Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6849/2024 16.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh direktoru X1, nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, 1068-K nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh kliniki-diaqnostik laboratoriya şöbəsində həkim-lobarant vəzifəsinə bərpa olunması və işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 noyabr 2023-cü il tarixli 1402-K saylı Əmr ilə Cavabdehnə əmək müqaviləsi əsasında kliniki-diaqnostik laboratoriya şöbəsində həkim-lobarant vəzifəsində qəbul olunmuş, 16 avqust 2024-cü il tarixdə 1068-K nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh idarə əmək müqaviləsinə xitam verən zaman Əmək Məcəlləsinin 71, 84 və 300-cü maddələrinin tələblərini pozmuş, onun işə gecikmə hallarına yol verməsinin səbəblərini aydınlaşdırmamış, ona qarşı qərəzli münasibətdə olmaqla, qabaqcadan işdən çıxarmağa nail olmaq üçün məqsədli şəkildə hərəkətlər etmiş, qəbul etdiyi əmrdə onu konkret olaraq hansı intizam pozuntusuna görə işdən azad etməsini əsaslandırmamışdır. İddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi vəkil Nümayəndə1 iddiaçının izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh idarənin nümayəndəsi Nümayəndə2 və Respublika Narkoloji Mərkəzi X4 direktoru X2 iddianı qəbul etmədiklərini, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Cavabdehin nümayəndələri etirazlarını onunla əsaslandırdılar ki, iddiaçı mütəmadi olaraq əmək intizamını pozmaqla işə vaxtında gəlməmiş, ona verilmiş intizam tənbehindən nəticə çıxarmamışdır. İddiaçıya intizam tənbehi verilən zaman əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir. İş üzrə tərəflrəin və onların nümayəndələrinin, şahidlərin izahatlarını, iş materiallarını nəzərə alan məhkəmə belə qərara gəlir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır.
1. İş materiallarından göründüyü kimi İddiaçı işdən azad olunmasına dair iş vərəqəsi 5-də olan əmr ilkin olaraq verilmiş və iddiaçı həmin əmrlə işdən azad edilmiş, onun əmək kitapçasına həmin əmrə əsasən qeydiyyat aparılmışdır. Cavabdehin nümayəndəsinin izahatından aydın olur ki, Səhiyyə Nazirliyinin alt sistemində qeyd edilə bilməməsinə görə sonradan ikinci əmr verilmişdir. Yəni iş vərəqəsi 6da olan əmr tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının işdən çıxarılmasına ilkin olaraq verilmiş iş vərəqəsi 5-də olan əmr əsas olduğundan, həmin əmrin Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğunluğu yoxlanılmalıdır. “Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmunu”nu nəzərdə tutuan Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 84-cü maddəsinin 1-ci hissəsində nəzədrə tutulur ki, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi, işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Müqayisə zamanı müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli əmrdə qanunla nəzərdə tutulmuş bəzi məlumatlar göstərilməmişdir. Belə ki, əmrdə işəgötürənin fəaliyyət göstərdiyi ünvan göstərilməmişdir. İşdən çıxarmağa əsas kimi Əmək Məcəlləsinin 72-ci maddəsi göstərilməsinə baxmayaraq, 72-ci maddənin hansı bəndinə əsasən müqaviləyə xitam verilməsi göstərilməmişdir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsi göstərilsə də, hansı tarixdə törədilmiş intizam pozuntusuna əsasən tənbehin verilməsi göstərilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsinə əsas hesab olunan heç bir rəsmi sənədə istinad olunmamışdır. İddiaçının işə gecikməsi barədə sənədləşmələr aparılmasına baxmayaraq, onun hansı gün baş vermiş intizam pozuntusuna görə işdən azad olunması göstərilməmiş, heç bir rəsmi sənədə istinad olunmamışdır. Məhkəmə qeyd edir ki, sonradan tərtib olunan iş vərəqə 6-da olan əmrdə də, analoji səhvlərə yol verilmişdir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə qərara gəlir ki, İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulan bəzi məlumatlar göstərilmədiyindən, cavabdehin xx.xx.2024-cü il tarixli 1068-K nömrəli əmri etibarlı hesab edilə bilməz və ləğv edilməlidir.
2. İş materiallarından göründüyü kimi işəgötürənin tapşırığına əsasən iddiaçının əmək intizamını pozması, işə gecikməsi halları ilə əlaqədar intizam tənbehi verilməsi üçün əsas ola biləcək 1 (bir) aylıq müddətdə -yəni 16, 18, 21, 22 iyul 2024-cü il tarixlərdə və 5, 6, 7, 9, 12, 13 avqust 2024-cü il tarixlərdə onun iş vaxtından 21, 25, 26, 31, 36 və..s dəqiqə gecikməsi halları qeydə alınmışdır. Lakin, xx.xx.2024-cü il tarixi istisna olmaqla başqa günlər üçün ondan izahat alınmamışdır. xx.xx.2024-cü il tarixində izahat yazan İddiaçı Binəqədi rayonundan işə gəlməsini, yollar müvəqqəti təmirə bağlandığından tıxac yarandığı üçün işə 15 dəqiqə yubanmasını bildirmişdir. İşəgötürən onun izahatında göstərilənləri aydınlaşdırmamış, işə yubanmanın işçinin təqsirindən və yaxud ondan asılı olmayan səbəbdən baş verməsini aydınlaşdırmamışdır. Eləcə də, işəgötürən Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq işçiyə intizam tənbehi verməmişdən əvvəl ondan yazılı izahat almamışdır. İzahat aldığı xx.xx.2024-cü il üçün isə işçinin əmək intizamını qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla pozmasını aydınlaşdırmamışdır.
3. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Cavabdeh idarə işçinin yalnız işə gecikməkdə ifadə olunan hərəkətlərini qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla törətməsini sübut etməmiş, onun yubanmasının işin normal ahəngini pozmasını, mülkiyyətçiyə ziyan vurmasını və..s halları təstiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bununla da əmr verilən zaman Əmək Məcəlləsinin 71-ci maddəsinin də tələbləri pozulmuşdur. Əmək müqaviləsi ləğv edilən zaman Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulmuş şərtlər baş verməmişdir. Cavabdeh belə bir şərtin baş verməsini sübut edə bilməmişdir.
4. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materiallarından göründüyü kimi cavabdeh idarənin baş direktoru vəzifəsini müvəqqəti icra edən F.Sadıqovun tarixi olmayan təqdimatına əsasən İddiaçı əmək intizamını pozmasına dair məsələ müzakirə olunması üçün Həmkarlar ittifaqı komitəsinə göndərilmişdir. Lakin təqdimata heç bir sənəd əlavə olunmamış, konkret olaraq hansı tarixdə baş vermiş intizam pozuntusunun müzakirəyə göndərilməsi göstərilməmişdir. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli protokolundan aydın olunur ki, komitə iclasında hansı əmək pozuntusuna yol verilməsi müzakirə olunmuşdur. Yəni müzakirə olunan intizam pozuntusunun hansı tarixdə baş verməsini müəyyən etmək mümkün olmur. Ona görə ki, təqdimata heç bir sənəd əlavə olunmamış, hansı tarixdə baş vermiş intizam pozuntusunun müzakirəsi bildirilməmişdir. Protokoldan görünür ki, Həmkarlar ittifaqı komitəsinin üzvü E.M.Kazımov çıxış edərək İddiaçı işlədiyi müddətdə kobud səhvə yol verərək, narkotest müayinəsinin nəticəsini akta düzgün yazmamasını göstərmişdir. Hansı ki, həmin məsələ müzakirə predmeti olmamış, Tünzalə Atakişiyevaya həmin əməlinə görə xx.xx.2023-cü il tarixli əmrlə töhmət verilmişdir. Şərh olunanlardan göründüyü kimi işəgötürən tərəfindən əmək məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin tələbləri də pozulmuşdur.
5. Əmək Məcəlləsinin 186-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, işəgötürən intizam tənbehini verərəkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. İş materiallarından müəyyən edilir ki, İddiaçı Binəqədi rayonunda yaşamaqla oradan Maştağa qəsəbəsinə işə gəlir, iddiaçının və şahidlərin izahatından göründüyü kimi onun özünün və valideyinlərinin səhətində problemlər olmaqla ailə vəziyyəti ağırdır. Onun həkim lobarant kimi peşəkarlığından narazılıq yoxdur. Cavabdeh intizam tənbehi tətbiq edən zaman işin bu hallarını da, nəzərə almamışdır.
6. Şərh olunanlardan göründüyü kimi işəgötürən əmək müqaviləsinin ləğv edilmə qaydalarına da əməl etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsində göstərilir ki, Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir. (Elsholz Almaniyaya qarşı iş üzrə , Blucher Çex Respublikasına qarşı iş üzrə, Van de Hurk Hollandiya qarşı iş üzrə qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə iclasında müəyyən edilmiş yuxarda göstərilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh idarə iddiaçını heç bir qanuni əsas olmadan, eləcə də işdən çıxarma qaydalarını pozmaqla qanun pozuntusu ilə işdən azd etmişdir. Şərh olunanları nəzərə alan məhkəmə nəticəyə gəlir ki, iddiaçının pozulmuş hüquqları bərpa olunmalı, cavabdeh idarənin əmri ləğv edilməli, İddiaçı Cavabdeh klinikidiaqnostik laboratoriya şöbəsində həkim-lobarant vəzifəsinə bərpa olunmalı, işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 1068-K nömrəli əmrli ləğv edilsin. İddiaçı Cavabdeh kliniki-diaqnostik laboratoriya şöbəsində həkim-laborant vəzifəsinə bərpa edilsin. İşə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq, iddiaçıya qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ruslan Mirzəliyev