilikdə 7 ədəd alış və qalıq dəyəri 9.355,84 manat olan şirkətə məxsus əmlak cavabdeh tərəfindən götürülərək öz evinə aparılmış və sonradan avadanlıqların geri gətirilməsi cavabdehdən tələb olunsa da, geri gətirilməmişdir. Əlavə olaraq, qeyd edilən avadanlıqların ofisdə olmaması aşkar edildikdən sonra cavabdeh ilə əlaqə saxlanılmış və o həmin avadanlıqları proqram yazmaq məqsədi ilə evinə apardığını etiraf etmişdir. Bununla bağlı həmin avadanlıqların Cavabdeh təhvil verilməsi barədə təhvil-təslim aktı tərtib edilmişdir (əlavə edilir). Bundan sonra isə cavabdeh davamlı olaraq işə gəlmədiyi üçün onun əmək müqaviləsinə xx.xx.2023 – cü il tarixli, 134/K nömrəli xitam əmri ilə xitam verilmişdir. Sonradan Cavabdeh olduğu və evində olduğunu bildirdiyi kompyuter avadanlıqlarının geri qaytarılması tələb olunsa da, o müxtəlif bəhanələrlə komputer avadanlıqlarını şirkətə gətirməmişdir. Bununla əlaqədar iddiaçı "xxxx" ASC Bakı şəhəri Səbail rayon Prokurorluğuna müraciət etsə də, Bakı şəhəri Səbail Rayon Prokurorluğunun 04 dekabr 2023 – cü il tarixli №138-c-23 saylı qərarı ilə məsələ üzrə cinayət işinin başlanmasına dair tələb rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, avadanlığı mağazadan aldıqda təhvil alması barədə imza edib, bu o demək deyil ki, həmin avadanlığa nə olacaqsa buna görə o, məsiliyyət daşıyır. Şirkətdə kompyuter otağı çox bərbad vəziyyətdədir, ora hər kəs girir, qapısı açıq olan bir otaqdır, hər kəs oraya daxil olub istədiyini edə bilərdi. Kompyuterlərin biri elə müdirin özünə verilmişdi və o da kompyuteri imza edərək təhvil almamışdı. Mən həmin şirkətdən aldadılaraq ayrılmışam. Mənə verilən vədlərə onlar əməl etmədilər, mənim rəsmiləşdirməmi də düzgün etmədilər, indi isə itən avadanlığın dəyərini mənə yükləmək istəyirlər. Amma bunu sübut edə bilmirlər. Onlar məndən avadanlığı tələb etdikdə, məndə olmadığını bildirdim və kamera görüntülərinə baxmağı da onlara təklif etdim, lakin onlar niyəsə bunu etmədilər. İş materiallarında olan Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh kiçik mütəxəssis vəzifəsinə təyin edilmiş və əmək haqqısı 985,47 manat müəyyən edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Əmək Məcəlləsinin 70.ç. bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. -"xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci ildə bağlanmış "Tam maddi məsuliyyət haqqında müqavilə"nin surətindən görünür ki, Cavabdeh maddi məsul şəxs olaraq ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qəbul etməyi, yalnız əmək funksiyalarının icrası üçün istifadə etməyi və verildiyi andakı vəziyyətinə uyğun olaraq gələcəkdə qoruyub saxlamağı öz üzərinə götürmüşdür. -xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. -xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, Azərbaycan Sənaye Sığorta ASC dəyəri 13860 manat olan 15 ədəd BİLGİSAYAR_8GB_1C7P4ES_HP290 G4 MİCR_HP Bestcomp Group QSC-dən almışdır. -xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 15 ədəd BİLGİSAYAR_8GB_1C7P4ES_HP290 G4 MİCR_HP Cavabdeh tərəfindən təhvil alınmışdır. -9/8046 saylı, xx.xx.2023-cü il tatixli ekspert rəyindən görünür ki, "xxxx" ASC-də yaranmış çatışmazlıq məbləği 7675 manat müəyyən edilir. -"xxxx" ASC-nin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarının surətindən görünür ki, Cavabdeh üzrlü səbəb göstərmədən işə gəlmədiyi üçün iltizamnaməni ona təqdim etmək və ondan izahat almaq mümkün olmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh əmək müqaviləsi əsasında "xxxx" ASC-də kiçik mütəxəssis vəzifəsində, yəni maddi məsul vəzifədə işləmiş, işlədiyi müddət ərzində ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qəbul etməyi, yalnız əmək funksiyalarının icrası üçün istifadə etməyi və verildiyi andakı vəziyyətinə uyğun olaraq gələcəkdə qoruyub saxlamağı barədə müqaviləyə imza etmişdir. İddiaçı tərəfindən 2023-cü ilin aprel ayı üzrə aparılmış invertarizasiya nəticələrinə dair aktlarla müəyyən olunur ki, dəyəri 9355,84 manat olan ümumilikdə 7 ədəd əmlak yoxdur. Mübahisəli hal iddiaçı tərəfindən invertarizasiya nəticəsində müəyyən olunan çatışmazlıqlara görə maddi ziyanın cavabdeh tərəfindən ödənilməli olub-olmamasını müəyyən etməkdən ibarətdir. Məhkəmə hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 191 (1-ci hissə). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191 (2-ci hissə). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192 (2-ci hissə). Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 203 (1-ci hissə). İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Maddə 203 (2-ci hissə). Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında aşağıdakılar qərara alınmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda aşağıdakı hüquqi mövqeyi ifadə etmişdir: "Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir. Qeyd edilməlidir ki, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipi həm əmək münasibətlərinin yaranması, həm dəyişdirilməsi, həm də xitamı ilə əlaqədar bütün mərhələlərinə eyni dərəcədə şamil edilir. Həmin prinsipdən irəli gələrək qanunverici tərəfindən bir sıra münasibətlərin bilavasitə əmək münasibəti hesab edilməsi və həmin münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsi). Xüsusilə də Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.8-ci hissəsinə görə, müqavilədə bu Məcəllənin 10, 77, 112, 179 və 186-cı maddələrində göstərilən məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda, belə müqavilə (münasibətlər) mülki hüquqi müqavilə qaydasında rəsmiləşdirilə bilməz. Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin (ç) bəndinə əsasən isə işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Əmək Məcəlləsinin "İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti" adlanan Vİİİ bölməsinin normaları işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətini, habelə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s. Ümumiyyətlə, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub, işəgötürənin məsuliyyəti isə bundan fərqli olaraq Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən tam xarakter daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda mövcud olması zəruridir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin "b" və "c" bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir ("Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 2011-ci il 15 iyul tarixli Qərar). Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa bütün digər hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinə görə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri). Beləliklə, işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər. Belə ki, Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər." Hazırkı mülki işdə iddiaçı "xxxx" ASC-nin dəlillərindən biri bundan ibarətdir ki, cavabdeh tam maddi məsuliyyət haqqında müqavilə imzaladığına görə maddi ziyana görə məsuliyyəti yalnız o daşıyır. Məhkəmə bununla razılaşmır və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarda ifadə edilmiş hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, işçi ilə işəgötürən arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin mövcudluğu ziyanın vurulmasında işçinin təqsirliliyi prezumpsiyasını yaratmır. Ziyanın işçidən tələb edilə bilməsi üçün, həmin müqavilə mövcud olsa belə, ziyanın vurulmasında işçinin təqsiri işəgötürən tərəfindən sübut olunmalıdır. Tam maddi məsuliyyət haqqında müqavilə, işçinin təqsiri sübuta yetirildiyi halda, yalnız onun maddi məsuliyyətinin həcmini müəyyən etməyə xidmət edir. Lakin iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə ona maddi ziyanın məhz Cavabdeh təqsiri nəticəsində vurulduğunu təsdiq edən sübut təqdim olunmamışdır. Çünki, məhkəmə prosesində məhkəmə dəfələrlə iddiaçıya cavabdehin təqsirini isbatlayan sübutları məhkəməyə təqdim etməyi təklif etsə də, iddiaçının nümayəndəsi bu halın sübuta ehtiyac olmadığını bildirmiş və maddi məsuliyyət barədə ərizənin artıq maddi ziyanın məhz cavabdehə aid olduğunu göstərmişdir. Halbuki, Cavabdeh işdən çıxdıqdan sonra iddiaçı dərhal kompyuterlərin olmadığını müəyyən etmişdisə, müəssisədə olan kamera görüntülərinə baxış keçirərək, onların sonuncu dəfə hansı vəziyyətdə olması, kim tərəfindən aparılmasını müəyyən edə bilərdi. Lakin, iddiaçı elə maddi məsuliyyət barədə ərizənin olmasına arxayın olaraq, onlara dəymiş maddi ziyanın ödənilməsini Cavabdeh tələb edəcəyini düşünmüş və Hacıyevin doğrudan da təqsirli olub olmadığını araşdırmağa cəhd də etməmişdir. Halbuki, Hacıyev “BestComp Group” dan kompyuterləri aldıqda sənədlərə imza edərkən sadəcə alınan kompyuter və digər avadanlıqların təhvil alınmasının həqiqiliyini təsdiqləmişdir. Bu imza gələcəkdə həmin avadanlıqların hər hansısa şəkildə zədələnməsi və sair hal üçün hər zaman məsuliyyət daşıyacağını ehtiva etmirdi. Çünki, maddi ziyanın işçi tərəfindən vurulması zamanı hər bir halda işçinin təqsiri də hər bir halda müəyyən olunmalıdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı cavabdehdən maddi ziyanın ödənilməsini tələb etməkdə haqlı deyil, bu səbəbdən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 350-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-613/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-613/2025
11.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver