Məhkəmə qərarları › İş №e-2(008)-6219/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6219/2025

30.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6219/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X1 qarşı "cavabdehlərin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində yerləşən 18 nömrəli evin 15 nömrəli mənzilə dair əmlak hüquqularına xitam verilməklə mənzildən çıxarılması; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada mülkiyyət hüququna xitam veriləcək mənzilin əvəzi olaraq bina A2, mərtəbə 6, mənzil 26, 2 otaqlı, 42,05 kv.m, 20% (8,41 kv.m.) və 9,54 kv.m əlavə olmaqla, cəmi 60 kv.m yeni mənzillə təmin edilməsi, cavabdehlərin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılaraq mənzilin boşaldılması, cavabdehlər mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 450 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçının üzərinə qoyulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC Cavabdeh1 qarşı "cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində yerləşən 18 nömrəli evin 15 nömrəli mənzilə dair əmlak hüquqularına xitam verilməklə mənzildən çıxarılması, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada mülkiyyətinə xitam veriləcək mənzilinin əvəzi olaraq 42,05 kv.m və 20% əlavə olunmaqla (8.41 kv.m), cəmi 50.46 kv.m mənzillə təmin edilməsi, cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılaraq mənzilin boşaldılması, cavabdehlər mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçının üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci ildə dövlət qeydiyyatına alınmışdır. Nizamnaməsinə əsasən, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən, xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-744/2022 nömrəli xx.xx.2022-ci il tarixli lisenziyaya əsasən, "Tikintisinə icazə tələb olunan bina və qurğuların tikintiquraşdırma işlərini" aparmaq icazəsi iddiaçıya müddətsiz verilmişdir. Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun xx.xx.2022-ci il tarixli 161 nömrəli sərəncamına əsasən, Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,0858 ha torpaq sahəsində qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülkiyyət münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında iddiaçının istifadəsinə verilməsi qərara alınmışdır. Sonradan bu sərəncam əsasında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,0858 ha torpaq sahəsinin yerquruluşu planı tərtib edilmiş və təsdiq edilmişdir. Həmçinin, "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşiq Alı va Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəyinə əsasən, vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, biolojı zədələnmələr müşahidə olunması təsdiq edilmişdir. Ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yaranmış, pilləkən va balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcudluğu halı, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtüklərinin yararsız vəziyyətdə olması göstərilmişdir. Şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yaranmışdır. Atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunmuşdur. Bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli deyildir. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilməzdir. Xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmamışdır. Binaların istismar keyfiyyəti aşağı səviyyədədir, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texnikicəhətdən yolverilməz vəziyyətdədir. Yuxarıda göstərilən sərəncama əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrində yerləşən bəzi qəzalı vəziyyətdə olan binaların sökülməsi işləmləri başladığından, artıq mülkiyyətçilərlə razılaşdırılıb müqavilə imzalamaqla onların oradan köçürülməsi prosesinə start verilmişdir. Lakin, hazırkı iddianın mahiyyəti olan məsələ, həmin sakinlərdən olan və iş üzrə cavabdeh mülkiyyətçi Cavabdeh1 şirkətin irəlisürdüyü təkliflə razı olmadığı üçün məhkəmə müstəvisində qaldırılmışdır. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində yerləşən 18 nömrəli evin 15 nömrəli mənzilə sahibik və idarə edir. Onun həmin mənzilə mülkiyyət hüququnu təsdiqləyən sənəd xx.xx.2012-ci il tarixində verilmiş çıxarışdır və həmin sənədə əsasən, mənzilin ümumi sahəsi 42,05 kv.m-dir. Ümumi formalaşmış praktika nəzərə alınaraq, cavabdehin mülkiyyətində olan əmlakın kv.m-ə uyğun olaraq onun 20% əlavəsi verilməklə təklif olunmuş, şirkətin ofisinin fəaliyyət göstərdiyi yerə rəsmi olaraq hər 4 cavabdeh mülkiyyətçilər dəvət edilmiş və onlar məktubu rəsmi olaraq qəbul etmişdir. Sonradan cavabdehlərlə əlaqə saxlanılmış onlar təklif edilən şərtlərlə razılaşmamışdırlar. Hazırda cavabdehlər həmin əmlakdan çıxmaq istəmir. Tərəflər arasında razılaşma olmadığından, bu məsələ məhkəmə müstəvisində həll olunmalı və qanunvericiliyin tələbləri hansı istiqamətdə tövsif edilirsə, o qaydada məhkəmə qərar çıxarmalıdır. İddiaçı sakinləri onlara məxsus olduğu əmlaka uyğun olaraq əmlakla yeni tikiləcək binada təmin etməli və bina tikilənədək onlara müvafiq kirayə haqları ödəməlidir və iddiaçı da bütün digər sakinlərlə artıq razılıq əldə edib, müqavilə imzalayıb və onların hər birinin mənzillərinə müvafiq olaraq aylıq kirayə haqqı ödəməyə başlayıb. İddiaçı tərəfindən sərəncamda müəyyən olunmuş öhdəliklər tam şəkildə icra edilsə də, cavabdehin sərəncamına uyğun müqavilə bağlamaqdan imtina etməsi hazırda bir sıra çətinliklər yaradır. Söküləcək bina qəzalı vəziyyətdədir və oradan köçürüləcək bütün sakinlər vaxtında köçürülməlidir ki, vaxtında da binanın inşasına başlanılsın və müəyyən edilmiş vaxt ərzində şirkət sakinləri yeni tikiləcək bina ilə təmin etsin. Lakin, cavabdehlərin bu cür qanunsuz hərəkətləri və əsassız varlanmaq istəyi, digər sakinlərin hüquqularına xələl gətirir, sərəncamın icrasını gecikdirir və binanın sakinlərinin yaşayışla təmin olunmaq aqibətini sual altına qoyur. Qəbuledilməzdir ki, bir vətəndaşın inadkarlığı, barışmaz mövqeyi və sayğısız, pozucu yanaşması Azərbaycan Respublikası rəhbərliyinə və yerli icra hakimiyyəti strukturlarına qarşı olan təxribatçı, qanunazidd əməlləri ümumi ictimai mənafeyinə xələl gətirir. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və məhkəmədən cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsini, onun və onunla birgə yaşayan şəxslərin həmin mənzildən çıxarılmasını, bunun əvəzində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada cavabdehə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində yerləşən 18 nömrəli evin 15 nömrəli mənzilin əvəzi olaraq 42,05 kv.m və 20% əlavə olunmaqla (8.41 kv.m), cəmi 50.46 kv.m mənzilin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. "xxxx" MMC nümayəndəsi xx.xx.2025-ci ildə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbini "cavabdehin mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində yerləşən 18 nömrəli evin 15 nömrəli mənzilə dair əmlak hüquqularına xitam verilməklə mənzildən çıxarılması, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada mülkiyyətinə xitam veriləcək mənzilinin əvəzi olaraq bina B2, mərtəbə 6, mənzil 28, 42.05 kv.m və 20% əlavə olunmaqla (8.41 kv.m.), cəmi 50.46 kv.m mənzillə təmin edilməsi, cavabdehin və onunla birgə mənzildə yaşayan şəxslərin mənzildən çıxarılaraq mənzilin boşaldılması, cavabdehlər mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçının üzərinə qoyulması" kimi ifadə etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci ildə məhkəməyə yenidən iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbini "cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində yerləşən 18 nömrəli evin 15 nömrəli mənzilə dair əmlak hüquqularına xitam verilməklə mənzildən çıxarılması, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada mülkiyyətinə xitam veriləcək mənzilinin əvəzi olaraq bina A2, mərtəbə 6, mənzil 26, 2 otaqlı, 42,05 kv.m, 20% (8,41 kv.m.) və 9,54 kv.m əlavə olmaqla, cəmi 60 kv.m yeni mənzillə təmin edilməsi, cavabdehin və onunla birgə mənzildə yaşayan şəxslərin mənzildən çıxarılaraq mənzilin boşaldılması, mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 450 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçının üzərinə qoyulması" kimi ifadə etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 və X1 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr qanunvericiliyin tələblərinə uyğun olduğundan məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək, aralarında məhkəmədən kənar qaydada razılıq olsa da bu qeyd olunanların məhkəmə qətnaməsinə qeyd olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh4 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatlarını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Alı küçəsi ev 18 mənzil 15 Cavabdeh1 adına xüsusi mülkiyyət kimi xx.xx.2012-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 161 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquluşu planında göstərilən koordinatlar daxilində yerləşən 10858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompeksinin tikintisi üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. EL-744/2022 nömrəli xx.xx.2022-ci il tarixli lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirməyə "xxxx" MMC-nə icazə vermişdir. EL-744/2022/1 nömrəli xx.xx.2022-ci il tarixli lisenziyanın əlavəsinin surətindən görünür ki, "xxxx" MMC-nə tikintisinə icazə tələb olunan bina və qurğuların tikintiquraşdırma işləri fəaliyyəti üzrə görülməsinə icazə verilən işlərin siyahısına xüsusi torpaq işləri, ankerlərin torpağa bərkidilməsi və binaların "torpaqda divar" üsulu ilə tikilməsi, enmə quyularının və kessonların qurulması, beton və dəmir-beton konstruksiyaların quraşdırılması, metal konstruksiyaların quraşdırılması, ağac konstruksiyaların quraşdırılması, fasad işləri, svay işləri, mühəndis-kommunikasiya və şəbəkələrinin qurulma işləri, hidrotexniki işlər, sualtı texniki işlər, dambaların (torpaq bəndlərin) tikintisi, limanların tikintisi, pirslərin tikintisi, sahilbərkitmə işləri, su anbarları, xüsusi qurğuların tikintisi və quraşdırılması, rezervuarlar və qazholderlər (qaz anbarları), elektrik ötürücü xətləri, sənaye və mülki obyektlərin tikintisi: aşırımı 24 metrədək, aşırımı 24 metr və daha çox, hündürlüyü 65 metrədək, hündürlüyü 65 metr və daha çox, tutumu 5000 nəfərədək, tutumu 5000 nəfər və daha çox işlər daxil edilmişdir. Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X3 Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə 15187 nömrəli xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, bioloji zədələnmələr müşahidə olundu. Ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yaranmışdır. Pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcuddur. Dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yaranmışdır. Atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olundu. Sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edilmişdir. Tikililər əsasən balkonların üstündə yerləşdiyindən binalar əlavə yüklənmişdir. Yaşayış binalarının balkon və dəhlizlərin əksər sahələri müxtəlif təyinatlı otaqlara uyğunlaşdırılmışdır. Bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli deyildir. Mühəndis-kommunikasiya təminatı sistemi (elektrik xətləri, su və kanalizasiya xətləri) fərdi qaydada quraşdırılmışdır. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilməzdir. Xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmamışdır. Yaşayış binalarının istismarı müddətində yükdaşıyan inşaat konstruksiyalarının yenilənməsi, əsaslı təmir işlərinin aparılması müşahidə olunmadı. Binaların istismar keyfiyyəti aşağı səviyyədədir. Yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Qeyd olunan ərazidə qeyri-yaşayış tikililərinin (ticarət, qaraj və s.) tikintisi primitiv şəkildə aparılmışdır. Tikililər əsaslandırılmamış şəkildə inşa edilmişdir. Divar və örtük elementləri müxtəlfcinsli materiallardan yerinə yetirilmiş, elementlərin, nəticədə bütöv tikilinin dayanıqlığı təmin edilməmişdir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdədir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Bakışəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,0858 ha torpaq sahəsinin yerquruluşu planı tərtib edilmiş və təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarında göstərilmişdir ki, «... Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). ... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. ... Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zaman cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir». Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, «...qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. O da qeyd edilməlidir ki, şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla mülkiyyətində olan tikililərə artırılmaların aparılması da özbaşına tikili hesab edilir». Həmin qərardan göründüyü kimi, işin tam və hərtərəfli tədqiq olunması üçün vətəndaşın mübahisəli tikintinin aparılması üçün müvafiq icazə alıb-almaması məhkəmələr tərəfindən araşdırılmalı, tikintinin sifarişçisi olan Rayon İcra Hakimiyyəti işə üçüncü şəxs qismində cəlb edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X3 Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş “Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə” 15187 nömrəli xx.xx.2021-ci il tarixli Rəyə əsasən mübahisəli ünvanda yerləşən yaşayış binasının istismarı müddətində yükdaşıyan inşaat konstruksiyalarının yenilənməsi, əsaslı təmir işlərinin aparılması müşahidə olunmadı. Binanın istismar keyfiyyəti aşağı səviyyədədir. Yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binanın dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Qeyd olunan ərazidə qeyri-yaşayış tikililərinin (ticarət, qaraj və s.) tikintisi primitiv şəkildə aparılmışdır. Tikililər əsaslandırılmamış şəkildə inşa edilmişdir. Divar və örtük elementləri müxtəlfcinsli materiallardan yerinə yetirilmiş, elementlərin, nəticədə bütöv tikilinin dayanıqlığı təmin edilməmişdir. İstər yaşayış binasına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binası və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdədir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 3.0.20-ci maddəsinə əsasən tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. 4.1-ci və 4.2-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. 17-ci maddəsinə əsasən ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016- cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.2019-cu il tarixli, 482 nömrəli Qərarının 4-cü bəndinə əsasən Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti, bu Qərarın 1 -ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirsinlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, «...mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır». Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin 42,05 kv.m təşkil edən 15 nömrəli mənzilinin sökülərək əvəzində onu Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A2 nömrəli binada sahəsi 60 kv.m olan 26 nömrəli təmirli mənzillə təmin etməklə və yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdehə hər ay 450 manat kirayə haqqı ödəməklə, onun mülkiyyət hüququndan məhrum etmir. Belə ki, cavabdehə məxsus mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdədir və binanın hazırkı vəziyyətdə istismarının davam etdirilməsi orada yaşayan sakinlərin həyatı, sağlamlığı və ətraf mühit üçün təhlükəlidir. Artıq iddiaçı tərəfindən mübahisəli mənzilin yerləşdiyi binada yaşayan sakinlərin köçürülməsinə başlanılmışdır. Lakin cavabdehlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin (sakinlərin) hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Digər tərəfdən, cavabdehə məxsus mənzilin sökülməsi onun mülkiyyət hüququndan məhrum edilməsi ilə nəticələnməyəcəkdir. Belə ki, cavabdehin Bakı şəhəri Sabunçu rayonu Aşıq Alı küçəsi ev 18 mənzil 15 nömrəli yaşayış binasındakı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri Sabunçu rayonu Aşıq Alı küçəsi 18 nömrəli yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosialiqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mülkiyyətində olan evin sahəsi 42,05 kv.m-dir, işin hallarından görünür ki, cavabdeh mülkiyyətində olan mənzilə artırmalar etmişdir, lakin sözügedən artırmalara dair qanunla nəzərdə tutulan qaydada icazə almamış, gələcəkdə bu əlavələrin sənədləşməsinə əsas ola biləcək halları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətində olan ümumi sahəsi 42,05 kv.m + 20 faiz (8,41 kv.m) 50,46 kv.m. və əlavə olaraq 9,54 kv.m etməklə, cəmi 60 kv.m mənzilə münasibətdə iddiaçının əvəzləşdirilməsi üçün təklif edilmiş 60 kv.m mənzil ədalətli hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Alı küçəsi ev 18 mənzil 15-ə dair mülkiyyət hüquqlarına xitam verilməli, Cavabdeh1, Cavabdeh4, X4 və onunla birgə yaşayan şəxslər Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Alı küçəsi ev 18 mənzil 15-dən çıxarılmalı, həmin mənzilin əvəzi olaraq Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada cavabdehə bina bina A2, mərtəbə 6, mənzil 26, 2 otaqlı, 42,05 kv.m, 20% (8,41 kv.m.) və 9,54 kv.m əlavə olmaqla, cəmi 60 kv.m təmirli olan mənzillə təmin olunaraq və Cavabdeh1 mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 450 manat kirayə haqqı ilə təmin olunması öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmalı, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci ildə ********** nömrəli mədaxil qəbzi ilə 100 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyinə görə həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi ev 18 mənzil 15-ə dair mülkiyyət hüququna xitam verilsin. Cavabdeh1 və onunla birgə yaşayan şəxslər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 18, mənzil 15-dən çıxarılsın. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi ev 18 mənzil 15in əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada Cavabdeh1 bina A2, mərtəbə 6, mənzil 26, 2 otaqlı, 42,05 kv.m, 20% (8,41 kv.m.) və 9,54 kv.m əlavə olmaqla, cəmi 60 kv.m təmirli olan mənzillə təmin olunsun və Cavabdeh1 mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 450 manat kirayə haqqı ilə təmin olunması öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan electron cabinet vasitəsilə həyata keçirilməlidir. Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar