Məhkəmə qərarları › İş №e-2(008)-6804/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6804/2022

11.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6804/2022 11.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilmədən mənzildən istiafadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehnin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarayev küçəsi, 2-ci döngədə yerləşən 6/4 sayl fərdi yaşayış evinə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarayev küçəsi, 2-ci döngədə yerləşən 6/4 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Qeyd edilən ünvanda həmin şəxslə birlikdə ailə üzvləri də yaşayırlar. Hazırki ərizə ilə qeydiyyatının ləğvini istədiyi Cavabdeh iddiaçının qızıdır. Lakin, həmin şəxs artıq 8 ildən çoxdur ki, həmin evdə yaşamır. Cavabdeh ailə qurduqdan sonra başqa ünvana köçməyinə baxmayaraq bu günədək yaşadığı ünvanda pasport qeydiyyatına düşməmişdir. Cavabdeh adıçəkilən yaşayış evində qeydiyyatının qalması İddiaçı üçün əlavə probelmlərin yaranmasına səbəb olmuş və mülkiyyətçi öz mülkiyyət hüquqlarını tam həyata keçirə bilməmişdir. Cavabdehə tərəfindən fərdi yaşayış evi verilmiş və o, bu evi aldıqdan sonra evdə qeydiyyatdan çıxmağa söz versə də sözünə əməl etməmişdir. Belə ki, iddiaçı öz mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu X4 Cavad küçəsi ev 21H ünvanında olan fərdi yaşayış evini və 0.05 ha torpaq sahəsini cavabdehə bağışlamışdır. Bu isə onu deməyə əsas verir ki. cavabdeh artıq istifadə hüququna görə konpensasiyanı əldə etmək hüququnuda itirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilmiş, lakin, o, məhkəmə hazırlıq iclasında bir daha məhkəməyə gəlməyəciyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etmişdir ki, atasının ona qarşı iddia verməyi onu çox dilxor edir, iddianı qəbul edir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, cavabdehin etirafını nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarayev küçəsi, 2-ci döngədə yerləşən 6/4 saylı fərdi yaşayış evi (sonradan – mübahisəli ev) İddiaçının mülkiyyətindədir (MH seriyalı ******* №-li Çıxarış). Cavabdeh həmin evdə qeydiyyatdadır. İddiaçı cavabdehin atasıdır (Vİ-JQ seriyalı 418415 №-li doğum haqqında, AZ-İ seriyalı 083413 №-li nikah haqqında şəhadətnamələr). İddiaçı öz mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu X4 Cavad küçəsi ev 21H ünvanında olan fərdi yaşayış evini və 0.05 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır (xx.xx.2021-ci il tarixli 4Ə-1655 reyestr nömrəli notarial işi). Bakı şəhəri Sabunçu RİHB-nın Ramana Qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 58 № məktubuna əsasən Cavabdeh mübahisəli evdə pasport qeydiyyatındadır, lakin, qonşuların aktına əsasən 2014-cü ildən həmin ünvanda yaşamır. Hazırda iddiaçı cavabdehin mübahisəli evə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi istəyir. Cavabdeh iddianı qəbul edir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvününü yaşayış binasının tərkib hissəsindən istifadə hüqüqüna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququnun əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Qeyd edildiyi kimi, cavabdehin mülkiyyətində ev var. Odur ki, məhkəmə hesab edir ki, onun mübahisəli evə istifadə hüquqlarına xitam verilməsi kompensasiya ödənilmədən mümkündür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 220.4-cü maddəsinin axırıncı cümləsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarayev küçəsi, 2-ci döngədə yerləşən 6/4 sayl fərdi yaşayış evinə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar