Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6641/2025 24.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 Seyfəddin oğlunun sədrliyi məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh, eləcə də birgə nikahdan doğulan 26 iyun 2006-cı il təvəllüdlü X3, 02 sentyabr 2008-ci il təvəllüdlü X2 və 24 dekabr 2014-cü il təvəllüdlü X4 tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvandakı mənzildən istifadə hüququna xitam verilməsi və Cavabdeh və birgə nikahdan doğulan 26 iyun 2006-cı il təvəllüdlü X6, 02 sentyabr 2008-ci il təvəllüdlü X5 və 24 dekabr 2014-cü il təvəllüdlü X7 mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları məhkəmə qaydasında pozulmuş və birgə nikahdan anadan olan 26 iyun 2006-cı il təvəllüdlü X3, 02 sentyabr 2008-ci il təvəllüdlü X5 və 24 dekabr 2014-cü il təvəllüdlü X1 üçün hər ay 150 manat məbləğində alimentin tutulması qət edilmişdir. xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” notariat ofisində bağlanmış Razılaşma müqaviləsinin 1.2-ci bəndinə əsasən Cavabdeh ilə aralarında aliment məbləğinin hər uşaq üçün ayda 80 manat, ümumilikdə 240 manat məbləğində ödənilməsi və Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvandakı mənzilin bir otağını yaşamağa təqdim edilməsi barədə razılıq əldə olunmuşdur. Daha sonra Cavabdeh razılaşma Müqaviləsinin şərtlərini pozaraq xx.xx.2024-cü il tarixdə aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün sabit aliment qismində 235, cəmi 705 manat miqdarında alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi məhkəmə tərəfindən təmin edilmişdir. Daha sonra Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli İş № e-2(008)-2644/2025 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək tərəflər arasında xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” notariat ofisində bağlanmış razılaşma Müqaviləsinin ləğv olunması qət edilmişdir. İddia tələbi Cavabdeh “mənzildən çıxarılma” hissəsində təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-3791/2025 saylı qətnaməsi ilə Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli İş № e-2(008)-2644/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı mənzil sahəsinin yeganə mülkiyyətçisidir ki, onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrindəki xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla təsdiq olunur. Cavabdeh nikah münasibətləri dövründə ərarvad kimi birgə yaşamaq əsasında mənzildən istifadə etmişdir. Daha nikah Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulduqdan sonra Cavabdeh həmin mənzildə yaşamaq hüququnun hüquqi əsası xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” notariat ofisində bağlanmış Razılaşma müqaviləsi olmuşdur. Yuxarıda qeyd edildiyi kimi həmin Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)- 2644/2025 saylı qətnaməsi ilə ləğv olunmuşdur. Qeyd edilməlidir ki, nikahın pozulmasından etibarən artıq xeyli müddət (4 ilə yaxın vaxt) keçmişdir. Hazırda cavabdeh mənzildən istifadəni davam etdirsə də, faktiki olaraq bu istifadə zərurət və qanuni əsas daşımır. Bundan əlavə, cavabdehin mənzildən istifadə etməsi iddiaçının şəxsi həyatına müdaxilə yaratmaqda və onun normal yaşayış şəraitinə ciddi maneələr törətməkdədir. Halhazırda iddiaçı yeni ailə həyatı qurmaq niyyətindədir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin ailə həyatı qurmaq, şəxsi həyatını sərbəst şəkildə formalaşdırmaq hüququ onun fundamental hüquqlarından biridir. Cavabdehin mənzildən istifadəsi isə iddiaçının bu hüquqlarının həyata keçirilməsini mümkünsüz edir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququnun xitam olunması üçün qanuni və faktiki əsaslar mövcuddur. Bu baxımdan tərəfinizdən Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsi zərurəti vardır. Mübahisənin məhkəməyəqədər həll edilməsi məqsədilə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq xx.xx.2025-ci il tarixində MŞB/9/2025-00987 saylı iş üzrə ilkin mediasiya sessiyası təşkil edilmişdir. Lakin mediasiya prosesi nəticəsiz qaldığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək cavabdehin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, başqa yaşayış yerinin olmadığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Mülki işin materialları İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, mübahisəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-4708/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaq və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulan uşaqlar ananın himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 150 manat aliment müəyyən edilmişdir. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 2644/2025 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası qismən təmin edilmiş, mənzildən çıxarılma tələbi üzrə iddia tələbi rədd edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3791/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbi üzrə verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. -Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/9/2025-00987 saylı ilkin mediasiya sessiyasından sonra prosesinin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf mediasiya sessiyasının keçirilməsinə razılıq verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən, müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin mövqeyi İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının iddia tələbi üzrə mənzildən çıxarılma tələbinə dair iddiası üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olmaqla, həmin aktlar əsasında iddia tələbinə hüquqi qiymət verilmişdir. Buna görə də iddia tələbi üzrə mənzildən çıxarılma tələbinə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-6641/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xitam verilmişdir. Odur ki, məhkəmə iddia tələbi üzrə yanlız yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə hüquqi qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, işin hallarından göründüyü kimi tərəflər arasında nikah 2006-ci ildə, yəni Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minməzdən qabaq, bağlanmışdır. Odur ki, Konstitusiya Məhkəməsinin xx.xx.2013-cu il tarixli qərarına əsasən iş üzrə mübahisənin maddi hüquqi əsasını Mülki Məcəllənin 228.5ci maddəsi təşkil edir. Həmin maddənin məzmunundan göründüyü kimi, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İşin araşdırılmış hallarına əsasən müəyyən edilir ki, tərəflər arasında 2006-ci ildə nikah bağlanmış və Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-4708/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Odur ki, işin qanuni əsası qismində çıxış edən MM-nin 228.5-ci maddənin işin hallarına tətbiqi əsasında məhkəmə qeyd edir ki, həmin maddənin məzmunundan göründüyü kimi mülkiyyətçinin ailə üzvləri ilə ailə münasibətlərinə xitam verməsi istifadə hüququnun xitamına səbəb olmur və cavabdehin yaşayış sahəsindən istifadə hüququnun qanuni əsası mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticə hissəsi Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X9
Məhkəmə qərarları › İş №e-2(008)-6641/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6641/2025
24.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver